“Polşa-Azərbaycan münasibətlərinin tarixi əlaqələrin inkişafı üçün yaxşı zəmindir” – Rafal Poborski

20:00 03.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Bu gün biz 3 may 1791-ci il Konstitusiyasının iki əsrdən çox irsini xatırlayırıq. Lakin tarix bitəyib. Biz hər gün öz gözlərimizlə müşahidə edirik ki, Avropanın mərkəzində yaşayan bir millət azadlıq mübarizəsi üçün hansı bədəli ödəyir. Beləliklə, gəlin xalqımızın azadlığına dəyər verək”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Polşanın ölkəmizdəki səfiri Rafal Poborski Polşa Konstitusiyasının 232-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Səfir qeyd edib ki, əsrlər boyu işğalçı dövlətlər onun bir hissəsi olmağa razı olmayan xalqlara qorxu, köləlik və gerilik gətirib. Buna görə də Rusiyanın qəddar hücumuna cavab olaraq xalqlar mümkün şəkildə birlikdə hərəkət edə bilər – qaçqınlara sığınacaq verməklə və Rusiyanın təcavüzünü dəf etmək üçün Ukraynanı və onun ordusunu dəstəkləməklə.

“Artıq bir ildən çoxdur fikirlərimiz Ukrayna ilədir, onun azadlığını rus işğalçılara qarşı müdafiə edirik. Ukrayna xalqı həm də 3 may Konstitusiyasının dəyərlərinin varisidir və ukraynalılar illərdir ki, vətəndaşlarının gələcəyini təhlükəsiz şəkildə qurmaq üçün demokratiyaya, hüquqa, azadlığın təminatına əsaslanan dövlətlər birliyinin bir hissəsi olmağa çalışır. Bu istəklər Şərqdən gələn təcavüzkar tərəfindən vəhşicəsinə boğulmaqdadır. Azadlıq ənənəsinin və 3 may Konstitusiyasının varisləri olan Polşa və polşalılar “Ruskiy mirin/rus aləminin” nə olduğunu aydın başa düşür və xatırlayır” deyən səfir Polşa ilə Azərbaycan arasında münasibətlərdən də söz açıb. Diplomat qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda Polşa üçün əsas tərəfdaş ölkədir.

“Polşa Azərbaycanı ardıcıl olaraq Cənubi Qafqazda mühüm siyasi və iqtisadi tərəfdaş, Şərq Tərəfdaşlığının üzvü, Avropa İttifaqının enerji resurslarının təchizatçısı, eləcə də transkontinental nəqliyyat marşrutlarının həyata keçirilməsində əsas tərəfdaş kimi qəbul edir. Şübhəsiz, Ermənistanla davam edən sülh danışıqları uğurla başa çatdıqdan sonra Azərbaycanın bu rolu daha da güclənəcək. Buna görə də biz daim Avropa İttifaqı və ABŞ-ın regionun sabitləşməsinə yardım səylərini dəstəkləyirik. Cənubi Qafqaz xalqları arasında ədalətli, uzunmüddətli və dinc münasibətlərin qurulması onların inkişafı üçün ilkin şərtdir”, - deyib səfir Poborski.

O, ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini, əməkdaşlığın əsas sahəsinin əhəmiyyətli artımın müşahidə olunduğu iqtisadiyyat olduğunu qeyd edib.

“Bu ilin yanvar-fevral aylarının statistik məlumatlarına görə, Polşadan Azərbaycana ixrac 98 faizdən çox, Azərbaycandan Polşaya ixrac isə 5,5 dəfədən çox artıb. Ölkələrimizin sahibkarlarının ikitərəfli əməkdaşlığa marağı artır. Təkcə son aylarda səfirliyimiz azərbaycanlı tərəfdaşlar üçün Polşaya bir sıra işgüzar missiyaların təşəbbüskarı olub”, - o, bildirib.

Cənab Poborski qeyd edib ki, Polşa-Azərbaycan münasibətlərinin uzun tarixi çağdaş əlaqələrin inkişafı üçün yaxşı zəmindir.

