Azərbaycanda bu layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur
Bu gün dünyada baş verən proseslərin sürətlə dəyişməsi, bütün sahələrdə yeni trendlərin ortaya çıxmasına imkan yaradıb. Texnologiyalar əsri kimi tanınan XXI əsr müasir texnologiyaların dilini bilən, yeni elmi yanaşmaları mənimsəyən, ixtiralar edən, əmək bazarında özünü doğruldan şəxslər axtarışındadır. Bu isə müasir təhsil trendlərinin tətbiqini ön plana çıxarır. Dünya təhsil sistemində özünü doğruldan belə metodlardan biri STEAM-dır. Hazırda ən vacib trendlərdən biri kimi aktuallıq qazanan STEAM müasir təhsil fenomeni kimi peşəkar səriştələrə malik mütəxəssis hazırlığında mühüm istiqamət kəsb etməkdədir.
Maraqlıdır, görəsən, indiyədək Azərbaycanda neçə məktəb bu layihəyə qoşulub? Layihə neçənci sinifləri əhatə edir? Bir STEAM sinifini formalaşdırmaq neçəyə başa gəlir? Bu şəbəkənin qurulmasında daha çox hansı ölkələrin təcrübəsinə istinad edilib? Ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiqi STEAM layihəsinin icrasında problemlər yaratmır ki?
STEAM necə yaranıb?
Qeyd edək ki, STEM ingilis dilində Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering) və Riyaziyyat (Math) sözlərinin qısaltmasıdır. Termin ilk dəfə ABŞ Milli Elm Qurumu (U.S. National Science Foundation) tərəfindən 2001-ci ildə SMET olaraq bir neçə fənn və bacarığın inteqrasiyasından ibarət olan peşələri ifadə etmək üçün istifadə olunub. Daha sonra bioloq Cudit Ramili (Judith Ramaley) tərəfindən STEM olaraq dəyişdirilib (Hallinen, 2016). Qısaltmaya daha sonra incəsənət/sənət ənasına gələn “Art”-da əlavə olundu (STEAM və ya STEM+A). STEM və STEAM arasındakı əsas fərq, STEM elmi anlayışlara daha çox diqqət yetirir. STEAM -də elmi anlayışları araşdırır, lakin bunu yaradıcılıq prosesində istifadə edilən sorğu və problemə-həll etməyə əsaslanan təlim metodları vasitəsilə edir (Wade-Leeuwen, 2018).Hazırkı təhsil sistemində STEAM fənlərin ayrı-ayrılıqda deyil, inteqrasiyalı tədrisini nəzərdə tutan təhsil sistemi metoduna verilən addır. STEM-i əsas populyarlaşdıran isə 2009-cu ildə ABŞ-ın STEM təhsil formasını strategiya kimi qəbul edib bu sahəyə böyük investisiya qoyması ilə başladı. Nəticədə qeyd olunan sahə üzrə elmi tətqiqatların və məhsulların sayı artdı və böyük kütlələr üçün əlçatan oldu. Beləliklə, Amerikadan başlanan bu trend hər gün tərkibinə yeni bir dəyər qataraq dünyada genişlənməyə başladı.
25000-dən çox şagird yeni metodla öyrənir
Son illər Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizin təhsil sistemində STEAM layihəsi uğurla həyata keçirilir. “STEAM-Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərovun hafta.az-a verdiyi məlumata görə, hazırda STEAM layihəsi ölkə üzrə mərkəzlə yanaşı, Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 45 regionda 147 ümumtəhsil məktəbindən 25000-dən çox şagird və 800 müəllimi əhatə edir: “Bildiyiniz kimi, 2019-2020-ci tədris ilindən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM layihəsinin məqsədi şagirdlərimizdə XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dilləri tətbiq olunmaqla innovativ texnologiyalardan istifadə edəbilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir. STEAM dərsləri layihə tətbiq olunan məktəblərimizin VI və VII siniflərini əhətə edir və illik STEAM dərs yükü 34 həftə olmaqla 68 saat müəyyən edilib”.
