Rusiya miqrant siyasətini sərtləşdirir

15:07 16.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasına gedən miqrantlardan ölkədə yalnız profillərinə uyğun işləmək tələb oluna bilər. Əks halda onlar deportasiya ilə üzləşəcəklər.“İzvestiya” qəzetinin məlumatına görə, bu ideyanı Əmək Nazirliyi irəli sürüb. Nazirlik mütəşəkkil işə qəbul üçün Rusiya Federasiyasına gələn ziyarətçilərə təsir edəcək müvafiq layihə hazırlayıb. Təşəbbüs onu nəzərdə tutur ki, əcnəbinin Rusiyada müvəqqəti işləmək hüququ xüsusi sənədlə təsdiqlənəcək - miqrant konkret işəgötürəndə işləməli, göstərilən şirkət və ya müəssisədə işləmək istəmirsə, o, 15 gün ərzində Rusiya Federasiyasını tərk edin. Nazirlikdə hesab edirlər ki, bu, ziyarətçilərin onları işə götürmə xərclərini çəkmiş şirkətdə işləməkdən imtina etməsi hallarını aradan qaldıracaq. Bu tədbirlər həm vizasız, həm də vizasız ölkələrdən olan əməkçi miqrantlara təsir edə bilər.

Qeyd edək ki, hazırda Rusiyada patent sistemi mövcuddur. Miqrantlar ölkəyə vizasız daxil olub iş tapa bilir, bir çoxu isə patentsiz işləyir. FSB məlumatları göstərir ki, 2023-cü ilin birinci rübündə Rusiya Federasiyasına işləmək üçün 1,3 milyon əcnəbi daxil olub, onların əksəriyyəti (630,8 min nəfər) Özbəkistandandır. Xatırladaq ki, 2023-cü ilin 8 ayı ərzində (yanvar-avqust) 7 457 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu rəqəmlər Rusiya Daxili İşlər Nazirliyinin açıqladığı rəsmi məlumatda əks olunub. 2022-ci ildə 23 min azərbaycanlıya Rusiya vətəndaşlığı verilib. 2021-ci ildə 30 min azərbaycanlı Rusiya pasportu alıb. 2019-cu ildə 13 min 500 azərbaycanlı, 2017-ci ildə 10 397 azərbaycanlı Rusiya pasportu alıb. 2016-cı ildən 2020-ci ilə qədər dövrdə 49 min 700 azərbaycanlı Rusiya vətəndaşlığı alıb. Bu rəqəmləri topladıqda məlum olur ki, son 7 il ərzində 100 mindən çox Azərbaycan vətəndaşı Rusiya pasportu alıb.

Yeri gəlmişkən, dekabrın 18-də Rusiya Prezidenti Vladimir Putin Belarus, Qazaxıstan və Moldova vətəndaşlarına Rusiya vətəndaşlığının qəbulunu sadələşdirib. Bununla bağlı fərmana əsasən, Belarusun 18 yaşına çatmış vətəndaşları Rusiyada yaşama müddəti nəzərə alınmadan vətəndaşlıq üçün müraciət edə biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qazaxıstan və Moldova vətəndaşları üçün ərizə verərkən ölkədə müəyyən edilmiş yaşayış müddətinə (beş il) riayət etmək, Rusiya tarixini və qanunvericiliyini bilmək məcburi olmayacaq. Ancaq rus dilini bilmək tələbi onlar üçün hələ də qüvvədə qalır. Bu ölkələrin vətəndaşları da rus dilini bilmələrini təsdiq edən sertifikat təqdim etməlidirlər.

Qeyd edək ki, bu gün Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Soydaşlarımız orada müxtəlif sahələrdə çalışırlar ki, burada ticarət, inşaat sahələri üstünlük təşkil edir.

Bəs, görəsən, yeni layihə Rusiyada yaşayan azərbaycanlı miqrantlara necə təsir göstərəcək? Soydaşlarımız üçün kütləvi deportasiya təhlükəsi varmı?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov bildirib ki, Rusiya uzun muddətdir qeyri-qanuni miqrasiya ilə bağlı çox sərt qaydalar tətbiq edir: “Rusiya hökuməti maksimum çalışır ki, ölkə ərazisində qalan miqrantların sayı azalsın. Onu da deyim ki, son iki il ərzində Rusiyada miqrasiya sahəsi ilə bağlı yeni mənzərə müşahidə olunur. Rusiya-Ukrayna müharibəsinə görə çoxlu sayda yerli vətəndaş ölkə ərazisini tərk edib və boş iş yerlərinin sayı artıb. Belə olan halda Rusiyaya gedən, çalışmaq istəyən miqrantların sayı da çoxalıb. Bir tərəfdən də mübaribə nəticəsində iş yerlərinin bağlanması kimi hallar var. Rusiya höküməti maraqlıdır ki, öz vətəndaşları, müəyyən peşə və ixtisas sahibi olan insanlar ölkədən getməsin, mövcud olan iş yerlərində çalışsınlar. Çünki miqrantlar həmin yerləri ixtisasa uyğun gəldi-gəlmədi müxtəlif kanallar vasitəsilə tuta bilirlər. Bu səbəbdən Rusiya hökumət nümayəndələri zamanla miqrantlarla bağlı müxtəlif təkliflər və şərtlər irəli sürür, yeni qanun layihələri hazırlayırlar. Yəni, miqrant əgər konkret peşə sahibidirsə, məhz həmin peşə üzrə fəaliyyət göstərməlidir. Təbii ki, ticarət sahəsində çalışanlara misal üçün, əmtəəşünas tələbi qoyulmayacaq. Amma ola bilər ki, gələcəkdə hadisələr elə cərəyan etsin ki, qaydalar daha da sərtləşdirilsin. Rusiya müəyyən məsələləri hələ ki, test edir. Çünki bu yaxınlarda Rusiya prezidenti mətbuata müsahibəsində ölkədəki miqrantlar məsələsinə toxunaraq bildirmişdi ki, əməkçi miqrantlar ümumilikdə işləyən şəxslərin 3,7 faizini təşkil edir. Bu Rusiya üçün kifayət qədər böyük rəqəmdir. Çünki bu ölkədə 12 milyona qədər miqrantın olduğu bildirilir ki, bunların da böyük əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olan insanlardır”.

