Ölkə ictimaiyyətinin “Jrinovski havasına” sərt reaksiyası

18:01 02.08.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Sərsəm bəyanatları ilə gündəmə gələn Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski yenə Azərbaycanı təhdid edən bəyanatlar səsləndirib. O, bildirib ki, Cənubi Qafqaz Rusiyanın 200 illik müstəmləkəsi olub və Rusiyanın iradəsi ilə hər kəs hesablaşmalıdır. O, Rusiya sülhməramlılarına qarşı xüsusi münasibət tələb edib və daha nələr...

Görünən odur ki, regionda maraqları olan güclər Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanı özünün müstəmləkəsindən kənarda görə bilmir və özünün siyasətinə jirinovskilərin vasitəsi ilə güzgü tutur.  Bəs Azərbaycan vətəndaş cəmiyyətləri və siyasilər ölkəmizə qarşı yönələn Rusiyanın Jirinovski təbliğatına qarşı hansı reaksiyanı verdi?

Məsələ ilə bağlı hafta.az-a danışan Milli QHT Forumunun rəhbəri Rauf Zeyni bildirib ki, 30 illik müstəqillik dövründə Azərbaycan cəmiyyəti Rusiyanın ictimai-siyasi kəsimindən ölkəmizə qarşı müxtəlif səpkili qərəzli fikirlərin, qərəzli münasibətin şahididir. R.Zeyni bildirib ki, Azərbaycanın tarixi zəfərindən sonra Jirinovski kimilərdə başgicəllənməsi yaranıb.

“Bunlar yenə köhnə nəğmələrini oxuyurlar. Biz zamanla Rusiya siyasətçilərinin hansı məqamda hansı sözü dediyini, Azərbaycana qarşı hansı hərəkətlər etdiklərini unutmamışıq. Jirinovskinin son sərsəm çıxışları Rusiyada müəyyən qüvvələr tərəfindən dəstəklənir. Öz bəyanatı ilə Rusiyanın 200 illik müstəmləkəçilik siyasətini yada salan Jirinovski əslində Rusiyanın əsl siyasətinin mahiyyətini açıb göstərir. Lakin zaman gəldi və sovet imperiyası, rus imperiyası dağıldı. İndi xalqların müstəqillik dövrüdür. Biz öz müstəqil dövlətimizi, ordumuzu inkişaf etdiririk. Nə gözləyirlər, yenidən gedib imperiyaya xidmət etməyimizi?! Xeyir, artıq bu mümkün deyil”.  

R.Zeyni bu gün Jirinovski kimilərinin Azərbaycana dil uzatmasını bizim xaricdə fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin, QHT və diasporamızın fəaliyyətinin zəifliyi ilə əlaqələndirilməsi məqamlarına da diqqət çəkib. O, bildirib ki, Azərbaycana qarşı çıxış etdiyinə görə Moskvada olarkən Jirinovskinin cavabını zamanında veriblər.

“Bizim Jrinovskidən tələb etdiklərimiz o idi ki, millətə qarşı əsassız, təhqiredici fikirlər söyləməyin. Xalqı, milləti təhqir eləməyə sənin heç bir haqqın və hüququn yoxdur. Sən kimsən ki, bizim milləti təhqir edirsən?!”

R.Zeyni bildirib ki, ümumilikdə cəmiyyət olaraq belə hücumlara qarşı öz ideoloji təbliğatımızı dayandırmamalı, informasiya savaşımızı güclənməliyik.

“Biz Azərbaycana qarşı yönələn təzyiqləri zərərsizləşdirmək üçün zaman-zaman işlər görməli, belə çıxışlara qarşı bəyanatlarımızı verməliyik. Paşinyan gəlib Şuşada yallı gedəndə demişdim ki, vaxt  gələcək biz Şuşada Cənginin sədaları altında yallı gedəcəyik. O qədər güclənməliyik ki, bizi öz təsirinə salmaq istəyənlər bizimlə hesablaşsınlar. Təbii ki, şanlı ordumuzun Şuşanı əlbəyaxa döyüşlə azad etməsini,  qəhrəmanlığını, bir hərb tarixi yazmasını Jirinovski kimilər həzm edə bilmirlər və edə bilmçəyəcklər. Azərbaycan nə qədər güclü, qüdrətli olsa, Jirinovski kimilər onun qüdrətinin qarşısında əriyib gedəcək.  Azərbaycan dövlət olaraq tarixdə qalacaq. Biz bu gün Zəngəzur uğrunda mübarizə aparırıq Jirinovski kimilərinin başına hava gəlir”.

