Milli Məclisə seçkilərin gedişatını izləmək üçün Suraxanı rayonu ərazisindəki seçki məntəqələrinə baş çəkdik.
Əvvəlcə yolumuzu Yeni Günəşli qəsəbəsində yerləşən 265 saylı İşaq Bağçasında fəaliyyət göstərən 31 saylı Suraxanı II Seçki Dairəsi 19 saylı Seçki Məntəqəsindən saldıq. Səhər saat təxminən 9:22 radələri olardı. Məntəqədə səhər saatlarında seçicilərin fəallığı az idi.
Müşahidəçi Vüsal Mehrəliyev bitərəf olduğunu və seçkilərin şəffaf keçdiyini, heç bir təzyiqə məruz qalmadığını dedi.
Sənubər Hüseynova könüllü şəkildə gəldiyini və seçkinin gedişatından razı qaldığını söylədi. Onun sözlərinə görə seçkilərdə şəffaflıq qorunur, amma seçicilər məntəqəyə zəif gəlir.
Sözügedən məntəqənin sədri Alik Məmmədov 18 nəfər müşahidəçinin olduğunu, onların müxtəlif siyasi partiyaları təmsil etdiyini dedi: ”Heç bir qanun pozuntusuna yol verilməyib. Saat 9:23 radələrinə kimi 30 nəfət seçici səs verib”.
Pərviz İsmayılov adına 278 saylı Tam orta məktəbində isə 31 saylı Suraxanı II Seçki Dairəsinin 18 və 28 sayl Seçki Məntəqələri fəaliyyət göstərir.
18 saylı Seçki Məntəqəsində vebkamera quraşdırılıb. Sözügedən məntəqədə müşahidəçilər daha çox idi.
Arif Fərzullayev müşahidəçi qismində namizəd Mehman Hüseynovu təmsil etdiyini bildirdi. Onun sözlərinə görə seçkilərin gedişatı bizi qane edir.
Müşahidəçi Yeganə Həsənovova Dirçəliş Partiyasının mənsubu olduğunu vurğuladı: ”Başlıcası odur ki, şəffaflıq qorunur. Seçki tam demokratik şəkildə qanunlarına uyğun aparılır. Heç bir saxtakarlığa yol verilməyib. Bir sözlə, seçkinin gedişatı bir müşahidəçi kimi bizi qane edir”.
Məntəqə sədri Məlahər Əliyeva bildirdi ki, saat 9:45 -ə kimi 50 nəfər səs verib:”Heç bir qanun pozuntusu olmayıb".
28 saylı saylı seçki məntəqəsində eyni vəziyyət idi. Seçki şəffaf keçirdi. Amma seçicilərin fəallığı o dərəcədə hiss olunmurdu.
Müşahidəçi Pərvanə Ramazanova “BAXCP” dən gəldiyini vurğuladı. Seçkinin gedişatından razı qaldığını və müdaxilə olmadığını dilə gətirdi. Digər müşahidəçilər də eyni fikri söylədilər.
Məntəqə sədri Gülnaz Allahverdiyeva söylədi ki, saat 9:50–ə kimi 50 nəfər seçici səs verib.
285 saylı Tam Orta Məktəbinin binasında fəaliyyət göstərən 30 saylı Suraxanı I Seçki Dairəsi 23 və 24 saylı seçki məntəqələrində də olduq.
24 saylı məntəqədə də seçkilər demokratik keçirdi. Seçicilərin fəallığı ürək açan deyildi. Müşahidəçi Aygün Şəfiyeva könüllü şəkildə gəldiyini və şəffaflığın qorunduğunu dedi.
Başqa bir müşahidəçi Surcat Fərəcov, eləcə də adlarını çəkmədiyimiz müşahidəçilər də seçkinin gedişatından razı qaldıqlarını söylədilər.
Məntəqə sədri Xanım Məhərrəmova bildirdi ki, saat 10:00-a qədər 20 nəfər seçici gəlib səs verib və heç bir qanun pozuntusu olmayıb.
23 saylı Seçki Məntəqəsində olduq, seçicilərin fəallığı o dərəcədə gözə çapmırdı.
Müşahidəçi Gülsüm Quliyeva Ana Vətən Partiyasını təmsil etdiyini və seçkilərin gedişatından razı qaldığını bildirdi.
Seçici Mahruq Süleymanova isə əvvəlki ilərdən fərqli olaraq seçkilərin daha da mütəşəkkil və şəffaf keçirildiyini vurğuladı:” Biz sərbəst şəkildə gəlib öz namizədimizə səs verdik. Heç bir müdaxilə yoxdur”.
Məntəqə sədri Səfurə Rəhimova məntəqə üzrə siyahıda 1413 seçiciniun olduğunu bildirdi: ”Saat 11.00-dır. Artıq 40 nəfər seçici gəlib səs verib”.
