Özbəkistanın 4-cü fəxri konsulluğu Trabzonda açılıb

09:20 12.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistanın müstəqilliyinin 33-cü ildönümündə Özbəkistan Respublikasının Trabzon Fəxri Konsulluğunun açılışı olub. Trabzonun Ortahisar səmtinin Sarayatik küçəsində keçirilən açılış mərasimi önəmli qonaqların iştirakı ilə rəngarəng şəraitdə baş tutub.

Hafta.az-ın yazdığına görə, açılış mərasimində Trabzon valisi Əziz Yıldırım, Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov, Özbəkistanın Ankaradakı səfiri Əlişir Azamhocayev, Trabzon Böyükşəhər Bələdiyyə sədrinin müavini Əhməd Yüksel Gülay, Türkiyə Muxtarlar Konfederasiyasının sədri Bəkir Aktürk və çox sayda siyasətçi və vətəndaş iştirak edib.

Özbəkistanın Trabzondakı fəxri konsulu Sadık Soylu açılış nitqi ilə çıxış edərək, “Məqsədimiz ticarətdən sənətə, idmandan mədəniyyətə qədər hər sahədə əlaqələrimizi inkişaf etdirməkdir. Trabzonun sənaye və iş adamlarını Özbəkistana, özbək iş adamlarını isə Trabzona gətirməkdən xoşbəxt olacağıq” deyib. Soylu, Trabzon vasitəsilə Qara dəniz şəhərləri ilə Özbəkistanın tarixi şəhərləri arasında körpü olmağı hədəflədiklərini də vurğulayıb.

Özbəkistanın Ankaradakı səfiri Alişer Azamhocayev Özbəkistanın dörd fəxri konsulluğundan birinin Trabzonda açıldığını bildirərək, “Bu il ticarət həcmimizi 4 milyard dollara çatdırmağı hədəfləyirik. Amma 5 milyard dollara çatmaq üçün daha çox əməkdaşlığa ehtiyacımız var. Trabzondakı bu yeni konsulluq əlaqələrimizi daha da gücləndirəcək” deyib.

Trabzon valisi Əziz Yıldırım, “Trabzon Fəxri Konsulluğu Türkiyə ilə Özbəkistan arasındakı dostluq körpüsünü daha da gücləndirəcək. Bu möhkəm qardaşlıq münasibətləri təkcə keçmişdən gələn dostluğu deyil, həm də ümumi məqsədləri və gələcək üçün əməkdaşlığı ehtiva edir” deyə bildirib.

Çıxışlardan sonra Fəxri Konsulluğun açılış lenti dua oxunaraq kəsilib. Açılış Türkiyə ilə Özbəkistan arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə zəmin yaradacaq mühüm addım kimi qiymətləndirilir.

Siyasət rubrikasından digər xəbərlər