R.Zeyni  bu gün Azərbaycanın iqtisadi, siyasi, Dəmir Yumruq kimi güclənməsinin əsasında ən mühüm güc vahidi kimi milli birliyin dayandığını önə çəkib. Bildirib ki, ölkə perezidentinin apardığ siayasət dayanıqlı inkişafa söykənir. Həm iqtisadiyyat, həm ordu, gücə söykənən diplomatiya, həm də güclü vətəndaş cəmiyyətinin yaranması millət olaraq bizi uğura aparacaq.

“İnformasiya savaşında bir gün də olsun gözümüzü qırpmamalıyıq. Çingizxan saatlarala dayanıb bir nöqtəyə baxır. Ondan soruşanda ki, niyə gözünüzü qırpmırsınız. Deyirdi ki, mən gözümü qırpan yerdən düşmən ölkəyə soxula bilər. Yəni biz həm ideoloji cəbhədə, həm informasiya, diaspora, vətəndaş cəmiyyəti cəbhəsində bir saniyə də olsun mübarizəmizi dayandırmamalıyıq, çox aktiv olmalıyıq. Diasporanın işinə böyük təkan verməliyik. Harda zəifliklər, boşluqlar varsa onları aradan qaldırmalıyıq. Çalışmalıyıq ki, bir millət, bir ordu olaq. O zaman düşmən bizə bata bilməz”.

Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib ki, Jirinovskinin keçmişi bərbad, gələcəyi isə yoxdur...

“Jirinovski bir partiya (RLDP) sədridir, Rusiya siyasətçisidir, hüquqşünasdır, polkovnikdir, alimdir. O, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü, habelə Rusiya Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürmüş biridir (1991-2012). Beləliklə, o, nə etməli olduğunu, üzərinə düşən siyasi, mənəvi məsuliyyəti fərq etməyə əsaslar verən bir özkeçmişə malikdir. Əslində, bu ahıl vaxtında onun məhz öz ölkəsi ilə bağlı deməli olduğu çox söz, toxunacağı çox problem var. Ancaq Jirinovski Rusiya Federasiyasının qonşuluq, dostluq münasibətlərində olduğu ölkələrin ünvanına hədyanlar yadğırmaq yolunu tutub. Əlbəttə, bir partiya sədri, siyasətçi, türkoloq olaraq, beynəlxalq yaxud ikitərəfli münasibətlər mövzusunda danışmaq da olar və hətta vacibdir. Lakin belə münasibət illa da təhqir formasında, başqa ölkələrə yuxarıdan aşağı baxmaq, ayrı-ayrı ölkələrin dövlət başçılarının yaxud xalqlarının ünvanına hədyanlar yağdımaqlamı olmalıdır? Özünə, öz partiyasına və ölkəsinə hörmət qoyan bir siyasətçi belə etməməlidir. Ancaq söhbət Jirinovskidən gedirsə, məsələ bir xeyli aydındır. Aydındır ki, Jirinovskinin adı keçən yerdə ciddiyyət arxa plana keçir. Bütün şüurlu həyatı boyu şüursuz davranış və “fikir”ləri ilə seçilən Jirinovski 75 yaşdan sonra müdrikləşəcək deyil hər halda. Olan-olub, keçən keçib – bu, Jirinovskidir: təxribatçı, içən, ağzının sözünü bilməyən, səndələyən, yıxılan, hamı ilə dalaşıq, həmişə əsəbi və ya yarıməsəbi... Sözün qısası, o, öz əməlləri ilə titullarını, ixtisaslarını dırnaq içinə almağımız gərəkdiyini sübut edir: lider deyil, “lider”, hüquqşünas deyil, “hüquqşünas”, alim deyil, “alim”...”

