Qlobal ölkədaxili miqrasiya 2022-ci ildə rekord qırıb

09:15 12.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə müharibə və təbii fəlakətlər səbəbindən dünya üzrə 71 milyon insanın məcburi köçkün olduğu açıqlanıb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, Norveç Qaçqınlar Şurası və Daxili Miqrasiya Müşahidə Mərkəzinin (İDMC) hazırladığı hesabata görə, yaşadıqları ölkə üçün köçkünlərin sayı əvvəlki ilə nisbətən 20 faiz artıb. Bəzi insanların il ərzində bir neçə dəfə evlərindən didərgin düşdüyü bildirilən hesabatda 60,9 milyon insanın ilk dəfə köç etmək məcburiyyətində qaldığı qeyd edilib.

IDMC prezidenti Alexandra Bilak rəqəmlərin "son dərəcə yüksək" olduğunu söyləyib. O, "Artımın böyük hissəsi Ukraynadakı müharibə ilə əlaqədardır. Amma Pakistanda baş verən sel fəlakəti, dünyada davam edən qarşıdurmaların və fəlakətlərin sayı da təsirli olub" deyib.

Bildirilib ki, münaqişələr səbəbindən miqrasiya etməyə məcbur olan insanların sayı 28,3 milyon nəfər olub ki, bu da son 10 ilin orta göstəricisindən 3 dəfə çoxdur.

Keçən il 17 milyon insan Ukrayna daxilində miqrasiya etmək məcburiyyətində qaldığı halda, Pakistanda baş verən sel fəlakəti səbəbindən 8 milyon insan köç edib. Saharaaltı Afrikada isə, əsasən Konqo və Efiopiyadakı münaqişələr səbəbindən 16,5 milyon insan köçkün düşüb.

2023-cü ildə yerdəyişmələrin sayının artmağa davam edəcəyi gözlənilir. Sudan kimi yeni münaqişələrin daxili miqrasiyaya səbəb olacağı təxmin edilir. BMT-nin rəqəmlərinə görə, indiyədək 700 min insan bu ölkənin daxilində mühacirət etməli olub, 150 min nəfər isə xarici ölkələrə gedib.

Siyasət rubrikasından digər xəbərlər