Cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün bu ərəfədə Bakıda yeni inşa olunmuş penitensiar müəssisələr istifadəyə verilib. Açılışına ölkə prezidentinin də qatıldığı müəssisə, ötən əsrin 30-cu illərində inşa olunmuş və dövrün tələblərinə cavab verməyən eynitipli yerin əvəzinə inşa edilib.
Cəmiyyətin marağı nəzərə alınaraq sözügedən cəzaçəkmə müəsisəsində yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən geniş ictimai təqdimat keçirilib, buraya media-tur təşkil olunub.

Hafta.az-ın əməkdaşı da media-tura qatılanlar arasında idi.
İlk olaraq nəzərinizə çatdıraq ki, cəzaçəkmə müəsisəsi şəhər mərkəzindən bir qədər aralıda – Kürdəxanı qəsəbəsi ərazisində yerləşir. Daxilində inzibati binalar, yataqxana, mətbəx, yeməkxana, ana və uşaq bölməsi, müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş tibbi-sanitar hissə, məhkumların yaxınları ilə uzun və qısamüddətli görüş binası və digər tikililər olan geniş ərazini əhatə edən müəsisələr hündür divarları ilə ətrafdan təcrid olunub. Azadlıqla sərhədd olan əsas qapıdakı ciddi rejimli yoxlanışdan keçdikdən sonra cəzaçəkmə müəsisəsi ilə əyani tanışlığımız başladı. Uzun dəhlizləri olan binaya daxil olana qədər müəsisələrin həyətini bir xeyli dolaşmalı olduq. Sıra ilə düzülü pəncərələrdən boylanan məhkunlar azadlıqdan gələnləri ayrı bir həvəslə izləyirdilər.

Yeni istifadəyə verilən pentensiar müəsisələrdə məhkumların asudə vaxtlarını səmərəli keçirə bilmələri üçün böyük imkanlar yaradılıb. Misal olaraq, 18 nömrəli Bakı Peşə Məktəbini, kompüter, tikiş, toxuculuq və televizor otaqlarını, kitabxanabı, idman zalını göstərə bilərik. Həmçinin cəzaçəkmə müəsisəinin daxilində gözəllik salonu, namaz otağı və istirahət guşəsi də mövcuddur. Onu da deyək ki, burada məhkumların sağlamlığı nəzərə alınaraq müvafiq tibbi və psixoloji xidmətlər də göstərilir.

Həbsxanada dünyaya gələn uşaqların anaları ilə vaxt keçirməsi üçün yaradılan Ana və Uşaq otaqlarına baş çəkdik. Dünyanın, eləcə də cəmiyyətimizin ən dəhşətli bəlası sayılan narkotik ucbatından gözlərini dörd divar arasında açan 2 körpə bala var idi burada. Anaların peşmanlığı üzlərindən oxunurdu.
Məhkum Abbasova Rəmziyyə xanım taleyini göz yaşları ilə danışmağa başladı. O deyir ki, 2 övladı var, birini həbsxanada dünyaya gətirib. Uşağı 3 yaşına çatdıqdan sonra ona baxa biləcək tək ümüdü olan yaşlı anası isə 2 ay öncə dünyasını dəyişib. 16 yaşlı qızı hazırda təkbaşınadır:

“Cəzamın başa çatmasına 2 il 4 ay qədər vaxt qalıb. 4 ay sonra isə burada dünyaya gətirdiyim oğlumun 3 yaşı tamam olduğu üçün daha mənimlə qala bilməz. O, aparılacaq. Azadlıqda məni anam və 16 yaşlı qızım gözləyirdi. 2 ay əvvəl anamı itirdim. İndi qızım tək qalır. Oğlumu da böyük ehtimalla uşaq evinə verəcəklər. Ev dustaqlığına buraxılmaq üçün müraciət etmək istəyitəm. Heç olmasa övladıma özüm baxaram. Ancaq hələ buna görə heç bir addım atmamışam”.
Digər həmsöhbətimiz olan məhkum qadını isə bir qədər daha şanslı hesab etmək olar. Qızı Miraya hamilə olanda, həyat yoldaşının istifadə etdiyi narkotik maddə ilə saxlanılan Nəcibə xanım 3 il 10 ay sonra azadlığına qovuşacaq. Məhkumun qızının 3 yaşı tamam olduqda azadlıqda ona baxa biləcək ailəsi və yaxınları var:

“Bir il 3 aydır ki burdayam. Əməlimdən çox peşmanam. Düzü evlənəndə həyat yoldaşımın narkotik maddə aludəçisi olduğunu bilirdim. Ancaq işlərin bu yerə gələ biləcəyini düşünməmişdim heç vaxt. 2 il idi evlənmişdik. İndi onunla əlaqəmiz yoxdur. Övladını da görmür. Valideynlərim onunla danışmağıma icazə vermirlər. Azadlığa qovuşmağıma 3 il 10 ayım qalıb. Burdan çıxandan sonra həyatımı qızıma və ailəmə həsr etmək, cəmiyyətə sağlam düşüncəli övlad bəxş etmək istəyirəm”.
Onu da deyək ki, həbsxanada fəaliyyət göstərən kitabxana, yeməkxana, gözəllik və məişət otaqlarında işləyən qadınların hər biri məhkumlardır. Biz də bu otaqları gəzdikcə xanımlarla ayaqüstü söhbət edib fəaliyyətləri haqqında məlumat aldıq. Səliqəli nitqi ilə digər məhkumlardan seçilən kitabxanaçı qadın deyir ki, ixtisasca kitabxanaçı olduğundan məhkumlara kitab seçimi edərkən yol göstərməyi sevir:

