Məlum olduğu kimi, Türk Dövlət başçılarının Macarıstanın paytaxtı Budapeşt şəhərində qeyri-rəsmi toplantısı keçirilir və tədbirdə iştirak məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda işgüzar səfərdədir.
Hafta.az-ın yazdığına görə, Macarıstan Azərbaycanla çox yaxın, hətta qardaş əlaqələrə malikdir. Ölkələrimiz arasında həyatın bütün sahələrində sıx münasibətlər mövcuddur və ikitərəfli strateji münasibətlərimiz son illər daha da dərinləşməkdədir.
Hazırda Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsində artım dinamikası qorunub saxlanılıb. Belə ki, 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 35,2 milyon dollar olmuşdusa, 2022-ci ildə 47,4 milyon dollar, 2023-cü ildə 48,4 milyon dollar və nəhayət 2024-cü ildə 62,3 milyon dollarlıq ticarət qeydə alınıb. Bu o deməkdir ki, son 4 ildə Azərbaycanla Macarıstan arasındakı ticarət dövriyyəsi 77 faiz artıb.
Millət vəkili Vüqar Bayramov bildirir ki, son illər qeydə alınan artım tendensiyasına rəğmən Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.
“Azərbaycan prezidentinin Macarıstana səfəri ölkələrimiz arasındakı mövcud münasibətlərdə yeni səhifə açacaq. Ölkəmizin Mərkəzi və Şərqi Avropanin enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir” deyən millət vəkili bildirib ki, ötən ildən etibarən Azərbaycan mavi qazı Macarıstana çatdırılır. Regional enerji təhlükəsizliyinə yaxından töhvə verən Azərbaycan tərəfdaş ölkələrlə enerji əməkdaşlığını gücləndirməkdədir.
Vüqar Bayramov Azərbaycanın Avropaya qaz ixracatının 2024-cü ildə 8,6 faiz artaraq 12,9 milyard kubmetrə çatdığını qeyd edib.
“Azərbaycan prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan - Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması həmin regionda daha çox ölkənin Azərbaycandan artırılmış həcmdə qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır”, - V.Bayramov deyib.