Orta məktəblərdə ehtiyat dərsliklər uğurla tətbiq olunur

11:41 16.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda 274 təhsil müəssisəsində alternativ dərsliklər sınaqdan keçirilməkdədir

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ibtidai siniflər üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə hazırlanan ehtiyat dərsliklər 274 məktəbdə sınaqdan keçirilir. İnstitutdan hafta.az-a verilən məlumata görə, bu dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir. Hazırda Təhsil İnstitutu həmin dərsliklərin tətbiq olunduğu pilot siniflərdə monitorinq aparır. Monitorinqin məqsədi dərslik materiallarının şagirdlər tərəfindən qavrama səviyyəsinin yoxlanılması, həmçinin müəllimlərin yerində maarifləndirilməsidir. Eyni zamanda, mütəmadi qaydada həyata keçirilən müşahidələr və monitorinqlərin nəticəsi olaraq kütləvi istifadəyə verilmiş 1-ci sinif, növbəti illərdə istifadəyə verilməsi planlaşdırılan 2-ci və 3-cü sinif dərsliklərinin təkmilləşdirilməsi, ibtidai siniflər üçün hazırlanan dərsliklərdə həm müasirləşən dünya və yeni texnologiyaların tətbiqi, həm də tariximizin şanlı səhifələrinin təbliği ilə gənc nəslin dünya standartları ilə ayaqlaşan və vətənpərvər ruhda yetişdirilməsi qarşıya qoyulmuş mühüm vəzifədir.

Qeyd edək ki, ehtiyat dərslik təcrübəsindən ayrı-ayrı ölkələrdə geniş şəkildə istifadə olunur. Azərbaycanda bu məsələ 2009 - cu ildə qəbul edilən "Təhsil haqqında” qanunda nəzərdə tutulmuşdu. Həmin sənəddə təhsil müəssisələrində alternativ dərsliklərdən istifadə edilməsi məsələsi qoyulmuşdu. Bu istiqamətdə ilk addım 2018-ci ildə atılıb. Belə ki, 2018-2019-cu tədris ilindən Azərbaycanda 1-ci siniflər üzrə ehtiyat dərsliklərin tətbiqinə başlanılıb. Birinci sinfin "Azərbaycan dili” və "Riyaziyyat” dərsliklərinin ölkə səviyyəsində 123 sinifdə pilot layihə üzrə sınağı həyata keçirilib. Sınaq mərhələsi 3000-ə yaxın uşağı əhatə edib. 123 sinfin 48-i şəhər, qalanları isə rayon məktəblərindən seçilib.Təhsil İnstitutunun əməkdaşları və dərsliklərin müəlliflərindən ibarət işçi qrupu tərəfindən regionlar üzrə ehtiyat dərsliklərin tətbiq olunduğu məktəblərdə müşahidələr aparılıb. Balakən, Zaqatala, Qax, Şəki, Lənkəran, Astara, Masallı, Cəlilabad, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Ağstafa, Tovuz, Qazax, Quba, Qusar, Xaçmaz, Gəncə, Göygöl, Yevlax, Goranboy, Şəmkir, Şamaxı, Göyçay, İsmayıllı, Qəbələdə şifahi sorğu əsasında şagirdlərin nailiyyətləri yoxlanılıb, müəllimlərə müvafiq fənn üzrə dərslik materiallarının tədrisi ilə bağlı tövsiyələr verilib.

Məlumat üçün bildirək ki, ehtiyat dərsliklərin hazırlanması prinsipləri dərsliklərin ənənəvi hazırlanması prinsiplərindən ciddi surətdə fərqlənir. İbtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə ehtiyat dərsliklərin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 611s nömrəli 24.11.2016-cı il tarixli Sərəncamına əsasən həyata keçirilir. Təhsil İnstitutu tərəfindən hazırlanan dərsliklər dilin və riyaziyyatın tədrisində beynəlxalq təcrübəyə və müasir təlim texnologiyalarına əsaslanır. Dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait, iş dəftəri və valideyn bələdçisi daxildir.

Ehtiyat dərsliklərin hazırlanması konsepsiyasına gəlincə, nəzərdə tutulan fənlərin tədrisində dünyada qəbul olunmuş müasir yanaşmalar təhlil edilib, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri öyrənilib. Nəticədə, yaradılan ehtiyat dərsliklərin strukturu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər konseptual prinsiplər ümumiləşdirilmiş və xüsusi sənəd formasında hazırlanıb. Dərslik komplektlərinin hazırlanması zamanı isə hazırlıq prosesi (müəllif seçimi, araşdırmalar, müzakirələr, treninqlər) bitdikdən sonra dərslik komplekti üzərində işə başlanılıb. İlk dəfə olaraq dərslik komplektinə valideynlərin müasir təhsil sahəsində maarifləndirilməsi və onların tədris prosesində iştirakının təmin olunması məqsədi ilə dərslik komplektinə valideyn bələdçisi əlavə edilib. Bədii tərtibat və illüstrasiyaların çəkilməsinə dərslik nəşrində təcrübəsi olan peşəkar mütəxəssislər cəlb olunub. Yaradıcı heyətə beynəlxalq təcrübəyə malik uşaq psixoloq-alimlər daxil edilib.

