Azərbaycanda siqaret istehsalı kəskin artacaq. Belə ki, ölkədə gələn il 10 mlrd. ədəd siqaret və papirosların istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə iki dəfə çoxdur.
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində yer alan məlumata görə, bu il ölkədə 5 mlrd. ədədə yaxın siqaret və papirosların istehsalı nəzərdə tutulub.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə ölkədə 10 156 mln. ədəd, 2022-ci ildə – 10 370,2 mln. ədəd, 2023-cü ildə isə 10 648,8 mln. ədəd siqaret və papirosların istehsal olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4 949,7 mln. ədəd siqaret və papiros istehsal edilib.
Bundan başqa, proqnozlara əsasən, respublikada fermentləşdirilmiş tütünün də istehsalında artım dinamikası qeydə alınacaq. Gözləntilərə əsasən, 2019-cu ildə Azərbaycanda 4 959,4 ton, 2020-ci ildə – 6 441,5 ton, 2021-ci ildə – 8 265,7, 2022-ci ildə – 8 607,7 ton, 2023-cü ildə isə 8 778,7 ton fermentləşdirilmiş tütün istehsal ediləcək. Xatırladaq ki, 2018-ci ildə ölkədə 3 501,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.
Nəzərə çatdıraq ki, ötən illərdə siqaretin satışında bir sıra məhdudiyyətlərin tətbiqi baş vermişdi. Yəni, İnzibati Xətalar və Cinayət məcəllələrinə edilən dəyişikliklərə əsasən, siqaret və alkoqollu içkilərin nağd satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulurdu. İnzibati Xətalar Məcəlləsinin (İXM) 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alqı-satqısına görə cərimə tətbiq olunur. Həmin maddəyə əlavə edilən 229.2-ci hissədə isə tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə cərimə nəzərdə tutulur. Bundan əvvəl isə azyaşlılara siqaret satışının qadağan edilməsi, siqaretin reklamı ilə bağlı məhdudiyyətlər qanuniləşdirilmişdi.
2017-ci ildə bu mövzu gündəmə gəldikdə iqtisadçı ekspert Samir Əliyev mətbuata açıqlamasında məhdudiyyətləri belə şərh etmişdi:
“Siqaret həm daxildə istehsal, həm də xaricdən idxal olunur: “Pərakəndə satışla bağlı heç bir problem yoxdur. Əgər təklif verərlərsə, pərakəndə satış idarəsi həmin qiyməti daha da artırıb satışa çıxaracaq. İstehsalçı, topdansatış və idxalçı nağdsız ödənişə etiraz olaraq bu addımı atmaq qərarına gəlib. Yəni, siqareti haradasa qıtlaşdırırlar”.

Mövzunun aktuallığını nəzərə alıb yenidən ekspertlərin fikrini öyrənmək istədik. Hafta.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli dedi ki, tütün məmulatları, içkilər hər zaman biznes məqsədli istehsal vasitəsi kimi düşünülüb. O, qeyd etdi ki, bu məhsulların inkişafı pul qazanmaq, biznes əldə etmək məqsədi daşıyır:
“İnsanlar bir tərəfdən biznesini genişləndirmək istəyir. Digər tərəfdən də dövlətin marağı o məhsullara tətbiq etdiyi vergilərdən daha çox qazanmaqdır. Dövlət digər tərəfdən də onun satışına müəyyən məhdudiyyətlər qoyur. Yəni sadə dildə desək, sağlamlığa zərər vurduğu üçün ən azından insanları bu və ya digər formada ondan uzaqlaşdırmaq istəyir. Burada qarışıqlıq yaranır. Qadağa və istehsalı artırmaq. Bu biznes çox maraqlı biznesdir. İnsanın sağlamlığına zərər gətirməklə yanaşı, insanların təlabatı çox olduğu üçün yaxşı pul da gətirir”.

Bəs tütün məhsullarının istehsalının artırılması, eləcə də əlçatanlığı azyaşlı və ya fiziki cəhətdən sağlam olmayan insanların düşüncəsində alüdəçilik, daha çox canatma funksiyasını işə salırmı?
Psixoloq İlahə Dəmirbəyin sözlərinə görə, insan sağlamlığı üçün təhlükəli sayılan hər bir şeyin istehsalı, istehsalının artırılması, əlçatanlığı heç kimi sevindirməli deyil. Psixoloq hesab edir ki, bu əslində üzücü bir haldır:
“Ancaq bir şeyi diqqətə çatdırmaq istərdim ki, hansısa bir ziyanverici saydığıımız məmulatı, bir insan istifadə etmək istəyirsə onun az və yaz çoxluğundan asılı olmayaraq, tapıb istifadə edəcək. Təbii ki, bu uşaqlar üçün təhlükəlidir. İstehsalı artırılırsa, marketoloqlar da bu və ya digər formada satışı üçün hansısa planlar hazırlayacaq. Satışın artması azyaşlı uşaqlarda sövq etmə oyadacaq. Bu bir az da düşüncə ilə bağlı olan məsələdir. İnsan düşüncəsini dəyişmək olmaz və ya çətindir. Hər insanın baxış bucağı da fərqlidir. Siqaret istifadəsi bildiyimiz kimi alışqanlıq yaradır. Nikotin qanda artır, sanki bir anlıq özünü xoşbəxt hiss edir. Belə zərərli vərdişləri artıra biləcək hər bir şeyin qarşısının alınması labüddür. Kimsə qazanc götürəcəksə, bunun müqabilində sağlam bədən iflasa uğrayacaqsa qınanılmalıdır”.