“Qərb danışıqlar prosesində xüsusi fəallıq göstərir. Bu gün isə Moskvada keçirilən danışıqlar prosesi Brüssel formatı çərçivəsində davam etdirilir”.
Bunu Hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü ilə bağlı açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, mayın 14-də də hər iki ölkə liderinin görüşündə müəyyən irəliləyişlər müşahiə olunub. Bundan əvvəl ABŞ-ın vasitəçiliyi ilə keçirilən 4 günlük görüş diplomatik təmasların xeyli intensivləşdiyini göstərir.
M.Məmmədli Rusiyanın danışıqlar prosesində bir qədər fərqli maraqlarının olduğunu önə çəkib. Ekspert təəssüflə bildirib ki, ümumən Ermənistan-Azərbaycan arasında post-münaqişə problemlərinin həlli böyük güc mərkəzlərinin geosiyasi rəqabət meydanına çevrilib.
“Böyük ehtimalla Rusiya Qərb tərəfinin həyata keçirdiyi danışıqlar prosesindən o qədər də məmnun deyil. Rusiya danışıqlar prosesində müəyyən nəticələrin olduğunu gördükcə, özü də bu istiqamətdə müəyən təşəbbüslər göstərir və bunun nəticəsidir ki, bu gün hər iki ölkənin nazirləri Moskvada görüşür. Ola bilsin ki, bu mərhələdə də Rusiya yenə özünün geosiyasi maraqlarından irəli gələrək danışıqlar prosesini ləngitmək istəsin”.
Ekspert bütün bunlarla yanaşı hesab edir ki, hazırda aparılan danışıqlar prosesi elə bir müstəviyə daxil olub ki, kənardan düşünülən planların baş tuta biləcəyi inandırıcı görünmür.
“Bu münaqişənin tarixinə də nəzər salsaq görərik ki, hər dəfə hər iki ölkə müəyyən razılaşma əldə etməyə yaxınlaşanda kənardan müdaxilələr olur. Həmin kənar müdaxilələr yenə də ola bilər. Bu istisna edilmir. Ancaq Azərbaycanın mövqeyi tezliklə regionda sülhün bərqərar edilməsi, yekun sülh müqaviləsinin imzalanmasıdır”.