Bu gün növbənöv bitkilərin toxum və meyvələrindən, həmçinin süd və qatıqdan onlarca fərqli yağ çeşidi hazırlanır. Elə marketlərdə də müxtəlifölçülü qablarda fərqli məqsədlər üçün istifadə edilə bilən çoxlu sayda yağ növü mövcuddur. Bunların ən məşhur olanlarına, “Günəbaxan yağı”, “Qarğıdalı yağı”, “Zeytun yağı”, “Qoz yağı”, “Kətan yağı”, “Üzüm toxumu yağı”nı misal çəkə bilərik.
Milli səhər yeməyi süfrələrimizin əvəzolunmaz ləzzətlərindən biri isə nehrə yağıdır. Hafta.az-ın əməkdaşı bu qədim ənənənin müasir dövrümüzdəki rolu haqqında araşdırma apardı.
Qiymətlər
İlk olaraq bir məqamı diqqətinizə çatdıraq ki, bu gün marketlərdə nehrə yağının bir kiloqramı 10 manatdan başlayaraq satılır.
Üz tutduğumuz məşhur supermarketlər şəbəkəsinin əməkdaşı deyir ki, nehrə yağları xaricdən gətirilən qiyməti, 15-20 manat arası dəyişən yağlara nisbətən daha çox satılır. Həmçinin satış təmsilçisi özü də yerli məhsulun digərlərinə nisbətən daha keyfiyyətli olduğunu düşünür:
“Bizdə hazırda nehrə yağları endirimdədir, 1 kiloqramının qiyməti 10 manat 72 qəpikdir. Məhsul İsmayıllı rayonundan gətirilir. Onu həm xörəklərdə, həm də səhər yeməyində istifadə etmək olar. Elə dünən özüm 2 kiloqram alıb evdə əritdim. Keyfiyyətinə isə bir daha əmin oldum. Əridilmiş nehrə yağı sapsarı idi, qoxusundan təzə və keyfiyyətli olduğunu anlamaq olurdu”.
Saxlanması
Satıcı bir məqamı da vurğuladı ki, bu yağları lazımi temperaturda saxladıqda uzun müddət xarab olmur.
Mağazadan ayrılıb bu dəfə fərqli bir məkana – bazara yollandıq. Paytaxtın Nərimanov rayonu ərazisindəki “Keşlə bazarı” adı ilə tanınan yerə gəldik. Burada kənd məhsulları – süd, qatıq, yağ satışı ilə məşğul olan xanıma yaxınlaşıb, haradan və hansı səbəbə gəldiyimizi söyləyib, tanış olduq. Xanım söylədi ki, satılan nehrə yağları onlara da rayondan gətirilir. Buna baxmayaraq, elə özü uzun illər kənddə yaşayıb və nehrə yağı düzəldib:
Necə hazırlanır
“Əsl nehrə yağı saxsı qabda düzəldiləndir. Bir az gec başa gələn, səbir tələb edən işdir. Biz o vaxtlar sübh tezdən oyanıb, nehrəni hazırlayardıq. Sonra çalxalamağa başlayardıq. Hazır olması, təxminən, 1 saatdan çox çəkərdi. Dədə-babadan qalma nehrədə düzəldilən nehrə yağı sapsarı olur. Yağ hazır olandan sonra ayrandan ayırıb yığardıq, ayranı da atmazdıq. O da çox ləzzətli olurdu. Nehrə yağını əridib xörək bişirməyə, çörəklə yeməyə istifadə edərdik. Bizim özümüzdə həmin o saxsı nehrədən var idi. Gəlin köçdüyüm evdə qayınanamın da olub. İndi heç kəs özünə əziyyət vermək istəmir. Elə buna görə də motorlu nehrələr dəbə minib”.

Həmsöhbətimiz deyir ki, bu gün satışda olan nehrə yağlarının əksəriyyəti motorlu nehrədə düzəldilib. İnək südündən hazırlanan yağın 1 kiloqramının qiyməti isə 14-15 manatadır:
“Camış qatığından hazırlanan yağlar ondan bir qədər baha satılır. Camış qatığı inək südündən hazırlanmış qatıqdan daha yağlı və dadlı olur”.
Satıcı deyir ki, nehrə yağını düzəltmək üçün qatıq və təxminən, onun yarısı qədər də su lazımdır. 10-15 kiloqram qatıqdan 600-700 qram yağ əldə etmək olur. Hələ qatığın üzündən düzəldilən nehrə yağı daha gözəl alınır.
Nəzərinizə çatdıraq ki, burada satışda olan nehrə yağları artıq qurtarmışdı. Üstəlik, satıcının sözlərinə görə, müştərilərin əksəriyyəti daimidir. Çox adam nehrə yağını sifariş verib gətizdirir.
Keyfiyyət amili
Sonda isə qeyd etmək istərdik ki, nehrə yağı min bir dərdin dərmanı hesab edilir. Düzdür, hazırda satışda saxta nehrə yağları da var. Ona görə də bu yağları alarkən diqqətli olmaq lazımdır. Saxta nehrə yağı əldə etmək üçün onun içinə marqarin qatırlar ki, bunu da iyindən və dadından asanlıqla duymaq mümkündür.
Bundan əlavə, aldığımız məhsulun təmiz olub-olmamasını ona bıçaq vurarkən müəyyənləşdirmək mümkündür. Əgər yağı bıçaqla böldükdə o, hamar qalmırsa və ovulursa, bu o deməkdir ki, o keyfiyyətlidir.