Uzun zamandır ki, müəllimlər üçün sertifikasiyanın keçirilməsi məsələsi müzakirə mövzusudur. Təhsil Nazirliyindən verilən məlumata görə, prosesin bu il reallaşması nəzərdə tutulub. Belə ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, sertifikasiya imtahanının müəllimlərin işə qəbulu müsabiqəsindən sonrakı mərhələdə keçirilməsi nəzərdə tutulur: “Bu il müəllimlər üçün sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur. Bunun hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib. Hər bir halda bu prosesin başlanması barədə qəflətən və anidən qərarlar verilməyəcək, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.
5 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin 2020-ci ildə təsdiqlədiyi qaydalara görə, sertifikatlaşdırmanın sualları təhsilverənlərin tutduğu vəzifə üzrə əmək funksiyasına, peşəsinə (ixtisasına) və tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal-interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid 60 sual təqdim edilir.Test mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir. Sertifikatlaşdırmanın test mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Sertifikatlaşdırmanın test mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir. Əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır. Həmçinin I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır. Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Sertifikatlaşdırmadan keçmiş müəllimlər 5 il müddətində təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.
Beynəlxalq təcrübə nə deyir?
Qeyd edək ki, pedaqoji fəaliyyətlə məşğul olanlanların sertifikatlaşdırılması təcrübəsi müxtəlif ölkələrdə də mövcuddur. Məsələn, qonşu Rusiyada pedaqoji kadrların peşəkar standartına yönəldilmiş sertifikatlaşdırılma sisteminin tətbiqində xarici təcrübədən fəal istifadə olunur. Rusiyada attestasiyanın əsas vəzifələri kimi pedaqoji işçilərin ixtisas səviyyəsinin, onların metodoloji mədəniyyətinin, şəxsi peşə inkişafının, məqsədyönlü, fasiləsiz yüksəldilməsi, onlarda müasir pedaqoji texnologiyalardan istifadənin təşviqi, pedaqoji əməyin səmərəliliyinin və keyfiyyətinin artırılması, pedaqoji işçilərin potensial imkanlarından istifadə perspektivlərinin müəyyənləşdirilməsi və s. müəyyən olunub.
ABŞ-da müəllimlərin sertifikatlaşmasınıı milli standartlar üzrə xüsusi təşkilatlar təşkil edir. Bununla bağlı iki aparıcı təşkilat - Pedaqoqun Peşəkar Standartları üzrə Milli Şurası (National Board for Professional Teaching Standards - NBPTS) və Yeni Müəllimləri Qiymətləndirmə və Dəstəkləmə Regionlararası Konsorsiumu (Interstate New Teacher Assessment and Support Consortium - INTASC) birgə səylərlə müəllimlərin milli standartlarını hazırlayıb. Müxtəlif ştatlarda standartlar və onlara uyğun səriştələrin sayı fərqlidir. Ayrı-ayrı ştatlarda peşəkar inkişaf səviyyələri də fərqli şəkildə müəyyənləşdirilir. NBPTS sertifikatını məktəbdə ən azı 3 il tam iş təcrübəsi olan müəllimlər əldə edə bilərlər. Sertifikatlaşdırma 25 fənn sahəsi və 7 yaş kateqoriyası üzrə aparılır. Sertifikat 5-10 il müddətində qüvvədədir. Müəyyən edilmiş müddət başa çatdıqdan sonra onu yeniləmək olar. Yaponiyada isə sertifikasiya prosesində üç səviyyəli sınaq tətbiq olunur.Birincisi, pedaqoji nəzəriyyə üzrə test, ikincisi konkret fənn materialını dərindən bilmək, metodik bacarıq və səriştələr,üçüncüsü, namizədlə müsahibə, o cümlədən müəllimin kommunikativ səriştələrinin, komandada işləmək bacarığının, peşəkar bacarıqlarının, dəyərli mövqelərinin qiymətləndirilməsindən ibarətdir. Bu model məktəblərdə işləmək üçün müəllimlərin seçilməsini nəzərdə tutur və inzibatı ərazi vahidləri rəhbərləri tərəfindən aparılır.