Onun sözlərinə görə, COVID-19 pandemiyası ilə əlaqədar olaraq layihənin əyani formada həyata keçirilməsində bəzi çətinliklər yaranıb: “Bu dövr ərzində STEAM məşğələlərimizdə uyğunlaşdırılmış tədris planlarına istinad olunmaqla tədris ilinin əvvəlində epidemioloji vəziyyətin qənaətbəxş olduğu rayonlarımızda əyani-məsafədən, digər bölgələrimizdə isə əsasən distant formada tədris həyata keçirilib. Belə ki, mövcud vəziyyətlə əlaqədar olaraq tədris prosesinin məsafədən formada aparılması layihəyə (layihə əsaslı öyrənmə metodu nəzərdə tutulur) əsaslanan STEAM dərslərində əyaniliyin tam yerinə yetirilməməsini, istər şagirdlərin, istərsə də müəllimlərin yaxından əməkdaşlıq edərək hər hansı bir problemin/layihənin həlli istiqamətində qura biləcəkləri fəaliyyətdə yaranan çətinlik kimi qeyd edə bilərik. Problemlərin aradan qaldırılması və distant formalı tədris prosesində yüksək şagird nailiyyətlərinin əldə olunması məqsədilə STEAM məzmunlu teledərslər və videoçarxlar hazırlanaraq, layihənin müxtəlif sosial şəbəkə səhifələri vasitəsilə izləyicilərə təqdim edilib. Bu dövr ərzində 700-dən çox müəllim distant təlimlərə cəlb olunub. Qeyd etmək lazımdır ki, təlim prosesinin distant keçirilməsinə baxmayaraq, əyaniliyin təmin edilməsi məqsədilə iştirakçılara bəzi avadanlıqlar çatdırılıb. Bu dövr ərzində STEAM tədris prosesinin növbəti siniflər üzrə uğurla davam etdirilməsi məqsədilə layihə mütəxəssisləri tərəfindən Azərbaycan və rus dillərində VII siniflər üçün STEAM məzmunu hazırlanaraq müəllimlərin və şagirdlərimizin istifadəsinə verilib. Keçən tədris ili üçün VI siniflər hazırlanmış məzmun daha da təkmilləşdirilərək milli kurikuluma daha sıx inteqrasiya olunub. Belə ki, əgər VI siniflər üzrə məzmununda keçən tədris ilindən “STEAM ilə tanışlıq”, rəqəmsal incəsənət “Tinkerkad və 3D çap”, müxtəlif mühəndislik modulları (Mexanika, Ekologiya, Elektrik mühəndisliyi), birplatalı mini kömpüterlərdə (Micro:bit) kodlaşdırma kimi modullar daxil idisə, bu ildən həmin məzmuna 3D-qələmlə işləmə bacarıqları və müxtəlif layihələrin yerinə yetirilməsi kimi yeni məzmun əlavə edilib. Eyni zamanda, yeni hazırlanmış VII siniflər üçün nəzərdə tutulan məzmuna, daha da təkmilləşdirilmiş “3D modelləşdirmə və 3D çap”, “Birplatalı mini kompüterlərdə proqramlaşdırma” kimi modullarla, “Aerokosmik mühəndislik - Pilotsuz uçan aparatlar (PUA)”, “CNC lazer kəsiciləri”, “Biotexnolgiya”, “Nanotexnologiya” kimi yeni innovativ məzmun işlənib hazırlanıb. Butün yuxarıda sadalanan təlim modulları STEAM-ın əsas fəlsəfəsini təşkil edən aşağıdakı metodoloji konsepsiyalar və pedaqoji yanaşmalar tətbiq olunmaqla yaradılıb. Layihəyə əsaslanan öyrənmə [PBL], Araşdırmaya əsaslanan öyrənmə [IBL], Mühəndisliyin Dizayn Prosesi [EDP], Oyunlar vasitəsilə öyrənmə / Kvest texnologiyalar,Toxunub xüsusiyyətləri anlayaraq öyrənmə (Tinkering), Qarşılıqlı öyrənmə, Mobil öyrənmə, Analogiyalar ilə öyrənmə və s. Bu innovativ metodologiyaların əsasını da fənlərarası öyrənmə və fənlərarası inteqrasiya təşkil edir”.
Mərkəzlərin sayının 10-a çatdırılması planlaşdırılıb
Layihə rəhbəri onu da vurğulayır ki, Azərbaycanda STEAM-ın tətbiqi zamanı İsrail, Türkiyə, Norveç və bir sıra digər ölkələrin təcrübəsinə istinad olunub və gələcəkdə bu layihənin əhatə dairəsinin daha da genişləndirilməsi əsas hədəflərdən biridir: “Fəaliyyət planına uyğun olaraq 2021-2022-ci tədris ilindən layihənin əhatə dairəsinin genişləndirilərək ölkə üzrə 50 - 100 min şagirdi əhatə etməsi hədəfimizdir. VIII siniflər üçün yeni STEAM məzmunun hazırlanması da layihənin prioritet istiqamətlərindəndir. STEAM-a artan marağı nəzərə alaraq layihənin bundan sonra da sürətlə inkişaf edərək əhatə dairəsini genişləndirəcəyini, nəticədə cəmiyyətin çağırışlarına və tələblərinə uyğun, yaradıcı yeni nəslin formalaşmasına öz töhfəsini verəcəyini əminliklə deyə bilərəm. Növbəti tədris ilinin hədəflərindən biri də layihəyə qoşulmuş məktəb və şagirdlərimiz üçün Vahid Elektron Platformanın yaradılmasıdır. Onun şagird və müəllimlər arasında əməkdaşlığa və ümumiyyətlə, STEAM-ın ölkəmizdə inkişafına böyük töhfə verəcəyi şübhəsizdir. Eyni zamanda, həm layihə olaraq, həm də ayrı-ayrı məktəblərimizi də beynəlxalq STEAM şəbəkələrinə qoşmağı planlaşdırırıq. Bütün yaş qruplarının (STEAM Kids, Junior, Senior) istifadəsi üçün nəzərdə tutulan bir neçə STEAM mərkəzləri yaradılıb və layihələndirilib. Bu müddət ərzində Şirvan Şəhər Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin, Bakı şəhəri Avropa Liseyinin və Xırdalan şəhər 3 nömrəli ümumtəhsil məktəbinin nəzdində hər birinin sahəsi 600-800 kvadratmetr olan STEAM mərkəzləri yaradılıb, Gəncə və Quba şəhərlərində isə STEAM mərkəzlərinin layihələndirilməsinə başlanılıb. Ölkədəki epidemioloji vəziyyətin stabilləşməsindən sonra həmin Mərkəzlər şagirdlərimizin ixtiyarında olacaq. Mərkəzlər STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. STEAM mərkəzlərinin fəaliyyətinə və bütün yaş qruplarına uyğun (6-16 yaş) məzmun hazırlanıb. STEAM mərkəzlərinin sayının 10-a çatdırılması nəzərdə tutulur. Mərkəzlərdə həmin məktəblərin şagirdləri ilə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri, STEAM Kids bölməsindən isə ibtidai sinif şagirdləri də bəhrələnə biləcəklər”.