Polislər qanun keşikçiləridir, gördükləri iş ağırdır, həyatlarını təhlükə altına atırlar - Psixoloqlar

11:58 08.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, Bakıda bir qrup insan polislərə qarşı kobud hərəkət ediblər. Belə ki, karantin qaydalarını kobud şəkildə pozaraq müqavimət göstərən şəxsi saxlamağa çalışan polisin üzərinə müxtəlif əşyalar atıblar. Belə xoşagəlməz hadisənin vidiogörüntüləri də yayımlanıb. Vətəndaşlar üçün öz həyatlarını təhlükə altına atan polislərə qarşı edilən hərəkətlər cəmiyyətin böyük əksəriyyəti tərəfindən qınaqla qarşılanır. 

Əslində iki günlük karantin bəzi məqamlara aydınlıq gətirdi. Böyük əksəriyyət sərt karantin rejiminə əməl etdi, evdə qaldı. Bəziləri isə öz həyatlarını və yaxınlarının həyatlarını heçə sayaraq qaydaları kobud şəkildə pozdu. Bu məsələdə üzərinə düçən vəzifələri layiqincə yerinə yetirənlər arasında polis orqanları xüsusilə seçildi. Yayılan videogörüntülərdə də polisin ehtiyacı olan vətəndaşlara nümunəvi davranışları təqdir qazandı. Bununla belə, karantin tətbiqi zamanı insanların ümemu psixoloji durumu da maraq doğurur. Polisə qarşı bu cür məsuliyyətsiz aqressiyada psixoloji amillər nə dərəcədə rol oynayır?

Psixoloq Günel Vüqar hesab edir ki, cəmiyyətdə insanlar arasında koronavirus pandemiyasının olmasına dair inam hissi azalıb. İnsanlar sübutlar axtarırlar, onların aqressiyası isə kobud şəkildə ifadə olunur:

"Məsələn, deyirlər bu qədər yoluxma vardırsa niyə bizim tanıdığımız adamlardan çıxmadı heç? İnanmayan kütləni evdə oturmağa da məcbur etmək çətindir. Bütün bu suallar insanlarda daxili aqresiyyanın yaranmasına gətirib çıxarır. Həftə ərzində işləyib iki gün istirahət etmək istəyənlər belə qadağaları qəbul edə bilmirlər. Və öz aqresiyyalarını daha kobud şəkildə ifadə edirlər. Mətbuatdan izləmişəm. Baş verən olay məyusedici təsir bağışlayır. Polislər qanun keşikçilərdir. Onların karantin rejimində gördükləri iş ağırdır, özlərini təhlükə altına atırlar. Cəmiyyət olaraq biz də onları görməliyik. İzlədiyimiz videogörüntüdə isə kobudluğu görmək olur. Öncədən vurğuladığım kimi, bəzi insanların inam hissi itdiyi üçün, qadağaları da qəbullənmək istəmirlər".

Psixoloq İlahə Dəmirbəy hafta.az-a açıqalamasında dedi ki, postpandemiya dövründən insanların həyata adaptasiyası gec olacaq:

"Çünki insanların beynində “birdən xəstələnərəm”, “hansısa qidanı tapmaram”, “təhlükə baş verər” kimi travmalar bir müddət qalacaq. İnsanın təməl ehtiyyacları ən başda qida, yuxu tələbidir. Bunlar olduğu halda insan özünü təhlükəsiz hiss edir. Sevgi, hörmət və formalaşmış şəxsiyyət statusu bunlardan sonra gəlir. İnsanlar qorxu içindı şüursuzcasına da hərəkət edirlər. Məsələn, elə qidalar vardır ki, xarab olandır. Amma onlar alıb saxlayırlar. Olar ki, iki gün ərzində bitər və nə edərik? Buna görə də insanlar gərginlik içində yaşayırlar. Onlar da bu haldan sonra onlara qadağa və tələb irəli sürənlərə qarşı çıxmağa başlayırlar”.

Ümumilikdə isə, psixoloqlar bu cür aqressiv davranışların yolverilməz olduğu qənaətindədir.