"Nuclear Now" adlı yeni sənədli film hazırlayan amerikalı rejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putinin “böyük lider” olduğunu bildirib.
Hafta.az-ın "Guardian"a istinadən yazdığına görə, sənədli filmi üçün Rusiyadakı nüvə stansiyalarını gəzmə fürsəti tapan Stoun, Rusiyanın nüvə enerjisi ilə böyük işlər gördüyünü deyib. "Putin ölkəsi üçün böyük liderdir və xalq onu sevir", - o, bildirib.
Sənədli film üçün Çinə gedə bilmədiyinə görə təəssüfləndiyini bildirən Stoun, "Çin bu sahədə liderdir və oraya girə bilməmək film üçün ayıbdır" deyib.
ABŞ-ın 80 yaşlı prezidenti Co Baydenin yenidən seçilməsi ilə bağlı sualları rədd edən Stoun, "Ən sevdiyim prezident Con Kennedi idi. İki irlandiyalıya baxanda Kennedi sülhsevərdir, Bayden isə sözün ən pis mənasında soyuq müharibə dəstəkçisi" deyib.
O, Rusiyanın ictimai yayımı olan RT kanalını və "Əl-Cəzirə"ni izlədiyini, YouTube əvəzinə Rumble video platformasına baxdığını bildirib. Ara-sıra İngiltərə qəzetlərini oxuduğunu deyən Stoun, son vaxtlar Guardian-ın sağçı nəşrini bəyənmədiyini bildirib. Rejissor yeni filmi haqqında tərifli rəy yazsa da, o, “New York Times”ı şübhə ilə oxuduğunu və qəzetin nə düşündüyünü görmək üçün onu izlədiyini söyləyib.
Stounun son sənədli filmi "Nuclear Now" ilk dəfə ötən il Venesiya Film Festivalında nümayiş etdirilib, bazar ertəsi ABŞ və Kanadada nümayiş olunub.
Stounun 30-cu filmi və 10-cu sənədli filmi olan "Nuclear Now", nüvə enerjisi vasitəsilə iqlim böhranının həllindən bəhs edir.
Amerikalı rejissor bundan əvvəl Rusiya prezidenti Vladimir Putin haqqında 4 saatlıq sənədli film hazırlamışdı. Oliver Stoun 1978-ci ildə "Midnight Express" filminə görə ən yaxşı uyğun ssenari, 1986-cı ildə çəkdiyi "Platoon" və 1989-cu ildə ərsəyə gətirdiyi "Born on the Fourth of July" filmlərinə görə ən yaxşı rejissor bölümündə mükafat qazanıb.