Polşa səfirliyindən Azərbaycan neftçilərinə bayram təbriki

09:05 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Polşanın ölkəmizdəki səfirliyi, Neftçilər Günü münasibətilə Azərbaycanın neft və qaz sənayesinin əməkdaşlarını təbrik edib.

Hafta.az-ın yazdığına görə, təbrikdə o cümlədən polyaklara və Polşa icması nümayəndələrinə də bu prosesdə oynadıqları roldan dolayısı ən xoş arzular ünvanlanıb.

“Bugünkü bayram neftin çıxarılması üsullarını müasirləşdirən və onu dənizin dibindən çıxarmaq ideyasını irəli sürən, Azərbaycanda böyük xidmətləri olmuş polşalı ixtiraçı, geoloq və xeyriyyəçi Vitold Zqlenitskini (1850-1904) xatırlamaq üçün fürsətdir” deyilən bayram təbrikində bildirilir ki, polyak mütəxəssis qazma platforması konsepsiyasını və qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, o cümlədən neft quyularının əyriliyini ölçən cihaz və şaftların daha sürətli, daha çox dərinliklərə qazılmasına imkan verən cihazlar hazırlayıb.

“Vitold Zqlenitski Azərbaycan ərazisində və Xəzər Dənizinin suları altında karbohidrogen yataqlarının ehtiyatlarını müəyyən edib. Onu “Bakı neftinin atası” adlandırmaq olar, çünki onun geoloji fəaliyyəti və ixtiraları bu şəhərdə neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib”, - səfirliyin bayram təbrikində deyilir.

Bu arada, bir az da Vitold Zqlenitskinin avtobioqrafiyasına nəzər salaq: 

Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə o, Polşada mühəndis işləyib, lakin onun peşəkar həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlı olub - 1891-ci ildən ölümünə qədər burada çalışıb.

1. Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olub və neftin dənizdən çıxarılması ideyasını irəli sürüb. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlayıb. V.Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olub. Onu “Bakı neftinin atası” adlandırmaq olar, çünki onun geoloji fəaliyyəti və ixtiraları bu şəhərdə neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib.

2. Zqlenitskinin ictimai fəaliyyətini də xatırlanmağa dəyər. Məsələn Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində (ölümündən sonra - miras vəsiyyəti ilə) iştirak edirdi. V.Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi I Dünya Müharibəsinin başlaması ilə dayandırıldı. Rusiyada 1917-ci il inqilabından sonra V.Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum edildi (özgəninkiləşdirmə kompensasiya edilmədən həyata keçirilirdi).

3. Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb - o, Wola Kielpinska qəbiristanlığında dəfn olunub. Azərbaycanın neft-qaz sektorunda böyük xidmətləri olan bu şəxsin təəssüf ki, hazırda Bakıda xatirəsini yad etməkçün heç bir abidəsi və ya adına küçə yoxdur.