Baş nazir Nikol Paşinyan Ermənistanın konstitusiyası ilə bağlı heç bir problemin olmadığını, ərazi iddiaları ilə bağlı yer alan bənddə dəyişiklik etmək niyyətində olmadığını deyib. Erməni baş nazirinin Azərbaycanın xeyrinə heç bir güzəştə getməyəcəyinə hesablanan bu “tamaşa”nın ssenarisi harada yazılır və bu, sülh prosesinə nə vəd edir?
Hafta.az-a açıqlama verən siyasi şərhçi Zəlimxan Məmmədli qeyd edib ki, Ermənistan uduzmuş tərəfdir və onun baş naziri Nikol Paşinyan “böyük Ermənistan” ideologiyasını iflasa uğradan və onu dilə gətirən bir liderdir. Ermənistanda rusiyameylli və qərbə inteqrasiya xəttini tutan tərəflər arasında bir “savaş” getdiyini qeyd edən ekspert, Paşinyan timsalında qərb meyilli, Köçəryan-Sarkisyan timsalında Rusiya meyilli siyasətçilərin revanş axtardığını önə çəkib.
“Bu qruplar Ermənistana utanc gətirən məğlubiyyətin altından çıxmaq üçün Azərbaycana qarşı qisas əhval ruhiyyəsini yüksəldirlər. Əvvəllər Konstitusiyada dəyişikliklə bağlı zaman istəsələr də, indi artıq dəyişiklik etmək niyyətində olmadıqlarını deyirlərsə, deməli səbəbləri diqqətlə izləmək lazımdır”.
Z.Məmmədli bunu Azərbaycanın üzərinə gələn Qərb, Avropa institutlarının apardığı soyuq savaşla əlaqələndirib.
“Paşinyanın bu çıxışı Azərbaycana olan xarici basqıların təzahürüdür. Ona görə də Azərbaycan Paşinyanı əvvəlki status-kvoya daşımalıdır. Türkiyə-Azərbaycan əməkdaşlığı strateji istiqamətlərdə dərinləşdirilməlidir. Türkiyənin Qarabağda baş konsulluğunun yaradılması, hərbi bazaların status alması önəmli məsələdir”.