Özbəkistan hökuməti 2025-ci il iyulun 1-dən bütün malların ixracına qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
Hafta.az-ın yazdığına görə, bununla belə, ixrac azadlığı bütün mallara şamil edilməyəcək; 86 əmtəə qrupuna daxil olan xammal və əsas istehlak malları bundan sonra da xüsusi nəzarətdə qalacaq. Bu mallar üçün ixrac gömrük rüsumları gələcəkdə də nəzərə alınacaq.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev qlobal iqtisadi dəyişikliklərin mənfi təsirlərinin azaldılması üzrə işçi iclasda çıxış edərək, bu qərarın sahibkarlar üçün yeni imkanlar açacağını vurğulayıb. Bununla bağlı Mirziyoyev, "Sahibkarlar gəlirli bazarlara çıxsalar, istehsalı genişləndirməyə və keyfiyyəti yaxşılaşdırmağa çalışacaqlar. Bu, onların biznesə marağı və gəlirlərini artıracaq" deyib.
Prezident həmçinin 2021-ci ildə şəkərdən alınan 20 faizlik xüsusi istehlak vergisinin (XHT) götürülməsi və quru süd idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə göstəriş verib.
Bununla belə, 2025-ci il mayın 1-dən fiziki şəxslərin xaricdən mal idxalına məhdudiyyətlərin tətbiq olunacağı bildirilib. Bu il aprelin 21-də Özbəkistan Nazirlər Kabineti “Bəzi növ malların gömrük sərhədindən keçirilməsi prosedurunun təkmilləşdirilməsi tədbirləri haqqında” qərar qəbul edib. Buna görə, mayın 1-dən qüvvəyə minən fiziki şəxslər tərəfindən şəxsi ehtiyaclar və qeyri-kommersiya məqsədləri üçün Özbəkistana gətirilən malların rüsumsuz idxalı qaydalarına əsasən hava nəqliyyatı üçün 1000 dollar, dəmir yolu və çay nəqliyyatı üçün 500 dollar, avtomobil (piyada) keçid məntəqələrindən keçmək üçün 300 dollar, beynəlxalq kuryer üçün 200 dollar və beynəlxalq poçt üçün 100 dollar rüsum həddi yenilənib.