Rəqəmsal diplomlar - yeni təşəbbüs

10:45 27.02.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ali təhsil sənədlərinin kağız formatında verilməsi tarixə çevrilir

Azərbaycanın təhsil sistemində həyata keçirilən islahatlar çərçivəsində diplomların verilməsi məsələsində yenilik tətbiq olunacaq.  Belə ki, ötən ilin dekabrında Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununu təsdiq edib. Qanuna əsasən, təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi veriləcək. Eyni zamanda, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında arayış veriləcək.

Təhsil Nazirliyindən hafta.az verilən məlumata görə,sözügedən işlər ölkədə təhsil sənədlərinin hazırlanması və verilməsi prosesinin ən son texnologiyaların tətbiqi ilə bütünlükdə elektronlaşdırılması, nəticədə bu prosesin daha çevik, sadə və şəffaf təşkili, elektron sənədlərin vahid yoxlama portalı vasitəsi ilə istənilən məkandan həqiqiliyinin yoxlanılması, təhsil sənədlərinin elektron resurslarda ömürboyu saxlanılması kimi geniş imkanlar yaradacaq.

Bəs, görəsən, diplom sənədlərinin elektronlaşdırılması təcrübəsi hansı ölkələrdə mövcuddur?  Bu addımın atılması hansı üstünlükləri qazandıracaq?

Beynəlxalq təcrübə nə deyir?

Qeyd edək ki, rəqəmsal diplomların verilməsi təcrübəsi bir sıra ölkələrdə də mövcuddur. Məsələn, qonşu Rusiyada bu təcrübə pilot layihə olaraq 2019-cu ildən tətbiq olunur. Həmin il yeni model ölkənin 5 ali məktəbində sınaqdan keçirilib. 2020-ci ildə isə belə məktəblərin sayı  15-ə çatdırılıb. Rəqəmsal diplomlar artıq  bu ildən "Müasir rəqəmsal təhsil mühiti" saytı əsasında  tətbiq ediləcək. Rusiyanın Təhsil və Elm Nazirliyinin açıqlamasına görə, elektron diplomlara keçid saxta diplomlarla  mübarizə aparmağa imkan verəcək.  Belə ki, elektron formada  diplom rəqəmsal portfolionun bir  hissəsi olacaq, sənəddə məzunun təcrübə keçməsinə, idman nailiyyətləri, elmi tədqiqatlarda  və ixtisasartırma kurslarında iştirakına dair məlumatlar əks olunacaq.

Bu informasiyalara giriş isə təkcə ali məktəb üçün deyil, həm də işəgötürənlərə də əlçatan olacaq.  Bu məlumatlar işəgötürənlər üçün məzunların  real vərdiş və bacarıqları baxımından çox əhəmiyyətlidir. Rusiyalı mütəxəssislərin fikrincə, diplom və sertifikatların elektron formada verilməsi yaxşı təcrübədir,  bir çox xarici ali məktəblərdə istifadə olunur və təhsil  sənədlərinin əslliyinin yoxlanması prosedurunu sadələşdirir.  Bu addım ali məktəblərə  işəgötürənlərin, işə qəbul agentliklərinin və məlumatların yoxlanması üzrə ixtisaslaşdırılmış şirkətlərin daim müraciət etməsinə imkan yaradır.

Qeyd edilir ki, Rusiyada  diplomun yoxlanması işəgötürənlərə orta hesabla 30 günə başa gəlir, yoxlanan sənədlərin üçdə birinin saxta olduğu müəyyən olunur. Bu mənada rəqamsal diploma keçidin həm işəgötürənlərin, həm də işaxtaranların işini asanlaşdıracağı güman olunur.

“Diplom” işbazlarının bazarı bağlanacaq

Məsələnihafta.az şərh edən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, “Təhsil haqqında” qanuna dəyişiklikdən sonra təhsil sənədləri elektron formada, portal vasitəsilə veriləcək. Onun sözlərinə görə, belə bir dəyişikliyin edilməsinə ciddi zərurət var idi: “Çünki son illər ərzində kifayət qədər insan sənədinin itməsi və korlanması ilə bağlı müraciət edirdi. Eləcə də, dövlət nümunəsi olmayan saxta diplomların əldə edilməsi halları var idi. Saxta diplomlu həmin şəxslər əmək bazarındadırlar. Sonuncu qərar bir çox məsələlərdə təhsil alan şəxslərə kömək edəcək. Artıq heç kim saxta diplom, sənəd ala bilməyəcək. Çünki bunun üçün elektron portalda müvafiq məlumatın olması zəruridir. İkincisi, diplomların notarial qaydada təsdiqinə də ehtiyac olmayacaq. Portal həm ingilis, həm Azərbaycan dilində təhsil sənədlərini özündə əks etdirəcək ki, həmin şəxslər istənilən xarici ölkəyə gedəndə təhsil sənədlərini bu portal vasitəsilə təqdim edə biləcək. Əvvəllər təhsil sənədləri itirdi, korlanırdı, yararsız hala düşürdü. Bu da onun dublikatının alınmasına gətirib çıxarırdı. Bəzən isə qanunvericiliyə görə, bir dəfə dublikat verildikdən sonra ikinci dəfə almaq mümkün olmurdu. Və insanlar məcbur olub, növbəti dəfə sənədi əldə edirdilər. Əgər bir dəfə də itirsələr, belə bir şansları olmurdu. İndiki situasiyada isə onun dublikatına və yaxud da hər hansı bir itməyə görə narahatlığa əsas olmayacaq. Çünki həmin şəxs istənilən an bu portaldan istifadə edə biləcək və öz təhsili haqqında məlumatlarını əldə edə biləcək. Hər kəs rahatlıqla, istənilən yerdə bu sənəddən istifadə edə biləcək, bu da mobillik və əlçatanlıq baxımından çox müsbət haldır”.

