Son illərdə təhsil sahəsində aparılan islahatlar rəqabətli, müasir bacarıqlara malik mütəxəssislərin hazırlanmasında əhəmiyyətli amilə çevrilib. Belə ki, təhsilalanların rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, müasir tədris proqramlarının uğurla tətbiq edilməsi istiqamətində atılan addımlar islahatların effektivliyini daha da artırır. Təbii ki, bəhs olunan hədəflərə çatmaq üçün “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində son illər ölkəmizin ümumi təhsil sistemində uğurla tətbiq olunan “Rəqəmsal bacarıqlar” layihəsinin əhəmiyyəti danılmazdır.
Məntiqi bacarıqlar inkişaf etdirilir
Qeyd edək ki, 2017-2018-ci dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlanılıb. Layihə çərçivəsində alqoritmik düşüncə və məntiq, layihə işləmə bacarıqları inkişaf etdirilir və proqramlaşdırmanın əsasları öyrədilir. İnformatika fənninin yeni formatda tədrisindən ibarət olan "Rəqəmsal bacarıqlar" layihəsinə ilk Bakı məktəblərindən start verilib. Təhsil Nazirliyi ilə informasiya texnologiyaları sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkətinin birgə həyata keçirdiyi layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Çünki dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Həmçinin fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.
Əslində, bu yeniliyin tətbiqinə birdən-birə qərar verilməyib. Layihəyə başlamadan öncə bu istiqamətdə Təhsil Nazirliyi geniş araşdırma aparıb. Layihənin məqsədlərini düzgün formalaşdırmağa xidmət edən bu tədqiqata bir neçə məşhur şirkətin ekspertləri də qoşulub. Təqdim edilən rəylərdə digər ölkələrin təcrübəsi əhatə olunub. Araşdırma üzrə 150 səhifədən çox böyük hesabat hazırlanıb və son olaraq ixtisaslaşan şirkətlərin işinin təhlilindən sonra onlardan birinin üzərində dayanılıb. "Alqoritmika" beynəlxalq təhsil şirkəti proqramlaşdırmanı yeni üsullarla, ən yaxşı beynəlxalq təcrübələri özündə birləşdirən pedaqoqların yaratdığı məzmun əsasında öyrətdiyi üçün məhz onunla birgə işə qərar verilib. "Alqoritmika" dərsləri uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. Dövlət səviyyəsində ən böyük fəallığı Azərbaycan nümayiş etdirərək layihənin ümumtəhsil məktəblərində icrasına başlayıb. Başqa ölkələrdə bu, məktəbdən sonrakı hazırlıq, özəl məktəb və liseylərdə həyata keçirilir. Həmin şirkət Azərbaycana bu xidməti fərdi qaydada həyata keçirmək üçün deyil, məktəblərdə uşaqlara dərs proqramı çərçivəsində keçirilməsini təşkil etmək üçün dəvət edilib. Azərbaycan MDB məkanında həm də yeganə ölkədir ki, bu istiqamətdə böyük addımlar atıb. Rəqəmsal bacarıqları inkişaf etdirməyə nail olan ölkələrin təcrübəsini əks etdirən hesabatda dövrün və yaxın gələcəyin əsas tələbləri əksini tapıb.
120 minədək şagird informatikanı yeni metodla öyrənir
Onu da deyək ki, “Rəqəmsal bacarıqlar” üzrə ilk layihə Bakı şəhərində 45 məktəbdə 5-ci sinif üzrə 65 min şagirdi əhatə edib. 2018-2019-cu tədris ilində ölkə üzrə daha 73 məktəbdən 26 min şagird layihəyə cəlb olunub. 2019-2020-ci tədris ilində isə layihə artıq ümumi 123 məktəb üzrə 70 min IV, V, VI və VII sinif şagirdlərini əhatə edib. Cari tədris ilinin statistik göstəricilərinə əsasən , ölkə üzrə layihənin əhəmiyyətini, uğurlu tətbiqini, eləcə də ictimaiyyət tərəfindən müsbət qarşılanması nəzərə alınaraq, layihənin əhatə dairəsi həm coğrafi, həm də müəllim və şagird sayı baxımından genişləndirilib. Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir şəhər və rayonları üzrə 222 məktəbdə tətbiq edilir və 120 minədək II-IX siniflər üzrə Azərbaycan və rus bölmələrinin şagirdlərini əhatə edir. “Alqoritmika” beynəlxalq təhsil şirkətinin peşəkar metodist və məzmun heyəti tərəfindən yeni üsullar və ən innovativ metodlardan istifadə etməklə hazırlanan proqram bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. 2020-2021-ci tədris ilindən etibarən layihə çərçivəsində təhsil alan VII, VIII və IX sinif şagirdlərinə artıq yüksək səviyyəli “Python” proqramlaşdırma dili üzrə dərslər keçirilir. Bütün məktəblərdə dərslər zamanı şagird və müəllimlər tərəfindən istifadə olunan rəqəmsal sistemin uğurlu tətbiqi üçün İKT infrastrukturunun əhəmiyyətli dərəcədə təkmilləşdirilməsi işləri həyata keçirilib, Azərbaycan Təhsil Şəbəkəsinə sürətli çıxış təmin olunmuşdur.