Q.Paşayeva bildirib ki, Azərbaycanla qonşuluq, dostluq dəyərlidir. Bu dəyəri özü dəyərli olanlar qiymətləndirə bilər. Jirinovski kimi qeyri-sabit, qeyri-ciddi bir siyasətçi belə dəyəri idrak etmək imkanına malik deyil. Dəyər verməkçün dəyərli olmaq lazımdır, o isə yaradılışdan belə bir fitrətdən, keyfiyyətdən yoxsundur.

V.Jirinovskini dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da haqlı olaraq “təlxək” hesab edirlər.  Bu səbəbdən onun səsləndirdiyi bəyanatlara heç vaxt əhəmiyyət verilməyib. Ancaq etiraf etməliyik ki, hamının ciddi fiqur saymadığı bu zat Rusiyanın ən nüfuzlu siyasətçilərindəndir və müstəqillik dövründə parlamentdə daim fraksiyası olan bir partiyanın sədridir. Üstəlik, onun bu dəfə səsləndirdiyi fikirlər mütləq kəskin reaksiya verilməsini tələb edir. Özü də təkcə bizim tərəfimizdən yox. Dünyanın iri dövlətləri, nəhayət, həm Rusiyanın davranışına, həm də bu cür avantüristlərin “sərsəmləmələrinə” layiq olduğu qiyməti verməlidirlər.

ANAP sədri Abutalıb Səmədov hafta.az-a açıqlamasında bildirib ki, Jirinovski “Cənubi Qafqazın Rusiyanın təsir zonasına daxil olduğunu”-iddia edir. Partiya sədri təəssüf hissi ilə qərb ölkələrinin də bu cür düşündüyünü qeyd edib.

“Bu təhlükəli yanaşma Rusiyanın əl-qol açmasına imkan verir. Hesab edirəm ki, NATO bu məsələdə  qəti mövqe tutmalı və ruslara anlatmalıdır ki, nə Cənub Qafqaz, nə də Ukrayna Rusiyanın istəyi ilə oturub-durmayacaq və rusların bu ölkələrin suverenliyinə müdaxilə cəhdləri ciddi şəkildə cəzalandırılacaq.

Sülhməramlılara münasibətdə Azərbaycan həmişə kifayət qədər müdrik mövqe tutub. Xırda məsələlərə səbrlə yanaşaraq, prinsipial məqamlarda bizim tələblərimizin icra edilməsinə nail olmuşuq. O da etiraf olunmalıdır ki, bəzi insidentləri çıxsaq, həm Azərbaycan, həm də Türkiyə rəhbərliyi  onların fəaliyyətini məqbul qiymətləndiriblər. Bu səbəbdən, sülhməramlılarla bağlı kiminsə Azərbaycan rəhbərliyinə xəbərdarlıq etməsinə ehtiyac yoxdur və heç kim belə bir “xəbərdarlıq” etmək “cəsarətini” göstərə bilməz. Əgər hansısa dövlətin başçısı tərəfindən belə bir cəhd olsa ən kəskin cavabının veriləcəyinə əmin ola bilər. Bu həqiqəti həm “siyasi təlxəklər”, həm də Azərbaycan daxilində olan bəzi qüvvələr anlamalıdırlar”.

A.Səmədov son vaxtlar Azərbaycan haqqında çoxlu xoş bəyanatlar verən bu təlxəyi bu cür danışmağa nələrin vadar etməsi sualına da aydınlıq gətirib.

“Birinci növbədə, Azərbaycanın artan gücü və nüfuzu. İkincisi, Türkiyənin addım-addım Cənubi Qafqaza nüfuz etməsi və bu reallığın hamı tərəfindən, o cümlədən, Rusiya rəhbərliyi tərəfindən qəbul edilməsi.  Nəhayət, “İslamabad bəyannaməsindən” sonra  “Şuşa” və “Bakı” bəyannamələrinin imzalanması dünyada çoxlarını narahat edir və bu cür avantüristlər onların öz aralarında danışdıqlarını səsləndirərək qeyri-ciddi, marginal siyasətçi olduqlarını və qarşılarına ciddi hədəflər qoymadıqlarının nümayiş etdirirlər”.

Oxunma sayı 1223
Siyasət rubrikasından digər xəbərlər