Hörmətli cənab Prezident.
Son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər sırasında uşaqlara və məktəblilərə göstərilən yüksək qayğı böyük rəğbətlə qarşılanır. Dövlət səviyyəsində görülən belə tədbirlərin nəticəsidir ki, məktəblər əsaslı şəkildə yenidən qurulur, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilir. Sizin tapşırığınıza əsasən Salyan rayon A.Əliyev adına Aşağı Kürkəndi kəndində 360 şagird yerlik üçmərtəbəli tam orta məktəb üçün yeni möhtəşəm bina tikilməkdədir. Müasir səviyyədə inşa olunan məktəbdə sinif otaqları ilə yanaşı, laboratoriyalar, kompüter otağı, fənn kabinetləri, tibb otağı, kitabxana, idman və akt zalları, yeməkxana da nəzərdə tutulub.
Təhsillə bağlı strategiyanın həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Fondun təhsil sahəsində ən böyük və irimiqyaslı təşəbbüsü olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam edir. Fondun prezidenti Mehriban xanım Əliyevanın şagirdlərə qayğısı və diqqəti bütün kollektivlər və məktəb şagirdləri tərəfindən sevinclə qarşılanır.
Eyni zamanda, qeyd etmək istəyirik ki, hazırda Aşağı Kürkəndi kəndində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlər gedir. Kəndləri birləşdirən avtomobil yolları asfaltlanaraq sakinlərin istifadəsinə verilib. Kənddə köhnə qaz xətləri yeniləri ilə əvəz edilib.
Cənab Prezident, biz kənd sakinləri olaraq Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Dadaşov Məhəbbət Vahub oğlu
Kərimov Ramil Adıgözəl oğlu
İsmayılova Tamara Nurəddin qızı
Hüseynova Elmira Zabil qızı və başqaları.
Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Kürkəndi kəndi.