Son illər bu sahədə həyata keçirilən islahatlar peşə təhsilinə marağı əhəmiyyətli dərəcədə artırıb
Azərbaycanda son illər peşə təhsili sahəsində ciddi dönüş yaranıb. Ölkəmizdə peşə məktəbləri yenidən qurulur, yeni peşə təhsili mərkəzləri fəaliyyətə başlayır, əmək bazarının tələblərinə uyğun kadr hazırlığına diqqət artırılır.
Bunun nəticəsidir ki, son illər peşə təhsilinə yiyələnmək istəyənlərin sayı da əhəmiyyətli dərəcədə artmaqdadır. Məsələn, 2019-2020-ci tədris ili üzrə peşə təhsili pilləsinə müraciət edənlərin hər iki mərhələ üzrə ümumilikdə sayı 20 144 nəfər olub, onlardan 19 128 nəfəri ixtisas seçimi edərək müraciətini təsdiqləyib. Müraciətçilərin 69.2 faizini kişilər, 30.8 faizini isə qadınlar təşkil edib.Qeyd edək ki, II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilib. II mərhələ üzrə 7314 nəfər ixtisas seçimi edərək müraciətini təsdiqləyib.
Qəbul qaydaları
Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılır. Ötən ildən başlayaraq ilk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biliblər. Qeydiyyat ödənişsizdir. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatlarının doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat Şəxsi kabinetim bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə sms vasitəsilə də məlumat təqdim edilir. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunurlar. Peşə təhsili pilləsi üzrə təhsil imkanı həm dövlət vəsaiti hesabına, həm də ödənişli əsaslarla yaradılır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi həyata keçirilib.Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala bilər.
Məlumat üçün bildirək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Qəbul planına əsasən cari ildə ümumilikdə təqdim olunan 18 260 yerdən 11040-ı dövlət hesabına, 7 220 yer isə ödənişli əsaslarla həyata keçirilib. Diqqətçəkən məqam ondan ibarətdir ki, 2020-2021-ci tədris ili üzrə müraciət edən şəxslər arasında yalnız ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər deyil, həmçinin orta ixtisas və ali təhsili başa vurmuş şəxslər də yer alıb. Məsələn, peşə təhsili müəssisələrinə qəbulun I mərhələsi çərçivəsində 109 orta ixtisas təhsilli və 73 ali təhsilli şəxs müraciət edib.
Yeri gəlmişkən, 15 fevral tarixindən etibarən peşə təhsili müəssisələrində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə də başlanılıb. Hazırda müəyyən ixtisaslar üzrə istehsalat təlimi və təcrübəsi ilə bağlı dərslərin əyani, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilir. İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlərin (istehsalat təlimi və təcrübəsi) distant formada tədrisi davam etdirilir. Ümumilikdə, istehsalat təlimi və təcrübəsi ilə bağlı dərsləri əyani formada təşkil edilən ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 18 860 nəfərdir ki, bu da ümumi tələbə sayının 88 faizinə bərabərdir. İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müəyyən dəyişikliklər edilib. Tədris planları və dərs cədvəllərinə əsasən, ixtisasdan asılı olaraq istehsalat təlimi dərsləri həftədə 2 dəfə əyani formada təşkil edilir. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil edilir.Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da əyani tədris bərpa edilib.
Dərs vəsaitləri yenilənir
2020-2021-ci tədris ilində də peşə təhsili istiqamətində yeniliklər davam etdilməkdədir. Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır. İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır. Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir.
Qeyd edək ki, ixtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb. Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı”, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları əhatə edir.
Ötən ildən etibarən ümumtəhsil bazasından qəbul mümkün olan və orta təhsil fənlərinin tədrisi aparılan peşə təhsili müəssisələrinə ümumtəhsil fənləri üzrə dərsliklərin çapına da başlanılıb. Ümumtəhsil fənləri üzrə 26 adda dərslik olmaqla, ümumilikdə 99 622 ədəd dərsliyin peşə təhsili müəssisələrinə paylanılması yekunlaşmaq üzrədir. Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.
Ali məktəblə imtahansız qəbul imkanı
Artıq Azərbaycanda yüksək texniki peşə təhsili almış şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul ola bilmək imkanına da malikdirlər. Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib. 2020-2021-ci tədris ilində ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Nəqliyyat vasitələrinin texniki istismarı”, “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul həyata keçirilib. Təhsil müddəti 3 il olan bu tədris proqramlarında təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər. Qeyd edək ki, növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı hafta.az-la fikirləri bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov bildirib ki, peşə təhsili iqtisadiyyatın gələcəyi, həmçinin əmək bazarı, təhsil təminatı və iqtisadiyyat arasında olan məqsədyönlü əlaqənin qurulması baxımından böyük əhəmiyyət daşıyır: “Bu baxımdan peşə təhsilinin inkişaf etdirilməsi, müasir tələblərə uyğunlaşdırılması müsbət addımdır. Hazırda xüsusən kənd təsərrüfatı sahəsində bir sıra peşələrin – üzümçülük, pambıqçılıq, maldarlıq və s. sahələrlə bağlı peşə təhsilinin inkişafına, o cümlədən kadrların hazırlanmasına ehtiyac var. Bu baxımdan, rayonlarda həmin sahələr üzrə peşələr tədris olunmalıdır”.
Professorun fikrincə, peşə məktəblərinin inkişafı insan kapitalının inkişafı üçün əhəmiyyətli töhfə ola bilər: "Dövrün tələbatına uyğun gələn peşələr maraqlıdır. Hazırda sənaye məktəbləri açırlar. Həmin məktəblərin yanında peşə kursları da olmalıdır ki, şagirdlərə öyrətsinlər. Peşə məktəblərində tədris edilən peşələrlə bağlı gənclər arasında təbliğat da olmalıdır. Bu, gənclərin gələcək yolunu işıqlandırar. Yəni onlar həmin sahəni öyrənəndən sonra gələcəkdə işlə təmin olunacaqlarını və kifayət qədər yaxşı məvacib alacaqlarını da bilməlidirlər”.