Qazaxıstanın baş naziri Oljas Bektenov ölkəsinin rusiyalı tərəfdaşları olmadan planlaşdırdığı üç kömür elektrik stansiyasından birinin tikintisinə başladığını açıqlayıb. Bildirilib ki, Kokşetauda başlanılan layihə Rusiyadan gözlənilən aşağı qiymətli maliyyə təminatı reallaşmadığı üçün öz resursları hesabına həyata keçirilib.
Hafta.az-ın yazdığına görə, Bektenov mətbuat konfransında, "Rusiyanın zəmanət verdiyi ucuz maliyyələşdirmə ilə bağlı qəti məlumat ala bilmədiyimiz üçün Kokşetauda öz gücümüzlə tikintiyə başladıq və başqa heç kimə müraciət etmədik" deyib. O əlavə edib ki, layihə Qazaxıstanın “Samruk-Enerqo” holdinqi tərəfindən idarə olunur.
Semey və Oskemendə planlaşdırılan digər iki istilik elektrik stansiyası layihəsi üçün gözləmə davam edir. Bektenov “Əgər tezliklə cavab almasaq, bu layihələri müstəqil şəkildə həyata keçirməyə səy göstərəcəyik... Artıq gözləyə bilmərik, bizə həm istilik, həm də elektrik lazımdır” deyib.
İki ölkə 2024-cü ilin aprelində üç istilik elektrik stansiyasının tikintisi ilə bağlı hökumətlərarası saziş imzalayıb. Inter RAO - İxrac Rusiya tərəfində səlahiyyətli şirkət kimi təyin edilib. Bununla belə, maliyyə problemləri Qazaxıstanı müstəqil hərəkət etməyə məcbur edib.