Rusiyada kiçik və orta kənd təsərrüfatı müəssisələrinin sayı sürətlə azalır. “Forbes”in Rosreestr-in məlumatlarına istinadən verdiyi xəbərə görə, 2025-ci il yanvarın 1-nə ölkədə 284200 təsərrüfat müəssisəsi qeydiyyatdan keçdiyi halda, Rosstat-ın rəqəmləri göstərir ki, fərdi kənd təsərrüfatı sahibkarları da daxil olmaqla, müəssisələrin ümumi sayı 2016-cı ildən 2021-ci ilə qədər üçdə bir azalıb.
Hafta.az-ın yazdığına görə, ekspertlər bildirirlər ki, azalma xüsusilə kənd təsərrüfatı baxımından inkişaf etmiş Cənubi və Şimali Qafqaz federal dairələrində özünü göstərir, Krasnodar diyarı və Rostov vilayəti kimi əsas regionlarda təsərrüfatların sayı hər il 6-7 faiz azalmağa davam edir. Bu il müstəsna hava şəraiti ilə birlikdə iflas sürətinin daha da sürətlənəcəyi gözlənilir.
Sənaye müşahidəçiləri fermerlərin müflis olmasının iki əsas səbəbini ilk növbədə əlverişsiz hava şəraiti və yüksək kredit xərcləri ilə əlaqələndirirlər. 2025-ci il yaz şaxtaları və quraqlıqdan sonra anomal yüksək temperatur kimi ağır iqlim hadisələri ilə yadda qaldı. Təkcə Rostov vilayətində təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsi və ya becərilən torpaqların 20 faizi zədələnib. Bundan əlavə, Mərkəzi Bankın yüksək kredit faizləri fermerlərin borclarını ödəməsini demək olar ki, mümkünsüz edir. Yanacağın, gübrənin, toxumun, kənd təsərrüfatı texnikasının 25-40 faiz bahalaşması da istismar xərclərini dəfələrlə artırıb, rentabelliyi aradan qaldırıb.
Rostov qubernatoru Yuri Slusar avqustda prezident Vladimir Putinlə görüşdə kiçik və orta fermer təsərrüfatlarının 2026-cı ilin sonuna qədər iflas moratoriumunu tələb edib və bu təklif dəstəklənib. Bu tədbir bankların və kreditorların müflis olmaq üçün müraciət etmələrinin müvəqqəti qarşısını almaq, fermerlərə borclarını yenidən hesablamaq və dövlət dəstəyindən yararlanmaq üçün vaxt vermək məqsədi daşıyır. Mütəxəssislər bu tədbirin digər əsas kənd təsərrüfatı bölgələrinə də yayıla biləcəyinə inanırlar.
Kiçik təsərrüfat müəssisələrinin müflisləşməsi və onların torpaqları iri kənd təsərrüfatı holdinqlərinə məcburi satması da sektorda konsolidasiyanı sürətləndirir. Bununla belə, ekspertlər vurğulayırlar ki, kiçik fermerlərin yoxa çıxması məhsul müxtəlifliyini azaltmaqla yanaşı, kənd yerlərində işsizliyi artıracaq və kənd həyatının keyfiyyətini aşağı salacaq. Bu neqativ ssenarinin qarşısını almaq üçün fermerlərə kooperativlər yaratmaqla güclərini və resurslarını birləşdirməyi tövsiyə edirlər.