Pandemiya dövründə beş milyon insanı əhatələyən sosial paket - Təhlil

15:27 01.09.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərib. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib”. Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak edərkən deyib.

Dövlət başçısı bildirib ki, bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir: “Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir”.

Mövzunu hafta.az-a şərh edən UNEC-in professoru, iqtisad elmləri doktoru Əli Əlirzayev bildirib ki, pandemiya digər dünya ölkələrində olduğu kimi Azərbaycanda da bütün sahələrə mənfi təsirlərini göstərib:

“Azərbaycan dünyanın bir parçasıdır. Ona görə də pandemiyanın təsirlərindən yan keçə bilmərik. Məsələn, bu ilin 7 ayında iqtisadiyyatımız 2,8 faiz azalıb. Mənin proqnozlarıma görə, ilin sonuna kimi bu rəqəm təxminən 3 faiz civarında dəyişəcək. Düzdür, indi bütün dünya ölkələrində iqtisadi tənəzzül müşahidə edilir. Pandemiya ilə bağlı iqtisadiyyat geriləyir. Amma sevindirici hal ondan ibarətdir ki, bu göstərici digər ölkələrlə müqayisədə daha aşağıdır. Təbii ki, bu çətin dövrdə belə nəticələrin əldə olunması müsbət haldır. Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. Digər tərəfdən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin əlavə xarclər tələb etdiyini, gəlirlərin azalması fonunda valyuta ehtiyatlarımızdan da sərf olunduğunu nəzərə alsaq, mövcud  iqtisadi vəziyyəti qənaətbəxş saymaq olar”.

Məsələyə münasibət bildirən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də hesab edir ki, pandemiyanın iqtisadi, sosial, tibbi cəhətdən böyük zərərləri var:

“Dünya iqtisadiyyatında artıq bu zərərlər özünü göstərməkdədir. Xüsusilə iqtisadiyyatı neftlə bağlı ölkələrdə, eyni zamanda neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar müəyyən iqtisadi geriləmə baş verib. Təəssüf ki, dünyada baş verən böhran Azərbaycanda da özünü az da olsa hiss etdirməkdədir. Lakin cənab Prezidentin apardığı balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan vətəndaşları gündəlik həyatlarında bu böhranın ciddi nəticələrini görmürlər. Məlum olduğu kimi, ölkə başçısının bu ilin martın 19-da imzaladığı sərəncama uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq Tədbirlər planı hazırladı. Tədbirlər planına əsasən,  görülən bütün işlər Azərbaycan vətəndaşının sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Prezident bir daha vətəndaşlarımıza, eləcə də dünyaya bəyan etdi ki, Azərbaycan sosial dövlətdir, istənilən ekstremal şəraitdə əhalinin sosial müdafiəsini təmin etmək bizim ümdə vəzifəmizdir və buna bizim maddi imkanlarımız yetərincədir. Yəni, cənab Prezidentin də qeyd etdiyi kimi, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə ardıcıl, sistemli və kompleks şəkildə aparılır. Mübarizə tədbirləri içərisində heç şübhəsiz ki, tibbi və əksepidemik tədbirlər ön plandadır və bütün proses dövlət rəhbərinin nəzarəti altındadır”.

Millət vəkili vurğulayıb ki, koronavirus epidemiyasının fəsadlarının qarşısının alınmasında önləyici tədbirlərin əhəmiyyəti çox böyükdür: “Biz ötən zaman çərçivəsində bunun əhəmiyyətini real həyatımızda hiss etdik. Bu ilin martında cənab Prezident mövcud xəstəxana potensialının bir hissəsinin koronavirus xəstələrinin müalicəsi üçün ayrılması barədə tapşırıq verməklə yanaşı, 2000 çarpayı yeri olan 10 ədəd modul tipli xəstəxananın alınıb gətirilib quraşdırılması haqqında sərəncam imzaladı və bu məqsədlə büdcədən 100 milyon manatdan artıq vəsait ayırdı. O zaman koronavirusa gündəlik yoluxma halları çox aşağı idi və çoxumuz modul xəstəxanalara ehtiyac olmayacağını düşünürdük. Zaman göstərdi ki, cənab Prezidentin önləyici addımı nə qədər düzgün və faydalı oldu. Yaxşı ki, modul xəstəxanalar tikildi və bu yarana biləcək gərginliyin qarşısını xeyli almış oldu”.

Komitə sədri vurğulayıb ki, bu, Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisi olmaqla yanaşı, dövlət rəhbərinin öz doğma xalqına inamının ifadəsi kimi çox qiymətlidir: “Doğrudan da, pandemiya dövründə sosial müdafiə sahəsində nəinki axsama, geriləmə olmadı, əksinə digər sosial ödənişlərdən əlavə, 600 min manatlıq sosial müdafiə zərfi ehtiyacı olanlara təqdim edildi və həyata keçirildi. Bu il üçün nəzərdə tutulan sosial layihələr tərtib olunanda, təbii ki, koronavirus epidemiyası barədə məlumatlar belə yox idi və ölkənin 2020-ci ildə daha böyük həcmdə büdcə və ümummilli gəlirləri proqnozlaşdırılmışdı. Koronavirus pandemiyası ilə əlaqədar bir çox dövlətlər planlaşdırdıqları layihələri, o cümlədən sosial yönümlü layihələri məhdudlaşdırmalı, yaxud təxirə salmalı oldular. Azərbaycan Prezidenti isə heç bir sosial layihənin dayandırılmayacağını, əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələrin keçən ilə nisbətdə daha geniş olacağını bəyan etdi. Hazırda dövlətin pandemiyadan zərər çəkən sahələrə, o cümlədən vətəndaşlara yardımları davam etməkdədir. Bu bir daha sübut edir ki, Azərbaycan sosial dövlətdir və bizim dövlətin çox etibarlı sosial müdafiə sistemi qurulub”.

 

Sosial rubrikasından digər xəbərlər