Səkkiz OPEC+ üzvü olan Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman iyul ayından etibarən gündəlik neft hasilatını 411 min barel artırmaq qərarına gəliblər. Bu artım may və iyun aylarında qəbul edilən qərarlardan sonra ilin əvvəlindən hasilatın üçüncü ardıcıl genişlənməsidir.
Hafta.az-ın yazdığına görə, “Kartel”in internet saytında dərc edilən açıqlamada, "Bazar şərtləri nəzərə alınmaqla, bu artımlar zərurət yaranarsa dayandırıla və ya ləğv edilə bilər" deyilir. Qərar Brent markalı neftin yanvarda 80 dollar civarından mayın 30-da 64 dollara düşdüyü bir vaxtda verilib.
“Bloomberg”in mənbələrinə görə, OPEC+-nın bu addımı xüsusilə Rusiya ilə Səudiyyə Ərəbistanı arasında fikir ayrılıqlarının kölgəsində atılıb. Rusiya neftin qiymətinin daha da aşağı düşməsinə səbəb olacaq bu qərara büdcə balansına mənfi təsir göstərəcəyi səbəbi ilə qarşı çıxıb. Lakin Səudiyyə Ərəbistanı Donald Tramp administrasiyasının aşağı neft qiymətləri ilə bağlı tələblərini yerinə yetirmək üçün qərarı müdafiə edib. Bu müddət ərzində Brent markalı neftin qiymətinin 50-60 dollar diapazonuna, Rusiyanın Ural neftinin isə 40-50 dollar səviyyəsinə düşə biləcəyi təxmin edilir.
Bu qərarın altında yatan digər amil Səudiyyə Ərəbistanının bazar payını genişləndirmək və ABŞ-dakı şist qazı istehsalçıları kimi rəqibləri qarşısında üstünlük əldə etmək istəyidir. Lakin qiymətlərin bu səviyyələrə düşməsi Rusiyanın 2025-ci il büdcəsinə mənfi təsir göstərə bilər. Çünki Moskva büdcə hesablamalarını “Ural” markalı neftin bir barelinin 69,7 dollara satılacağı ehtimalı əsasında aparmışdı. Ekspertlərin fikrincə, qiymətlərin düşməsi neft və qaz gəlirlərini 10,9 trilyon rubldan 8,3 trilyon rubla qədər azaldacaq, büdcə kəsirini 1,2 trilyon rubldan 3,8 trilyon rubla yüksəldəcək.