Pakistanlı jurnalist öldürüldü: o, hökumətdəki korrupsiyanı araşdırırdı

11:45 24.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanlı jurnalist Ərşad Şərif Keniyanın paytaxtı Nayrobi şəhərində kimliyi bilinməyən qatillər tərəfindən güllələnərək öldürülüb.

Hafta.az-ın yazdığına görə, xəbəri Şərifin həyat yoldaşı Caveria Siddik bu sabah Twitter hesabı vasitəsilə yayıb. Şərifin niyə Keniyada olması və hansı səbəbdən öldürülməsi ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Bildirilib ki, pakistanlı jurnalist güclü təzyiqlər səbəbindən ölkəsini tərk edibmiş.

Keniya polisinin qətllə bağlı araşdırmaya başlayıb.

Ərşad Şərif Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarı kimi tanınırdı. O iddia edirdi ki, bəzi dövlət qurumlarının İmran Xanın baş nazir vəzifəsindən uzaqlaşdırılmasında əli var.

Şərif bu yaxınlarda Pakistan Ədalət Hərəkatının (PTI) aparıcı simalarından olan Şahbaz Gilldən müsahibə almışdı. Sözügedən müsahibədə Gill əsgərləri ordunun yüksək rütbəli məmurlarına qarşı üsyana təhrik etməkdə ittihamlayıb və onun barəsində həbs qərarı verilib. Daha sonra Gill zaminə buraxılıb.

Digər tərəfdən, Ərşad Şərif Pakistanın baş naziri Şahbaz Şərif və administrasiyasının korrupsiya iddiaları ilə əlaqədar “Bağlı qapılar arxasında” adlı sənədli filmin çəkilişində iştirak edib. Sənədli filmin tezliklə ekranlara çıxacağı gözlənilirdi. Jurnalist Ərşad Şərifin təqdim etdiyi “Bağlı qapılar arxasında” sənədli filmi indiki baş nazir Şahbaz Şərif və digər hökumət rəsmilərinin beynəlxalq maliyyə sistemindən pulların yuyulması üçün necə istifadə etdiklərinə dair məsələlərə aydınlıq gətirir.

Siyasət rubrikasından digər xəbərlər