Azərbaycanda şagird-müəllim münasibətləri ilə bağlı yeni qaydalar hazırlanır. Növbəti tədris ili başlananadək yeni nümunəvi qaydaların təqdimatı olacaq. Bu barədə nazirliyin rəsmisi Cəsarət Valehov bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, məktəbdə sağlam və təhlükəsiz öyrənmə mühitinin təşkil edilməsi və ümumiyyətlə, bu mühitin yaxşılaşdırılması istiqamətində intensiv işlər ötən ilin yayından etibarən başlayıb. O qeyd edib ki, sağlam şagird-müəllim, şagird-məktəb, şagird-şagird, valideyn-müəllim, valideyn-məktəb münasibətlərini tənzimləyən hüquqi normativ sənədlərin və nümunəvi qaydaların yenidən işlənilməsi, təkmilləşdirilməsi prosesinə start verilib.
Bəs, görəsən, son vaxtlar şagird-müəllim münasibətlərinin gərginləşməsinə səbəb nədir? Yeni qaydalarda hansı məsələlərin öz əksini tapması vacibdir?
Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, ümumiyyətlə ölkəmizdə təhsil şəxsiyyətyönümlüdür: “Bu baxımdan uşağa hər hansı bir zor işlətmək qanunla da yolverilməzdir. Mən düşünürəm şagirdə qarşı zor tətbiq edilməsi düzgün deyil. Amma gəlin bir reallığı nəzərə alaq. Məktəbə gedən uşaqlar hamısı normal ailələrdənmi çıxırlar. Təəssüf ki, yox. Azərbaycanda xeyli çətin, problemli ailələr var. Ailə uşağı böyütməklə bağlı məsuliyyətini dərk etmir, ailədə uşağa münasibət sözün həqiqi mənasında normal şəkildə qurulmayıb. Yəni, uşağı tərbiyə etmək, uşaqla maraqlanmaq, uşağın dərsi ilə maraqlanmaq, onun kimlə yoldaşlıq etməsi ilə maraqlanmaq, onun vaxtını düzgün idarə etmək kimi məsələlər həqiqətən də ciddi valideyn məsuliyyəti tələb edir.Amma görək bizim valideynlər məsuliyyətləri dərk edirlərmi? Təbii ki, etmirlər. Bir çox hallarda bəli valideynlər elə eşidiblər ki, təhsil şəxsiyyət yönümlüdür, şagirdə əl vurmaq olmaz, şagirdə qarşı ümumiyyətlə nəinki fiziki zor, şiddət, eyni zamanda ona qarşı bərkdən danışmaq da olmaz. Bilirsiniz biz bu yolla əslində müəllimləri xeyli nüfuzdan salmış da oluruq. Mən özüm də ixtisasca müəlliməm. Yəni, bu işin nə qədər çətin olduğunu bilirəm. Elə uşaqlar var ki, onlarla işləmək həqiqətən çətindir. Onların valideynləri çətin insanlardır. Onların tərbiyə olunduqları ailələr çətin ailələrdir. Yəni, biz elə hər şeydə müəllimi günahlandıraq? Ümumiyyətlə, müəllim, şagird, direktor münasibətinin dünyada necə olması ilə bağlı məsələdə fərqli situasiyalar var. Sovet dövründə də müəllim hətta şagirdə qarşı ən ağır şiddəti göstərirdi, hətta mənim bu yaxında rastıma çıxdı. Çox məşhur insanlardan biri deyir ki, mənim müəllimim atamın qayışı olub. Bu baxımdan dünyada, Avropa ölkələrində vəziyyət fərqlidir. O ölkələrdə mən bizim valideynləri təhqir etmək, aşağılamaq istəmirəm. O fikirdən də uzağam. Yenə də qeyd etmək istəyirəm, təəssüf ki, bütün ailələr eyni deyil. Bəzən olur ki, normal ailədən gedən uşaq görürsən ki, məktəbdə o çətin ailədən gəlmiş uşağın təsirinə düşür. Yəni, ailələrin özündə ciddi problem var. Həqiqətən də bu belədir. Ona görə də məktəbdə baş verən neqativ halların kökündə təkcə məktəbi günahlandırmaq doğru olmaz. Bir çox hallarda bu məsələnin kökü ailədən də gəlir. Məktəblinin həyatının sadəcə 6 saatı məktəbdə keçir, digər 18 saatı evdə olur. Yəni ¾ hissəsi ailədə keçir. Bu məsələdə ailələr məsuliyyət nümayiş etdirməlidirlər. Valideynlər öz övladları ilə məşğul olmalıdırlar, onlara tərbiyə verməlidirlər. Tərbiyə ancaq məktəblə kifayətlənmir. Tərbiyənin əsas qaynağı ailədən gəlir. Ailə, məktəb rəhbərliyi və valideyn bir araya gəlməlidir. Valideynin məktəb idarəçiliyində, tədrsin subyektiv bir dayağı olması danılmaz faktdır. Valideyn rolu məktəbdə yanlız pul yığımında iştirak etmək deyil. Əksər məktəblərdə valideyn komitəsi fəaliyyət göstərir, ancaq bu komitə yanlış istiqamətdə yönləndirilib”.