Almaniyada isə müəllimlik statusu almaq üçün iki mərhələdən keçmək lazımdır. Birincisi, universitetdə təhsil almaq və ilk dövlət imtahanından keçmək, ikincisi, təhsil müəssisəsində təcrübə və ikinci dövlət imtahanından keçmək vacibdir. Məzunların pedaqoji hazırlığını gənc müəllimlərlə işləməkdə mühüm rol oynayan pedaqoji təhsil mərkəzi həyata keçirir. Burada məzunlar dövlət imtahanlarını verir, təcrübə dövründə tam dəstək alır, nəticədə iki prosedurdan ibarət imtahan verirlər: tədris olunan iki fəndən hər biri üzrə bir açıq dərs, tədqiqat və müstəqil yazılı işi. Əgər iddiaçı iki dərs üçün kifayət qədər bal toplaya bilməsə, onda yazılı sınaq işinə və kollokviuma icazə verilmir. Kollokvium müəllim tərəfindən seçilən mövzuda müzakirə, fikir mübadiləsi formatında keçirilir. Bu imtahandan uğurla keçmək üçün namizədlər pedaqoji təhsil mərkəzində hazırlıq kursuna cəlb olunurlar.
Bu sahədə rəqabət artacaq
Məsələyə münasibət bildirən təhsil eksperti, əməkdar müəllim Asif Cahangirov hafta.az-a bildirib ki, da sertifikatlaşdırma prosesi keyfiyyətin yüksəlməsinə müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası konseptual baxımdan tamamilə fərqli prosesdir: “Təhsil daim inkişaf edən sahədir. Bu sistemdə çalışan müəllim müasir tendensiyaları anlamalı, qəbul etməli və ona uyğun olaraq öz peşəkarlıq səviyyəsini yüksəltməlidir ki, müasir çağırışlara cavab verə bilsin. Sertifikasiya zamanı hər bir müəllim müstəqil qiymətləndirilmədən keçirilir, onun biliyi, səriştəsi müəyyən olunmuş qaydada dəyərləndirilir və konkret parametrlər əsasında aparılan qiymətləndirmə nəticəsində onun pedaqoji fəaliyyəti müəyyənləşdirilir. Bu, beynəlxalq praktikada da var. ABŞ-ın bir neçə ştatında 5-7 ildən bir müəllimlər sertifikasiyadan keçirilir. O cümlədən qonşu Gürcüstanda ingilis dilini mükəmməl bilən, imtahan nəticələri yaxşı olan müəllimlər daha çox əməkhaqqı alırlar. Düşünürəm ki, bu sistemi bizdə də tətbiq edilsə, əla nəticələr əldə etmək olar. Bunun məqsədi də ildən-ilə inkişaf edən təhsildə müəllimin zəmanəyə, müasir təhsilə nə dərəcədə uyğun olmasını yoxlamaqdır. Hesab edirəm ki, sertifikasiya təhsilin inkişafına yönəlmiş addım olacaq. Belə ki, bu, ilk növbədə müəllimlərin hazırlıq səviyyəsini və savadını müəyyən edir. Sertifikatlaşma nəticəsində müəllim müəyyən dövr üçün müasir tələblərə cavab verəcək və istənilən məktəbdə işləmək üçün müsabiqələrə qoşula biləcək. Müəllimlik dünyada nüfuzlu sahələrdən biridir. Amma bu sahədə əməkhaqqı azdır. Ümumiyyətlə, müəllimlər dünyanın bir çox ölkələrində az əməkhaqqı alırlar. Düşünürəm ki, bu sahədə çalışan insan yaxşı əməkhaqqı almalıdır ki, işini də keyfiyyətli görə bilsin, gördüyü işdən zövq alsın. Sertifikatlaşma imkan verəcək ki, imtahanda yaxşı nəticə göstərən müəllimlər yüksək əməkhaqqı alsınlar. Bu təklif həm də müəllimlər arasında rəqabəti artıracaq”.