“Prezidentin narahatlığının ciddi əsasları var” – Sahib Məmmədov

15:03 04.02.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Fevralın 3-də Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Ölkə başçısı mərasimdə geniş nitq söylədi. Bir sıra məsələlərə toxundu.

Prezident bildirdi ki, bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir: “Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hafta.az-a açıqlamasında bildirdi ki, prezidentin narahatlığının ciddi əsasları var:

“Məsələ ondandır ki, Azərbaycanda rəsmi statistika orqanlarının açıqladığı saydaişçi varsa da, onlardan yalnız üçdə biri qədəri ilə müqavilə bağlanıb. Hətta üçdə birdən də az... Ən böyük problem də burada başlayır. Rəsmi statistikada göstərilir ki, Azərbaycanda 5 milyona yaxın işçi var. Onlardan yalnız bir milyon yarımından bir qədər çoxu əmək müqavilələrinin elektron qeydiyyat sistemində qeydiyyatdan keçərək əmək müqavilələri ilə işləyənlərdir”.

Sahib Məmmədov deyib  ki, həmin rəqəmin 900 mindən çoxunu dövlət orqanları, büdcə təşkilatları və ya dövlət tərkibindəki təsərrüfat subyektləri əhatə edir. Hüquq müdafiəçisi bildirib ki, Azərbaycanda əmək münasibətlərinin, əmək hüquqlarının az-çox qorunduğu sahə də elə bu sektordur: “Dövlət və dövlətin daxilində olan təsərrüfat subyektləridir. Ölkəmizdə özəl sektorda çalışanların sayı yarım milyondan bir qədər çoxdur. Əlbəttə, bu çox kiçik göstəricidir. Bu o deməkdir ki, ölkədə qeyri-formal əmək bazarının həcmi yüksək olaraq qalır. Müqavilə ilə işləyənləri də qanunsuz olaraq iş saatından əlavə olaraq işlərə cəlb edirlər. Amma bu özbaşınalıq əsasən özəl sektorda baş verir. Ticarət, tikinti-struktur layihələrini həyata keçirən təşkilatlarda bu cür hallar baş verir”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri onu da əlavə edib ki, bu sahələrdə əmək münasibətləri demək olar ki, tənzimlənmir: “Kağız üzərindədir. Əsas problem də elə buradadır. Əmək məcəlləsinə, əmək münasibətlərini tənzimləyən digər normalara görə iş saatından artıq işləməyə yol verilə bilər. Əmək Məcəlləsinə əsasən bu, fövqəladə hallarda və digər bu kimi situasiyalarda tətbiq oluna bilər. Əgər iş vaxtından əlavə işlərə cəlb olunursa, işçiyə ikiqat artıq maaş verilməlidir. Bu rəsmiləşdirilməlidir və işçinin razılığı olmalıdır. Fövqəladə halın, təbii fəlakətin aradan qaldırılması üçün işçini işdə saxlamaq olar. Amma bütün bunlar qanunvericiliklə tənzimlənməlidir. İşçilərin iş vaxtından sonra işlərə cəlb olunması onların əmək hüquqlarını pozur. Əməyin mühafizəsi hüququ burada pozulan əsas məqamdır. Onların sağlamlığına mənfi təsir göstərir. Artıq işlərə görə isə çox vaxt əlavə ödənişlər edilmir”.