Yeni təkliflərin azərbaycanlı miqrantlara necə təsir göstərəcəyinə gəlincə, ekspert qeyd edib ki, bu yeni alət olduğundan qanunvericilik baxımından müəyyən dəyişikliklərin olunmasını tələb edir: “Bunun konkret mexanizmləri olmalıdır. Misal üçün, əminəm ki, bu qadağalarla bağlı miqrantlar da çıxış yolu axtaracaqlar. Tutaq ki, konkret olaraq hansısa bir peşə sahibi tələb olunan ixtisas üzrə 2-3 aylıq bir kurs keçəcək və həmin peşəyə uyğun bilik və bacarıqlarını təsdiq edən sertifikatı əldə edəcək. Bu halda ona heç kim profilinə uyğun işçi deyilsən iradını tutub işdən kənarlaşdırmayacaq. Yəni, əminəm ki, miqrantlar bu məsələdə də çıxış yolu axtaracaqlar. O ki qaldı bizim vətəndaşlara yaxın zamanlarda bu alətin tətbiq olunması müəyyən gərginliyə səbəb ola bilər. Amma kütləvi ixtisarlara gətirib çıxaracağına inanmıram. Bizim vətəndaşların daha çox hansı sahələrdə fəaliyyət göstərdiyi bəllidir. Misal üçün, tikinti sektorunda fəhlədən ixtisas tələb ediləcəyi inandırıcı görünmür. Əgər fəhlə ilə bağlı da ixtisas tələbi qoyulacaqsa, o zaman ümumiyyətlə, Rusiyanın iqtisadiyyatı çökəcək”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov bildirib ki, Rusiyanın miqrasiya qanunvericiliyi Azərbaycan qanunlarından fərqlidir. Vəkilin sözlərinə görə, Rusiya əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsi haqqında BMT Konvensiyasına qoşulmayıb: “Rusiyada bizdən fərqli olaraq, iş icazəsini şəxslər özləri alırlar. Lakin aldıqları iş icazəsi region və peşələr üzrə ola bilər. Məsələn, Yekaterinburq şəhəri üzrə konkret peşəyə təyinat, iş icazəsi verilir. Reallıqda isə həmin şəhərdən və peşədən kənarda işləyən çoxalır. Yəni, miqrantlar hansısa peşədə çalışmaq üçün göndəriş, yaxud hansısa digər bir sənəd alırlar, amma sonradan sui-istifadə hallarına yol verirlər. Onları işə götürənlərlə bir az işlədikdən sonra başqa işə düzəlirlər. Yaranmış vəziyyəti tənzimləmək üçün Rusiyada belə bir qanun qəbul edirlər. Bu qanuna görə, iş icazəsinin qaydalarını pozanlar üçün tədbir görüləcək və onlar ölkədən çıxarılacaqlar”.

S.Məmmədov deyib ki, yeni qanunun qəbulundan və qüvvəyə minməsindən sonra Rusiyadakı miqrantların, o cümlədən iş icazəsindən təyinatı üzrə yararlanmayan azərbaycanlıların da deportasiya olunması mümkündür: “Görünür ki, miqrasiya sahəsində ixtisaslaşmış qurum Rusiyada araşdırma aparıb və sui-istifadə hallarının çox olması faktını ortaya çıxarıb. Görürlər ki, insanlar icazəli olduğu regionda, dəvət edildiyi müəssisədə yox, başqa bir regionda və müəssisədə işləyirlər. Ona görə də bunun qarşısını almaq istəyirlər. Mən belə fikirləşirəm. Bu qanunun qəbulu oradakı azərbaycanlı miqrantların da vəziyyətinə təsir edə bilər. Əgər Rusiyaya işləməyə gedən Azərbaycan vətəndaşları arasında belələri çoxdursa, onları qanun qüvvəyə mindikdən sonra deportasiya təhlükəsi gözləyə bilər. Bu səbəbdən də tövsiyə edərdim ki, harada işləyirlərsə, oraya uyğun olaraq rüsum ödəyib icazə alsınlar. Əks təqdirdə müəyyən problemlərlə üz-üzə qalacaqlar”.