Ekspert vurğulayıb ki, hər kəs özünün təhsili ilə bağlı məlumatları portaldakı şəxsi kabineti vasitəsilə müəyyənləşdirə və əldə edə biləcək. Ekspertin sözlərinə görə, bu proses cari ildən etibarən tətbiq ediləcək: “Ali təhsil müəssisələrinin istər bakalavr, istərsə də magistratura pilləsində təhsil alan şəxslər sənədlərini artıq “TEAMS.edu.az” portalından əldə edəcəklər. Belə ki, “Təhsil” mərkəzləşdirilmiş informasiya sistemində hər bir tələbənin özünün identifikasiya kodu olacaq. Amma bu, o demək deyil ki, təhsilini başa vurmuş şəxslərə bununla bağlı hər hansı sənəd verilməyəcək. Belə deyil. Xarici təcrübədə də gördüyümüz kimi, arayış formasında həmin şəxsin təhsili haqqında məlumatları əks etdirən sənəd veriləcək, amma bu, əvvəlki diplomlar kimi olmayacaq”.

Sənədlərə əlçatanlıq səviyyəsi yüksələcək

Qanunun əhəmiyyətindən danışan Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov da hesab edir ki, yeni qərar bir sıra mühüm məqamları özündə ehtiva edir: “Əslində bununla bağlı iş çoxdan başlanılmışdı və elektron bazanın formalaşdırlması istiqamətində proses davam etdirilirdi. Ümid edirəm ki, məzunlarımız üçün bu sistem əlçatan olacaq. İstənilən yerdə, məkan və zaman heç kəsə əngəl olmadan hər kəs təhsil sənədlərini əldə edə biləcək. Bunun üçün hər bir məzuna müvafiq kodlar veriləcək və təqdim olunan kod vasitəsilə şəxs sistemə daxil olaraq öz elektron sənədini rahatlıqla əldə edə biləcək. Qərar insanların müvafiq sənədlərə əlçatanlığının təmin olunması baxımından xeyli əhəmiyyətlidir. Həmçinin bu, əmək bazarında saxta diplomlu şəxslərin üzə çıxmasına da kömək olacaq. Çünki sistemə təkcə məzunlar deyil, işəgötürənlər də daxil olub həmin şəxsin müvafiq təhsil sənədini görə biləcəklər”.

Ekspert əlavə edib ki, burada təhsil haqqında sənədlər deyərkən təkcə ali məktəb diplomları nəzərdə tutulmayıb: “Orta ixtisas təhsili müəssisələrinin və peşə məktəblərinin diplomları, attestatlar və təhsil arayışları da bura daxildir. Qərarın digər bir özəlliyi isə ondan ibarətdir ki, qərar təkcə builki və bundan sonrakı illərin məzunlara şamil olunmayacaq, həmçinin əvvəlki illərin məzunlarının sənədləri də bu sistemdə yerləşdiriləcək. Onlar da sistemə daxil olaraq sənədlərinə baxa və yükləyə bilərlər. Bununla yanaşı, təhsilin müəyyən pilləsini bitirən şəxslərin hansısa təhsil arayışlarının alınması ilə bağlı elektron xidmət də göstəriləcək. Bu, həm bütövlükdə Azərbaycanda son illərdə müxtəlif sahələrdə elektron xidmətlərin tətbiq olunmasından irəli gələn məsələdir, həm də insanlar üçün daha rahat bir şərait yaradılmasına yönəlib”.

Mütəxəssis həmçinin qeyd edib ki, bu bəcrübə dünyanın müxtəlif ölkələrində də mövcuddur: “Məsələn, region ölkələrindən Rusiyada və müxtəlif Avropa ölkələrində analoji təcrübə var. Bütün bunlar insanların bu xidmətlərdən daha rahat formada yararlana bilmələrinə və əlçatanlığa yönəlib. Bu addım sənədlərə əlçatanlıq səviyyəsini yüksəldəcək”.