Restoranların bağlı qalması ətə olan tələbatı azaldıb - Fermerlər maliyyə çətinliyi ilə üzləşib

11:41 14.05.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Pandemiya ilə əlaqədar ölkədə heyvan bazarında da satış zəifləyib. Belə ki, fermer öz mal-qarasını satış üçün çıxarsa da, qiymətlər qaneedici səviyyədə deyil. Yerli bazarlarda satışın belə azalmasına səbəb isə restoran-kafelərin az işlək olması səbəbindən ətə olan tələbatın azalmasıdır.

Aldığımız məlumatlara görə, cənub rayonlarında həm xırda buynuzlu, həm də iri buynuzlu heyvanları satmaq mümkün deyil. Alıcılar bildirirlər ki, aldıqları heyvanları bazarda sata bilmirlər. Heyvan təsərrüfatı ilə məşğul olanlara təklif etdikləri qiymət fermerləri qane etmir.

Xırda buynuzlu heyvanları alıb-satan Yardımlı rayon sakini Vasif bəy deyir ki, aldıqları heyvanları Masallı bazarında satır:

“Əvvəllər aldığımız heyvanları aparıb orada satırdıq. Karantinə qədər 15 kq çəkidə olan qoyunu 150-180 manata satırdıqsa, indi ümümiyyətlə bazarda yaxınlaşan olmur. Biz rayonda heyvana 120-130 manat təklif edəndə, sahibkarlar da bu qiymətə satmaq istəmirlər. Əvvəlki qiymətlə almaq bizə sərf etmir”.

Mal-qara satıb dolanan rayon sakinləri də hazırda heyvanlarını sata bilmirlər. Satsalar belə ucuz qiymətə satırlar.

Xatırladaq ki, cənub rayonlarında və muğan zonasında 15 kq qoyunu 150 manata satmaq mümkün deyil. Alıcılar bu çəkidə olan heyvanlara 110-120 manat təklif edirlər.

Hazırda bazarlarda qoyun ətinin bir kiloqramı 10-11 manat, mal ətinin 1 kq-ı isə 8 manata satılır.

Bakı şəhərində isə vəziyyət fərqlidir. "Bravo", "Araz", "Makromart" kimi supermarketlərdə qiymətlər belədir:

Qoyun əti 12 AZN

Mal əti isə 10 AZN

Supermarketlərdə  sümüklü ətlə, sümüksüz ətin qiymətində fərqlər olsa da, ümümi qiymətlər dəyişməzdir.

Bundan əlavə, ət kəsim məntəqələrində də ət satışı bu qiymətədir. Sallaqxanalarda ət kəsimi işinə baxan Bəhlul deyir ki, heyvanları əsasən Bərdədən gətirirlər. Gətirmək xərcini satıcı nəzərə almalıdır:

”120 manata aldığımız qoyundan 50 manat qazanırıqsa onun yarı qiyməti daşınma xərci edir. Hazırda isə rayondan da gətirmək mümkün deyil. Gətirsək də, əlimizdə qalacaq. Kəsdiyimiz heyvanları əsasən restoran-kafelərə  verirdik. Pərakəndə satış elə də güclü olmur. Gün ərzində heç 50-60 kq ət satmaq olmur. Restoran sahibi isə kəsilmiş əti tam ala bilir”.

Digər ət kəsimi ilə məşğul olan Rəşad adlı satıcı bildirir ki, onlara rayondan heyvan göndərənlər daha göndərmirlər:

"Rayonlarda heyvan alan alverçilər aldıqları heyvanları bizə göndərirdilər. Biz də kəsib satırdıq. Yol xərci ilə bilikdə göndərirdik. İndi isə işlər dayanıb. Bakıdakı bütün qəssabların kəsdikləri heyvanlar rayondan gəlir. İndiki vəziyyətdə bu işlə məşğul olanlar heyvanları göndərə bilmirlər".

İqtisadçı ekspert Akif Nəsirli mövzu ilə bağlı hafta.az-a bildirdi ki, bu mövsüm kənd təsərrüfatı məhsulları ilə yanaşı, heyvanların satışının həyata keçirilməsi üçün də münasib zamandır:

“Yaz vaxtı kəsimlərin artması normal haldır. Karantin çətinliyi bu ayın sonuna qədər davam edəcək. Rayonlara gediş-gəliş artdıqda bu kimi problemlər öz həllini tapacaq. İribuynuzlu və xırdabuynuzlu heyvanları bazarlara daşıyan insanlara maneçilik olmamalıdır. Fermer sahibinə belə problem yaratdıqda o da əlindəkini dəyər-dəyməzinə satır. Qarşıdakı illərdə isə bu sahəyə artıq meyl etmir. Sahibkarlar özləri də aidiyyatı qrumlara müraciət etməlidirlər. Amma bildirək ki, ət bazarına işləyən sahibkar qeydiyyatdan keçməlidir. Təəssüf ki, bizdə qeydiyyatlı sahibkarlara çox az rast gəlinir. Ət alveri edən şəxs gedir Bərdə, Beyləqandan yığıb heyvanı gətirib satır. Ordan sahibkardan müəyyən qiymətə alıb, gətirir bir az da üstünə qiymət qoyub satır. Burada sahibkarı da düşünmək lazımdır. Heyvan alıb-satan adam da kəndliyə güzəştə getməlidir. Amma gedə bilmir. Çünki daşınma xərcləri və s. var. Bu proses belə davam etməli deyil. Sistemli şərait yaradılmalıdır”.