Bu illər ərzində məktəblərdə layihə çərçivəsində informatikanın yeni formatda tədrisi ilə yanaşı, müxtəlif yaş qrupları üzrə şagirdlər üçün həm beynəlxalq, həm də yerli müsabiqələr və tədbirlər keçirilib. Məsələn, 2019-cu ildə ölkədə layihə çərçivəsində “Kod saatı” qlobal hərəkatı üzrə irimiqyaslı tədbirlər həyata keçirilib. Tədbirlərə qatılan 3 mindən çox şagird “Scratch” - xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə edib. “Kod saatı” hərəkatının məqsədi şagirdləri proqramlaşdırmanın maraqlı, asan və əlçatan olması barədə məlumatlandırmaq olub. Çoxsaylı beynəlxalq müsabiqələr və tədbirlərlə yanaşı, layihə çərçivəsində ötən ilin dekabr ayında proqramlaşdırma və riyaziyyat üzrə “Qış onlayn yarışı” təşkil olunub. Ölkə üzrə ümumi təhsil müəssisələrinin 8-15 yaş arası məktəbliləri üçün nəzərdə tutulan yarışma şagirdlərin asudə vaxtlarını səmərəli və əyləncəli keçirməsi, eyni zamanda, proqramlaşdırma və riyaziyyat üzrə bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyıb. Ümumilikdə yarışa bütün bölgələrdən 18 minə yaxın şagird qoşulub. Bu tip yarış və müsabiqələrdə şagirdlər biliklərini möhkəmləndirməklə yanaşı, yaradıcılıq bacarıqlarını da fəal şəkildə nümayiş etdirirlər.
Bundan başqa, şagirdlərin vahid platforma üzərindən layihə üzrə fəaliyyətlərinin davam etdirilməsi üçün “Rəqəmsal bacarıqlar” layihəsinin platformasını “Virtual məktəb” portalına da inteqrasiya olunub. Layihə üzrə əyani və distant dərslərlə yanaşı, həm Azərbaycan, həm də rus bölmələri üçün teledərslərin yayımı da davam etdirilir. Bu günə qədər layihə çərçivəsində 280-dən çox teledərs efirə gedib. Hazırda layihə çərçivəsində tədris olunan məzmun üzrə dərsliklərin elektron dərslik portalına yerləşdirilməsi üzrə işlər aparılır.
Yeni hədəflər müəyyənləşdirilib
Qeyd edək ki, hazırda layihənin daha da genişləndirilməsi əsas hədəflərdən biridir və bu istiqamətində planlaşdırma işləri aparılır, strateji məsələlər müzakirə olunur və hədəflər müəyyən edilir. Belə ki, cari ilin pilot II və IX siniflərində layihə rus bölməsinin şagirdləri üçün tədris olunurdu, növbəti tədris ilində isə bu iki sinif üzrə Azərbaycan bölməsinin şagirdləri də layihəyə qoşulacaq. Mövcud məktəblərdə siniflərin sayının artırılması ilə yanaşı, layihəyə qoşulan şəhər və rayonların sayının artırılması da planlaşdırılır. Bundan başqa, pandemiya ilə bağlı vəziyyətə uyğun olaraq, şagirdlərimiz üçün beynəlxalq səviyyəli, eyni zamanda, milli yarışların təşkili, müəllimlər üçün beynəlxalq seminar və təlimlərdə iştiraklarının təmin olunması da nəzərdə tutulur.
Yeri gəlmişkən, bu yaxınlarda “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində Təhsil Nazirliyi və "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi arasında görüş keçirilib. Görüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, sektor müdiri Ayla Həsənova, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Nilufər Rəhimova, “Alqoritmika” şirkətinin təsisçisi Andrey Lobanov və şirkətin nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində “Rəqəmsal bacarıqlar” layihəsi üzrə cari tədris ilində görülən işlərin hesabatı, tədrisin keyfiyyəti üzrə tədqiqat nəticələri təqdim olunub və növbəti tədris ili üçün nəzərdə tutulan işlərin planları müzakirə olunub. Eyni zamanda, layihə çərçivəsində cari ildə pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması üzrə keçirilən təlimlər, şagirdlərin alqoritmik düşüncə, layihə işləmə bacarıqlarını inkişaf etdirən müsabiqələr barədə məlumat verilib.