“Cəzaçəkmə müəsisəsində ən çox oxunan kitablar əsasən oxucuların yaş dövründən asılıdır. Mən hər zaman klassikaya üstünlük verirəm. Amma adam var ki dedektiv əsərləri daha çox sevir. Həbsxana olduğuna görə təbii ki belə kitabların oxucuları bir qədər çoxdur. 20-21 yaşlı gənclər kriminalistikaya meyilli olsalar da çalışıram onları klassikaya yönləndirim. Kitabxanamızda Rus və Azərbaycandilli kitablar üstünlük təşkil edir”.
Qadın hər yerdə qadındır” deyirlər. Doğurdan da elədir. Dörd divar arasına məhkum olan xanımlar burada da gözəlliklərindən geri qalmır, saç boyası və digər salon xidmətləri üçün müəsisənin gözəllik salonunda işləyən qadınlara müraciət edirlər. Onlar da böyük həvəslə həmcinslərinə xidmət göstərir, beləcə özlərini hər səhər oyanıb işə gedirmiş kimi hiss etdiklərini deyirlər.
Cəzaçəkmə müəsisəsinin bəlkə də ən çətin işlərindən biri də növbəti müsahibimin çiyinlərindədir. Ədliyyə kapitanı, psixoloq Zülfiyyə İbrahimova həbsxanada məhkumlara psixoloji xidmət göstərir. Söhbət zamanı o, cəza evində psixoloq işləməyin, normal həyatdakından qat-qat daha çətin olduğunu vurğuladı:
“Normalda psixoloqun gün boyu 5-6 pasientdən artıq görüşü mümkün deyil. Ancaq cəzaçəkmə müəsisəsində çalışırsansa məcbur qalıb daha çox insanı qəbul etməli olursan. O ki qaldı məhkumlarla işləməyə, bu olduqca çətindir. Bir var ki azadlıqda psixoloq işləyəsən, bir də var cəza evində. Azadlıqda psixoloq işləyən vaxt, pasient hansısa problemlə bağlı müraciət edir. Bu zaman ona mühit dəyişikliyini, aildən uzaqlaşmağı yaxud da gəzinti və səyahəti tövsiyyə edirik. Burada isə müraciət edənləri nə ətrafından uzaqlaşdıra, nə də onların ailə və övlad qayğılarını azalda bilirik. Siz də bilirsiniz ki, analar hər zaman övladlarından narahatdırlar. “Yemək yeyirmi?”, “vaxtı-vaxtında yatırmı?”, “görəsən vəziyyəti necə oldu” kimi suallar demək olar hər gün qarşılaşdığım problemlər arasındadır”.
Kapitanın sözlərinə görə, ən çətin iş, yeni gələn məhkumları həbsxana reallığı ilə barışdırmaqdır. Heç kəs bunu asan qəbul etmir:
“Bəzən yeni gələn məhkumlar törətdikləri cinayətdən asılı olaraq uzunmüddətli -16, 18, 20 il cəza alırlar. Sən isə psixoloq olaraq bu reallığa məhkumu öyrəşdirməlisən. İlk gələndə cəzaçəkən düşünür ki, “Görəsən mən tez buraxıla bilərəm?”. Onlar elə hesab edirlər ki 2-3 il sonra azadlığa qovuşacaqlar. Bu ehtimala inanırlar. Belə insanlara ümid vermək böyük səhv olardı. Məsələn, 27 yaşlı gənc 15-20 il azadlıqdan məhrum edilir. Mən isə ona 40-45 yaşından sonra burdan çıxa biləcəyini aşılayıram. Bu səbəbdən məhkuma həqiqəti qəbul etdirmək çətindir”.
Cinayət törədən insanların məhkumluq həyatı yaşadıqca etdikləri əməldən peşman olmaqlarına gəldikdə isə, psixoloq deyir ki, bəzən buna uzun illər lazım olmur. Elə məhkumlar da var ki, onlar günahi özlərində yox başqalarında axtarırlar:
“Törətdiyi əməldən peşman olması üçün bəzi insanlara heç bir ilə belə ehtiyac qalmır. Ümumiyyətlə cinayət törədənlər kateqoriyalara ayrılırlar. Bir qisim məhkum, əməli törətdiyi andaca peşman olur. Bəzi məhkumlar isə, etdikləri cinayətə görə özlərini yox, başqalarını günahkar sayırlar. “Mənlik bir şey olmadı”, “Maddi vəziyyətim məni buna məcbur etdi” və s. kimi ifadələr belə şəxslərin özünümüdafiə cümlələridir. Bir də elə cəzaçəkənlər var ki, onlar heç vaxt peşmanlıq hissi duymurlar. Hətta burada olduğu müddətdə, yollar axtarır ki, azadlığa çıxandan sonra cinayəti elə törədim ki, bir də tutulmayım. Bu kateqoriyaya mənsub insanlar daha çətin reablitasiya olunur. Həbsə düşən adamlar daha çox psixoloji olaraq “olmazlar”a məhəl qoymayanlardır. Türmədə isə onlara ilk növbədə rejimlə yaşamaq öyrədilir. Məhkumlar rejimlə yaşamağa öyrəşdikcə, tədricən “olmazlar”ı qəbul edirlər”.
Qeyd edək ki, media-turda Pentensiar xidmətin rəis müavini, general Oqtay Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, ombudsman Səbinə Əliyeva və millət vəkilləri də iştirak etdilər. Onlar məhkumlarla görüş zamanı çıxışlarında, dövlət tərəfindən yaradılan şəraiti yüksək qiymətləndirib, cəzaçəkənlərin cəmiyyətə adaptasiya ediləsi məsələsində görülən işlərin vacibliyini xüsusi vurğuladılar.
Sonda isə, tanınmış sənət adamlarının iştirakı ilə məhkumlara konsert proqramı təşkil olundu.