“Əlaqələrimiz dinamik şəkildə inkişaf edir. Sonuncusu bu yaxınlarda - fevral ayında Bakıda keçirilən xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr buna sübutdur. İki həftə əvvəl Polşa prezidenti və Polşa parlamentinin hər iki palatasının sədri tərəfindən qəbul edilmiş Milli Məclisin sədri Sahibə Qafarovanın Varşavaya səfəri də parlamentlərarası əlaqələrin gücləndiyini göstərir. O cümlədən, hökumətlərarası əlaqələr də inkişaf etməkdədir” deyən səfir əlavə edib ki, qarşılıqlı birbaşa aviareyslərin açılması da iki ölkənin iş adamları və vətəndaşları arasında əlaqələrin inkişafına töhfə verir.

Onun sözlərinə görə, iki ölkənin biznesmenləri və iş adamları üçün əməkdaşlığın inkişafına təxminən bir il əvvəl Polşanın LOT aviaşirkəti tərəfindən Varşava-Bakı marşrutu üzrə birbaşa aviareysin açılması da müsbət təsir göstərməkdədir.

“Bir sözlə, Polşa-Azərbaycan əməkdaşlığının ənənəvi sahələrini genişləndirmək, əlaqələrin inkişafını stimullaşdırmaq və qarşılıqlı faydalı ikitərəfli əməkdaşlıq üçün yeni imkanları araşdırmağa çalışırıq. Məsələn, bir ildən artıqdır “V4-Azərbaycan Tech Bridge” proqramını uğurla həyata keçiririk. Bu proqram Vişeqrad Qrupu ilə Azərbaycan arasında innovasiyaların maliyyələşdirilməsini və startap əməkdaşlığını dəstəkləyir. Hazırda proqrama cəlb olunmuş Azərbaycan startaplarının sayı 80-ni ötüb”, - səfir bildirib.

Səfir bildirib ki, polyak xalqı 1918-ci ildə  siyasi müstəqillik qazanmış və bu ayın sonu 105 illik yubileyi qeyd ediləcək Azərbaycan Xalq Cümhuriyyətini yaratmış Azərbaycan xalqının əzmkarlığını xatırlayır və hörmət edir. “Xatırlayırıq ki, 3 may Konstitusiyası ilə simvollaşdırılan əbədi azadlıq ruhunu rəhbər tutaraq polyaklar bu Cümhuriyyətin yaradılmasında və inkişafında iştirak ediblər. Onların arasında Azərbaycan ordusunun Baş Qərargah rəisi, general Maçey Sulkeviç, Ədliyya nazirinin müavini Olqerd Kriçinski, Nazirlər Şurası Admnistrasiyasının rəhbəri Leon Kriçinski və başqaları da var. Polyak əsilli Stanislav Vonsoviç 1918-ci ilin dekabrında bu fundamental pronsiplər arasında üç böyük ideyanı önə çıxarıb: hakimiyyətin legitimliyi mənbəyi kimi xalqın iradəsi, qanunun aliliyi və bütün vətəndaşlar tərəfindən formalaşmış, xalqın siyasi çoxəsrlik mədəni kimliyinə hörmət. Təəssüf ki, Konstitusiyasının qəbulundan sonra Polşa-Litva dövləti aqressiv qonşularının mütləq monarxiyaalrının zərbələri altına düşdü. Lakin xalqın yaddaşı daimi bir mifə, növbəti 123 il ərzində milli müstəqilliyi bərpa etmək üçün mübarizə aparan polyakların istinad nöqtəsinə çevrildi. Nəhayət, 1918-ci ildə Polşa dövləti yenidən dirçəldi”, - deyib səfir Poborski.  

Çıxışının sonunda səfir deyib ki, 232 il öncə - 1791-ci il mayın 3-də Varşavadakı Kral qalasında birləşmiş Polşa Krallığı və Litva Böyük Hersoqluğunun parlamenti dünyada ABŞ-dan sonra ikinci, Avropada isə birinci müasir əsas qanunu qəbul edib. Bu isə yeni sistemi müəyyənləşdirib və  Polşada müxtəlif dinlərə mənsub olan bir çox xalqların azadlıq və hüquqlarını təsdiq edib.

Çıxışdan sonra tədbir mədəni proqramla davam edib.

Siyasət rubrikasından digər xəbərlər