Saxta Qarabağ müharibəsi əlili sənədini alanların müəyyənləşdirilməsi prosesi davam edir - NAZİRLİK

12:24 02.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Son günlər özlərini Qarabağ qaziləri kimi təqdim edən şəxslərlə SOCAR-ın əməkdaşları arasında yaşanan insident ölkə gündəmini zəbt etməklə yanaşı, bir məsələni də diqqətə çəkdi.

Əvvəlcə sosial şəbəkələrdə bu hadisələrlə bağlı iki mühüm nüans qabardıldı. Birinci nüans ondan ibarət idi ki, Qarabağ qazilərindən hansısa iş adamı öz məqsədləri üçün istifadə edir. Yəni, Dövlət Neft Şirkətinin ərazisini zəbt etdən hansısa iş adamıdır. SOCAR-la üz-üzə qalmış həmin iş adamı guya Qarabağ müharibəsində döyüşmüş şəxsləri qabağa verməklə onların cəmiyyətdəki nüfuzundan, imtiyazından istifadə etməklə dövlət qurumunu dillemma qarşısında qoymağa çalışır.

Ardınca tanınmış Qarabağ qaziləri bəyanat verdilər. Bildirdilər ki, bu adda və soyadda qaziləri nə tanıyırlar, nə də görüblər. Onların “saxta yolla Qarabağ qaziləri olduqları” iddiaları səsləndirildi. Yəni, əlilliyi olan şəxslərdir amma xüsusi dövlətin xüsusi imtiyazlarından istifadə etmək üçün saxta yollarla sənəd düzəldiblər. Bəli, gündəmə gələn məsələdə də elə bu idi; döyüşmədən, saxta yolla Qarabağ qazilərinə məxsus vəsiqəni almaq.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Bu yöndə aparılan araşdırmaların aqibəti ilə maraqlandıq. Nazirliyin sözçüsü Fazil Talıblı hafta.az-a açıqlaqmasında bildirdi ki, nazirlik bu istiqamətdə işləri davam etdirir: “Biz bunu müvafiq qurumlarla birgə əməkdaşlıq şəkilində həyata keçiririk. Əlilliyin təyinatı müvafiq qurumların tibb məntəqələrindən, poliklinikalarından, xəstəxanalarından daxil olan sənədlər əsasında müəyyən edilir. Əgər əlillik ləğv edilirsə, deməli, həmin göndərişi verən xəstəxanalar əlilliyin təyinatı ilə bağlı bildirişi əsassız hesab etdiklərinə görə müraciət edirlər. Bundan sonra nazirlik o qərarları ləğv edir. Onların içərisində də yanlış olaraq Qarabağ müharibəsi əlili adını alanlar da var.  Bu cür şəxslərin aşkar edilib saxta Qarabağ əlili statuslarının ləğvi prosesi davam edir".