“Rəsmi Bakı bütün hallarda Tehranın açıq təhdidlərini cavabsız qoymamalıdır” - Politoloq

17:11 18.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Aydın məsələdir ki, İran açıq şəkildə Azərbaycanı təhdid edir. İran Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlər ilə Zəngəzurla bağlı bir müddətdir dilə gətirdiyi “sərhədlər dəyişəcəksə, hərbi müdaxilə edəcəyik” təhdidinin real olduğunu göstərməyə çalışır. Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməklə isə lazım gələrsə real addımların da atıla biləcəyi mesajını verirlər”.

Bunu hafta.az-a politoloq Turan Rzayev İranın Azərbaycan sərhədləri yaxınlığında təlimlərin keçirilməsi ilə bağlı şərhində bildirib.

T.Rzayev qeyd edib ki, dünəndən etibarən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları İranın şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə, Araz çayı boyunca “Qüdrətli İran” adlandırdığı təlimlərə başlayıb.

Onun sözlərinə görə, hər bir ölkənin hərbi təlimlər keçirmək hüququ var və təlimlərin ölkənin hansı bölgəsində keçirilməsi həmin ölkənin verəcəyi bir qərardır. Lakin hərbi təlimlərin məqsədi, keçirilməsi və özlüyündə mesaj ehtiva etməsi də bilinən bir gerçəkdir.

“Məlum olduğu kimi, İran ötən ilin payızında da ölkənin şimal-qərb hissəsində, Azərbaycanla sərhəddə “Xeybər fatehləri” kod adlı təlimlər keçirmişdi. Lakin “Xeybər fatehləri” adlı təlimi İranın dövlət ordusu olan “Ərteş” həyata keçirmişdi. “Qüdrətli İran” təlimlərini isə SEPAH-ın quru qoşunları keçirir.

SEPAH təlimlərin keçirilməsindən bir neçə gün öncə təlimlər çərçivəsində Azərbaycanla sərhəddə helikopter-paraşüt əməliyyatı, helikopter döyüşü, PUA-ların istifadəsi, nəqliyyat- rabitə xətlərinin ələ keçirilməsi və nəzarət, strateji yüksəkliklərin ələ keçirilməsi və Araz çayı üzərində körpünün inşa edilməsini məşq edəcəklərini açıqlayıb. Xüsusilə təlim zamanı Araz çayı üzərində hərbi texnika və canlı qüvvələrin hərəkətini sınaqdan keçirmək məqsədilə körpülərin inşa edilməsi diqqət çəkir.

Digər diqqətçəkən məqam isə SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpurun təlimlər haqda dedikləridir: “Təlimlər qonşu ölkələr üçün sülh mesajı, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır”.

Politoloq “Araz çayı üzərində körpünün inşa edilməsini məşq etməyin “dostluqla” nə əlaqəsi var”-sualına aydınlıq gətirərərk, burda mübahisəli məqamların olduğunu önə şəkib.

Onun sözlərinə görə, prinsip etibarilə, İran bu məqsədlə Ukrayna müharibəsi fonunda Rusiyaya da açıq dəstək verir. Bu yolla Tehran Kremlin Zəngəzur dəhlizi məsələsində Bakıya verdiyi dəstəyi neytrallaşdırmağa çalışır. 

“Tehranın nahatlığı təkcə Zəngəzurla bağlı deyil. İranm yaxşı başa düşür ki, artıq tam küncə sıxılıb.  Hazırda bu ölkəyə qarşı real təcrid prosesi gedir. Yəni əgər əvvəllər İran xarici təhdidlərlə ölkə xaricində mübarizə aparırdısa artıq bu proses İranın daxilinə keçib. Bu da ölkədəki siyasi rejim üçün kabusa çevrilir”.

Politoloq hesab edir ki, rəsmi Bakı bütün hallarda Tehranın açıq təhdidlərini cavabsız qoymamalıdır:

“Birincisi, İranın Araz çayı boyunca keçirdiyi təlimlərə rəsmi Bakı və Ankara birgə təlimlərlə cavab verməlidir.

İkincisi, Bakı Cənubi Azərbaycanın öz müqəddəratını təyin etməsinə pərdəarxasından dəstək verməli, beynəlxalq nüfuzundan istifadə edərək Tehrana bu istiqamətdə təzyiqləri artırmalıdır”.

Siyasət rubrikasından digər xəbərlər