Ekspert vurğulayır ki, bu məsələləri həll etmək üçün şagird-müəllim, müəllim-valideyn, valideyn-məktəb, məktəb-şagird münasibətlərini tənzimləyən qaydaların olması vaclbdir: “Ümumiyyətlə, belə bir qaydalar olmalı idi. Təbii ki, münasibətlərdə normalar olmalıdır, həmin normalar olmasa, çətin situasiyalarda haqlı və haqsız tərəfi aydınlaşdırmaq mümkün olmayacaq. Bu baxımdan düşünürəm ki, müvafiq normalar olmalıdır. Valideyn məsuliyyətinin nə olduğu bilinməlidir. Valideyn-məktəb münasibətlərini tənzimləyəcək normaların nə olduğu məlum olmalıdır. Mən hər zaman müəllimi müdafiə edirəm və fikirləşirəm ki, onu qorumaq, nüfuzunun aşağı düşməsinə imkan verməmək lazımdır. Əlbəttə, şagirdə qarşı şiddət yolverilməzdir. Bəzən görürük ki, bir müəllim şagirdi tənbeh edir, ömüründə bir kitab oxumamış ata və ya ana məktəbə hücum çəkib həmin müəllimi kollektivdə, şagirdlərin arasında təhqir edir, lakin heç bir məsuliyyət də daşımır. Təəssüf ki, belə hallarla tez-tez rastlaşırıq. Axı, bir ziyalı, bir müəllim təhqir olunur. Bunun məsuliyyəti yoxdurmu? Əlbəttə, yeni qaydalarda bu kimi məsələlər öz əksini tapmalıdır. Şagird tutaq ki, məktəbdə hansısa qaydalardan kənara çıxa bilməz. Bu qaydaların nədən ibarət olduğunu məktəb, valideyn aşılamalıdır. Əgər şagird məktəbdə özünü nümunəvi apara bilmirsə, davranışları ilə digər şagirdlərin tərbiyəsinə təsir göstərirsə, əlbəttə ki, şagirdin bu cür rəftarının cəzası mütləq olmalıdır. Həmin şagirdləri çətin tərbiyə olunan uşaqlar üçün məktəblərə yerləşdirmək lazımdır. Eyni zamanda, burada aidiyyəti qurumların üzərinə xeyli məsuliyyət düşür”.
Məsələyə münasibət bildirən Nadir İsrafilov isə hesab edir ki, indiki dövrdə müəllim-şagird münasibətləri əvvəllərdəki səviyyədə olmasa da, bunu qabardıb, təhsilimizin ciddi problemlərindən biri kimi qələmə vermək düzgün mövqe olmaz: “Bu, zamana, mühitə bağlı bir məsələ olub, hər şeydən əvvəl müəllimin peşəkarlığı, şəriştəliliyi, müəllimin cəmiyyətdə yeri və rolu, məktəb-müəllim-valideyn münasibətləri, müəllimin şagirdlərlə, onların valideynləri ilə yaratdığı ünsiyyət bacarığı, bir az da konkret desək, müəllimin kollektivdə və əhatəsində olan hörməti və nüfuzundan asılıdır. Əbəs yerə deyil ki, Təhsul Qanunu təhsilin əsas məqsədlərini müəyyən edərkən, öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirilməsini önə çəkib. Eyni zamanda təhsil milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik , təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabətqabiliyyətli mütəхəssis-kadrlar hazırlamalıdır. Bu vəzifələri layiqincə yerinə yetirmək üçün ilk addımlar bağçadan başlayır, məktəbdə davam etdirlir və ali təhsillə tamamlanır. Bu məqsədlə məktəblərdə yaradılan yüksək mənəvi-psixoloji mühit və kommunikasiya sistemi təhsil sisteminin özünün sağlam olmasını təmin edəcəkdir”.
Ekspertin fikrincə, istəsək də istəməsək də razılaşmalıyıq ki, çox da uzaq olmayan keçmişlə müqayisədə son on illiklərdə müəllim nüfuzunun zəifləməsi tendensiyası müşahidə olunur: “Bu bir sıra obyektiv və subyektiv amillərlə əlaqədardır ki, bunların da sırasında virtuallığın canlı ünsiyyəti üstələməsinin nəticəsi kimi müəllimdən asılılığın azalmasıdır. Bilik qazanmaqda məktəb mühiti, müəllimin canlı sözü, dərsliklərin imkanları deyil, internet resursları, test kitabçaları, əlavə kurslar və repetitor hazırlığı məktəb müəllimini bilik ötürücüsü kimi bir növ arxa plana çəkib. Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda digər qeyd olunanlarla yanaşı, mövcud vəziyyət bir daha təhlil olunmuş, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Son iki ildə ənənəvi təhsildə zərurətdən yaranan fasilələrlə əlaqədar distant təhsilə keçid, Virtual məktəb layihəsinin tətbiqi, canlı dərslərin televiziya versiyası və s. digər elektron mənbəələrdə müəllim-şagird münasibətlərinə təsirsiz ötüşməyib. Təlimə tərbiyə ilə münasibətdə ifrat dərəcədə aludəçilik də müəllim-şagird münasibətlərinin deqredasiyasının başlıca mənbəələrindən biridir. Halbuki, təlimdə keyfiyyətin əldə olunması üçün pedaqoji-psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir. Müəllim bütün hallarda, xüsusən "müəllim - şagird" münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəblə davranmalıdır. Şagird də nümunəni müəllimdən götürməlidir”.