Moskva Ali İqtisadiyyat Məktəbinin (HSE) Sosial Elmlər Fakültəsinin Sabitlik və Risk Araşdırmaları Mərkəzinin yeni araşdırmasına görə, silahsız inqilabların ən çox yayıldığı ölkələr gənc siyasi rejimlərə, böyük əhali və iqtisadiyyata malik orta inkişaf etmiş ölkələrdir ki, onlar ya çox sürətlə böyüyür, ya da ağır böhranlar yaşayırlar.
Hafta.az-ın yazdığına görə, Harvard Universitetinin NAVCO məlumat bazasından 1900-2019-cu illər arasında 119 illik qlobal etiraz məlumatlarını təhlil edən tədqiqatçılar müəyyən ediblər ki, 19 mümkün faktordan 14-ü inqilabi hərəkatları əhəmiyyətli dərəcədə tətikləyib. Araşdırmanın nəticələri “Sociological Review” jurnalının 2025-ci il sayında dərc edilib.
Araşdırmaya rəhbərlik edən alimlər Andrey Korotayev, Leonid Qrinin, Vadim Ustyujanin və gənc tədqiqatçılar İlya Medvedev və Andrey Ufimcev hazırladıqları modellə silahsız ictimai hərəkatları 78 faiz dəqiqliklə proqnozlaşdıra bildiklərini bildiriblər.
Araşdırmaya görə, ABŞ-dan yüksək məbləğdə xarici yardım da etirazların başlamasında rol oynaya bilər. Bu yardım hökumətlərin repressiya alətlərini məhdudlaşdıran sanksiyalar və ya müxalifət aktyorları üçün təlim proqramları vasitəsilə işləyir. Bundan əlavə, təhsil səviyyəsi, urbanizasiya əmsalı, liderin vəzifədə olduğu müddət, müharibədən sonrakı dövr və gənclərin əhali artımı (“gənclərin bumu”) kimi amillər də birbaşa olmasa da, etirazlar üçün zəmin gücləndirir. Digər tərəfdən, son 5 ildə qonşu ölkələrdə baş verən çevriliş cəhdləri, seçki prosesləri və ya inqilabların birbaşa təyinedici olmadığı, bəzi hallarda tetikleyici ola biləcəyi bildirilir.
Mütəxəssislərin fikrincə, bu cür riyazi modellər keçmişin güclü izahatlarını təqdim etsə də, gələcək inqilabları proqnozlaşdırmaqda məhdud ola bilər.
Siyasi təhlilçi Aleksey Makarkinin fikrincə, iqtisadi artıma və Qərbin dəstəyinə baxmayaraq İranda baş verən 1979-cu il inqilabı və ya Rusiya imperiyasının sona çatması kimi nümunələr gözlənilməz “qara qu quşu” hadisələrinin modeldən kənarda qaldığını göstərir.
MGU-dan politoloq Oleq Lyaxovenko qeyd edir ki, bugünkü qlobal qeyri-müəyyənlik dövründə klassik model parametrləri öz mənasını itirə bilər.
Analitik Yevgeni Minçenko isə elitar parçalanma və mütəşəkkil vətəndaş strukturları (diasporlar, sektalar, şəbəkə təşkilatları) kimi elementlərin təsirinin daha çox nəzərə alınmalı olduğunu vurğulayır.