Sosial məsafə qaydalara əməl etməməyin nəticəsi - yoluxma sayı artır - SOS

10:21 09.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyası yayıldığı vaxt dünya ölkələri arasında bu virusa yoluxma ən az Azərbaycanda idi. Bu gün isə yoluxma sayı gündən-günə artır. Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 8-nə olan statistik göstəriciləri açıqlayıb. Ölkədə 3406 nəfər aktiv koronavirus xəstəsidir.

Onlardan 140 nəfər reanimasiyada, 20 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib ki, Avropada koronavirusla bağlı vəziyyət yaxşılaşsa da, dünya miqyasında pisləşir.

"Bizdə olan məlumata görə, hazırda demək olar ki, dünyada 7 milyon insan koronavirusa yoluxub. Ölənlərin sayı isə 400 mindir. Lakin Avropada vəziyyət yaxşılaşmağa doğrudur”, - deyə Baş direktor vurğulayıb.

TƏBİB-in rəhbəri Ramin Bayramlı sonuncu brifinqdə bildirdi ki, son günlər yoluxmanın sayının artmasının səbəbi insanların masqadan taxmamaları, sosial məsafələrə riayyət etməmələri və digər izolyasiya tədbirlərinə əməl etməmələridir. 

Bəs bu qaydalara vətəndaşlar necə əməl etməlidirlər?

Bununla bağlı hafta.az-a həkim, professor Adil Qeybulla danışarkən dedi ki, birinci növbədə insanların maskada gəzməsi, sosial izolyasiya məsafəsini gözləməsi şərtdir və ciddi nəzarət həyata keçirilməlidir:

“Çünki bu gedişlə ikinci dalğa ola bilər. İnsanlar paltar mağazalarına daxil olub, eyni mallara baxırlar. Belə olanda yanlarında xəstə birinin dayanmasının fərqində olmurlar. Lakin bərbərxanalarda heç olmasa stullar aralı qoyularaq sosial izolyasiya tədbirləri görülə bilər. Bu baxımdan niyə görə geyim mağazalarına icazənin verilməsi, ancaq bərbərxanaların fəaliyyətinin bərpa edilməməsi mənə də aydın deyil. Hesab edirəm ki, bu qərara yenidən baxılmalıdır.karantin bitdikdən sonra da önləyici tədbirlərə ehtiyyac var. Müşahidə edirəm ki, insanlar karantinin yumşaldılmasından istifadə edərək maskasız gəzirlər. Bu səbəbdən təklif edirəm ki, insanlara bu məsələ ciddi surətdə başa salınsın və nəzarət gücləndirilsin. Yəni maskada gəzmək şərti qaydası daha da gücləndirilməlidir. Məsələn, Almaniyada da karantin yumşaldılıb, lakin maskada gəzmək qəti şərt olaraq saxlanılıb”.

Tanınmış həkim-psixoterapevt  Əli Nağıyev isə deyir ki, ilk növbədə hər bir qrip halında poliklinikalara getməliyik:

“Koronavirusla bağlı spesifik profilaktika, vaksinasiya hələ ortada olmadığı üçün xəstəlikdən qorunmaq üçün qeyri-spesifik profilaktika növündən istifadə edilməlidir. Yəni immuniteti gücləndirən vasitələrindən yararlanmalıyıq. Çoxlu maye qəbul etməli, sarımsaq və soğandan daha çox istifadə etməliyik. Tibbi profilaktika növlərindən biri də fiziki aktivlikdir. İdmandan vaz keçilməməlidir. Açıq havada daha çox gəzmək lazımdır. İş mühitində öskürən, asqıran, burnu axan varsa, o adamlardan uzaq durmalıyıq. Xəstələrdən tibbi maskalardan istifadə etmək, işə çıxmamaq tələb olunmalıdır. Fərdi səviyyədə edə biləcəyimiz bunlardır. Dövlət və səhiyyə sistemi öz işini görür”.