Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində təxminən 30 il əvvəl beton pyedestal üzərində gipsdən qoyulmuş büst yararsız vəziyyətə düşdüyünə, müasir tələblərə cavab vermədiyinə, üz cizgilərinin şairin görünüşünü ifadə etmədiyinə görə, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən onun əvəzinə yeni abidənin hazırlanıb qoyulması qərara alınmışdı.
Hafta.az yazır ki, hər dəfə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsində keçirdiyi səyyar görüşlərdə sakinlər abidənin Mikayıl Müşfiqin adına layiq olmadığını və dəyişdirilməsini xahiş edirdilər. Abidənin yenisi ilə əvəzlənilməsi barədə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Mədəniyyət Nazirliyinə müraciət olunub və müsbət cavab alınıb.

İcra Hakimiyyətinin sifarişi ilə abidə hazırlanıb. Sentyabrın 30-da ağ mərmərdən yonulmuş müasir büst qırmızı mərmərlə üzlənmiş pyedestal üstünə qoyulub.
Eyni zamanda, Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən abidənin ətrafında genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılmaqdadır. Yararsız vəziyyətdə olan əvvəlki abidə isə artıq götürülüb.
Yaxın günlərdə yeni qoyulmuş abidənin açılış mərasimi keçiriləcəkdir.