Rusiyanın işğalı altında olan Krımın Akməscid (Simferepol) şəhərində işğalçılar tərəfindən “Krım Tatar Nümayəndələri Konqresi” adlı tədbir keçirilib. Kremlin nəzarətində olan Fevzi Yakubov adına Krım Mühəndislik-Pedaqoji Universitetində keçirilən qurultayda ruslarla əməkdaşlıq edən 250 nəfərdən ibarət qondarma yerli hökumət şuralarının üzvləri, həmçinin Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.
Hafta.az-ın yazdığına görə, sözügedən qurultayda qondarma nümayəndələr Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Krıma dəvət ediblər.
Krım Tatar Milli Məclisinin (KTMM) sədr müavini Nəriman Cəlal təşkilatın iştirakçılarının Rusiyanın yaratdığı qondarma şəhər və kənd idarələrindəki şəxslər olduğunu bildirərək, onların nə hüquqi, nə də Krım tatarları baxımından heç bir məsuliyyət daşımadığını qeyd edib. Rusiyanın bu hadisələrlə Krım tatar xalqının səsindən istifadə etməyə çalışdığını vurğulayan Cəlal, “Çünki işğalın ilk günlərindən Krım tatarlarının 99 faizi qəti şəkildə bu işğalı qəbul etmədi” deyib.
İşğalın ilk günlərində Krım tatarlarının meydanlara çıxaraq Ukraynanın ərazi bütövlüyü naminə açıq mövqe nümayiş etdirdiklərini xatırladan Cəlal, Rusiya işğalı rejiminin Krım tatar xalqının qanuni nümayəndəlik orqanlarını yasaqladığını vurğulayıb. Daha sonra işğal zamanı rusların bəzi qondarma Krım tatar təşkilatları yaratmağa çalışdıqlarını, lakin bu məqamda heç bir cavab tapa bilmədiklərini bildirən Cəlal, son olaraq, yerli hakimiyyət orqanları deyilən qurumlardakı adamların Krım tatar xalqının nümayəndələri kimi təqdim etməyə çalışıblar.
KTMM-in vitse-prezidenti “Cənab Rəcəb Tayyib Ərdoğanı ilk dəfə deyil ki, səfərə dəvət edirlər. Krım da onu dəvət etmişdi, amma çox sağ olsun, hörmətli prezident Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın Ukraynaya qaytarılmasının vacibliyini bildirir. Ona görə də nə Rəcəb Tayyib Ərdoğan, nə də Türkiyənin başqa bir rəsmisi Krıma getməyəcək” deyib.