Ehtiyat dərsliklərin yazılması işinin təşkili üçün Təhsil İnstitutunda Tədris Resursları Mərkəzi də yaradılıb. Bu prosesin ilk mərhələsində Təhsil Nazirliyi tərəfindən verilmiş elan əsasında Azərbaycan dili üzrə 160, riyaziyyat fənni üzrə isə 145 müəllim arasında üç mərhələli müsabiqə keçirilib. Dərslik hazırlığına ali məktəb və universitetlərdə çalışan alim və pedaqoqlar cəlb edilib. Tədrisi xarici proqramlar əsasında qurulan bir çox beynəlxalq məktəblərdə görüşlər keçirilib, onların təcrübələri öyrənilib. Həmin məktəblərdə çalışan müəllimlər müsabiqəyə dəvət olunub. Daha sonra ehtiyat dərsliklərin konsepsiyası hazırlanıb və məzmunu təkmilləşdirilib.

Ekspertlərin fikrincə isə yeni dərsliklərdə beynəlxalq qiymətləndirmələrdə nəzərə alınan bacarıqların inkişaf etdirilməsinə nisbətən daha çox yer verilməsi müsbət addımdır. Bu şagirdlərin bilikvə bacarıqlarının daha da inkişaf etdirilməsi, dünyagörüşlərinin artırılması, verilən materialları yüksək səviyyədə qavraması üçün əlavə imkanlar yaradır. Məsələn, Azərbaycan dili dəsliklərində PIRLS, riyaziyyat dərsliklərində isə TIMSS beynəlxalq qiymətləndirməsindən irəli gələn tələblər nəzərə alınıb, 4-cü sinif şagirdləri arasında mətnlərin oxunun və qavramanın (PIRLS) və riyazi təhsilin (TIMSS) keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı beynəlxalq tədqiqatların çərçivə sənədləri təhlil edilib və s.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən əməkdar müəllim Almaz Həsrət bildirib ki, son illər Azərbaycanda dərsliklərin hazırlanması və onların siyasəti yönündə ciddi işlər görülür: “Azərbaycan müstəqillik əldə etməmişdən əvvəl təhsil müəssisələrində istifadə olunan kitablar Rusiyada çap olunurdu. Həmin kitabların müəllifləri arasında azərbaycanlılar nadir hallarda olurdu. Biz həmin dərsliklərlə də öyrənə-öyrənə gəlmişdik.  Azərbaycan müstəqilliyinə qovuşandan sonra bütün sahələrdə olduğu kimi, təhsildə də islahatlar başladı. Azərbaycanın öz relyefinə, coğrafiyasına, tarixinə, fauna və florasına uyğun yerli müəlliflər tərəfindən dərsliklər yazıldı. Bu uğurlu bir addım idi. Lakin etiraf edək ki, zaman ötdükcə həmin dərsliklərin dünya standartlarına uyğunluğu məsələsi ortaya çıxdı. Çünki biz dünya təcrübəsinə baxsaq görərik ki, əksər ölkələrdə bir müəllifin deyil, alternativ olaraq bir neçə müəllifin dərsliklərindən istifadə olunur. Məsələn, qonşu Rusiyada, Türkiyədə bu təcrübədən geniş istifadə edilir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycanda son illər həyata keçirilən təhsil islahatları nəticəsində bu məsələyə də diqqət artırılıb. Bildiyimiz kimi, hazırda ibtidai siniflərdə alternativ dərsliklərdən istifadə olunur. Bu istiqamətdə yuxarı sinif dərslikləri üzrə də müvafiq addımların atılması nəzərdə tutulub. Bildiyimə görə, artıq bununla bağlı işlərə də başlanılıb. Bir məqamı da vurğulayım ki, yeni təhsil nazirimiz Emin Əmrullyevin təhsil naziri vəzifəsinə təyinatından sonra ehtiyat dərsliklər məsələsinə diqqət daha da artırılıb. Bu dərsliklər hesabına hansı dərsliyin daha uğurlu, şagirdlərin dünyagörüşünə təsiri, materialların necə mənimsənildiyi aydınlaşacaq və tədris zamanı təhsilalanlar tərəfindən daha yaxşı mənimsənilən dərs vəsaitlərinə üstünlük veriləcək”.

Əməkdar müəllim hesab edir ki, alternativ dərsliklərin tətbiqi dərsliklərin yazılması prosesindəki monopoliyaya da son qoyacaq: “Məsələn, baxirsan ki, iki müəllif illərlə dərslik yazırdı. Bir il bir müəllifin, o biri il digər müəllifin kitablarından istifadə olunurdu. Artıq bu kimi halların qarşısı alınıb. İndi yazılan dərsliklərlə bağlı əksər dərslik yazmaq iqtidarında olan müəllif heyətləri komanda şəklində formalaşıblar. Eşitdiyimizə görə, həmin komandalar hazırda yeni dərsliklər üzərində işləyirlər”.