121 saylı Laçın Seçki Dairəsi 26 saylı Seçki Məntəqəsi Yeni Günəşli qəsəbəsində yerləşən 280 saylı Uşaq Bağçasında fəaliyyət göstərir. Yerli məntəqələrdən fərqli olaraq köçkün məntəqəsində seçicilər daha fəallıq göstərirdilər. Seçicilər növbə ilə məntəqəyə daxil olub sərbəst şəkildə səsvermə otağına keçib öz səslərini verirdilər. Müşahidəçilər seçkinin demokratik keçirildiyini söylədilər.
Seçicilərin içində Lalə Nadir qızı Əliyeva çox gənc idi. 18 yaşı vardı. Birinci dəfədir ki, seçkilərdə iştirak etdiyini dedi: ”İlk dəfə gəlib öz namizədimə səs verirəm. İlk dəfə seçkilərdə iştirak etdiyimə görə çox həyacanlıyam. Mən vətənimlə fəxr edirəm. Biz gənclərə dövlər səviyyəsində üstünlük verilir. İnanıram ki, bu il parlamenti gənclərimiz daha çox təmsil edəcəklər. Namizədlərimizə uğurlar diləyirəm”.
Məntəqə sədri Azər Qurbanov söylədi ki, neçə ildir məntəqə sədriyəm, baxmayaraq hava qarlı -küləkli keçir, hələ indiyə kimi bu qədər seçicimiz olmayıb: ”Laçın camaatı baxmayaraq köçkün şəraitində yaşayır, həmişə rayonun adını qoruyublar, bütün seçkilərdə aktivliyi ilə seçiliblər. Səhər saatlarında səs verən seçicilərin sayı artıq 250 nəfəri keçib. Növbəyə duranlar da çoxdur”.
Sözügedən Uşaq Bağçasında fəaliyyət göstərən 30 saylı Suraxanı I Seçki Dairəsi 22 saylı Seçki Məntəqəsində də olduq. Seçicilər zəif iştirak edirdilər.
Müşahidəçi Zahir Beydullayev bitərəf olduğunu söylədi. Onun sözlərinə görə seçki normal keçir: ”Amma texniki cəhətdən qanun pozuntusuna da yol verilir. Seçicilərin yaşadıqları binaların nömrələri yazılmayıb. İki saatdan bir məntəqə sədri tərəfindən səsverənlərin sayı elan edilməlidir. Təəssüf ki, məntəqə sədri buna əhəmiyyət vermir”.
Məntəqə sədri Mahirə Nahayeva heç bir qanun pozuntusuna yol verilmədiyini və saar 10:45-ə işləyib, 60 nəfər səs verdiyini söylədi.
Qaraçuxur qəsəbəsində Dentol Klinikasında fəaliyyət göstərən 31 Saylı Suraxanı II Seçki Dairəsin 1 saylı Seçki Məntəqəsində də olduq. Seçki çox zəif keçirdi.
Müşahidəçi Əvəz Mirzəyev öz təşəbbüsü ilə gəldiyini və seçkilərin normal, daha da şəffaf keçdiyini söylədi.
Məntəqə sədri Məmməd Rzayev bildirdi ki, saat 11:10 –a olan məlumata əsasən 50 nəfərə yaxın adam səs verib.
Qaraçuxur Qəsəbəsində yerləşən 15 saylı Birləşmiş Şəhər Xəsrəxanasında fəaliyyət göstərən sözügedən Dairənin 8 saylı Seçki Məntəqəsində isə digər məntəqələrlə müqayisədə fəallıq hiss olunurdu.
Müşahidəçi Rövşən Məmmədov Vəhdət Paryitasından gəldiyini söylədi: ”Seçkinin gedişatı bizi qane edir".
Digər müşahidəçi Nurhad İmanov isə bitərəf olduğunu və nəzarətin düzgün aparılmadığını vurğuladı:
”Partiya üzvüləri gəlib səs-küy salırlar”.
Məntəqə sədri Kamal Mirzəyev bildirdi ki, saat 11:15-ə 100-ə yaxın seçici səs verib.
Yeni Günəşli qəsəbəsində yerləşən 24 saylı Birləşmiş Şəhər Xəstəxanasında 31 saylı Suraxanı II Seçki Dairəsi 32 saylı Seçki Məntəqəsi fəaliyyət göstərir.
Sözügedən məntəqə xüsusilə seçilirdi. Seçicilər çox fəal iştirak edirdilər. Hətta namizəd Mehman Hüseynov da gəlib seçkinin gedişatından çox razı qaldığını bildirdi.
Südabə Yaqubova bildirdi ki, saat təxminən 14:00-a 200 nəfərə yaxın seçici gəlib səs veriblər.
31 saylı Suraxanı II Seçki Dairəsinin sədri İlham Bayramov “Həftə içi” nə məlumat verərək bildirdi ki, saat 12:00–a olan məlumata görə Dairə üzrə 7 min 463 nəfər seçici səs verib. Bu da seçicilərin ümumi sayına görə 19 faiz təşkil edir. Onun sözlərinə görə heç bir qanun pozuntusuna yol verilməyib.