Rusiya Federal Gömrük Xidmətinin rəis müavini Ruslan Davidov bəyan edib ki, ölkəsinin xarici ticarətində Avropa İttifaqı (Aİ) Çin, Hindistan, Türkiyə və Azərbaycanla əvəzlənib.
Hafta.az-ın yazdığına görə, Davidov bildirib ki, müqəddəs yer heç vaxt boş qalmır. “Çin çox sürətlə inkişaf edir. Düşünürəm ki, ölkələrimizin rəhbərləri tərəfindən qarşıya qoyulan 200 milyard dollarlıq ticarət dövriyyəsi vəzifəsinə bu il bir fəlakət baş verməsə, nail olmaq olar”, - o deyib.
Bundan əlavə, rusiyalı rəsmi Hindistan, Türkiyə və Azərbaycanla ticarət dövriyyəsinin fəal şəkildə artdığına diqqət çəkib: “Bu ölkələr bizim ticarətimizdə indi Avropanı əvəzləyib, cənub və şərq istiqamətləri çox fəal inkişaf edir”.
Almaniyanın Rusiyanın ticarət tərəfdaşları arasında ilk onluğa daxil olmağa davam etdiyini bildirən Davidov, Rotterdam limanından neft daşımaları səbəbindən hər zaman ilk 3-lükdə olan Hollandiyanın payının xeyli azaldığını sözlərinə əlavə edib.