“Adətən, uşaqlar yeni qurulan ailələrdə dünyaya gəlir. Eyni zamanda ölkədə 3 və daha çox uşaqlı ailələrin sayı da xeyli azalıb. Bunun çox böyük xoşagəlməz nəticələri ola bilər. Ölkədə get-gedə əhali azalırsa, bu miqrantların gəlişinə şərait yaradır. Onlar gələndə ölkənin etnik tərkibi dəyişir. Digər tərəfdən, vergi ödəyicilərinin sayı azalır". Bu fikirləri hafta.az-a sosioloq Əhməd Qəşəmoğlu pandemiya şəraitində ölkə əhalisinin say artımına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hələ ki, heç kim pandemiyanın nə vaxt sonlanacağını bilmir. Elə bir modellər hazırlanmalıdır ki, ailə qurmaq statistikası azalmasın:
"Pandemiyadırsa, bu o demək deyil ki, insanlar evlənməsin. Hələlik insanlarda belə bir təsəvvür var ki, pandemiya qurtaracaq və mən təntənəli toy edəcəyəm. Əhalinin böyük bir hissəsinin toy etməməsinin əsas səbəbi başqa toylara “saldığı” pullardır. Hər kəs gözləyir ki, nə vaxtsa toy edəcək, o da həmin pulları geri yığacaq.
Əvvəlki toy modellərindən imtina etməliyik
Ona görə də hər bir toyun keçirilməməsinin həm iqtisadi, həm də mənəvi tərəfi var. Bizdə toylar tənqidedici həddə gəlib çıxmışdı. Əvvəlki toy modellərindən imtina etməliyik. Bunun üçün xüsusi şadlıq saraylarında, mətbəxdəki əməkdaşların və gələn qonaqların sağlamlığı, sosial məsafə qaydaları nəzərə alınaraq toy təşkili edilməsinə icazə verilə bilər.
Toy tibbi nəzarət altında azsaylı adamlarla keçirilə bilər. Ola bilsin ki, qapalı şadlıq evlərində deyil, xarici ölkələrdəki kimi açıq havada keçirilsin. Elə rayonların özündə də buna şərait daha uyğundur. Açıq havada, bağçada toyların təşkilinə icazə verilsə, bir qədər bu məsələ həllini tapmış olar.