Tacikistanın Daxili İşlər Nazirliyi ölkədə cadugərlik və falçılıqla mübarizənin yeni üsulunu açıqlayıb.
Hafta.az-ın yazdığına görə, indi təkcə cadugərlər, falçılar deyil, onlara müraciət edən vətəndaşlara da cəzalandırılacaq.
“Aparılan çevik profilaktik tədbirlər nəticəsində müəyyən edilib ki, falçı və cadugərlərə müraciət edən vətəndaşlar xidmət haqqını ödəməklə bu fəaliyyəti inkişaf etdirirlər”, - deyə nazirlikdən bildirilib.
Təkcə iyul ayında nazirlikdə 150-dən çox belə şəxs qeydiyyata alınıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
“Sehrli xidmətlər üçün müraciət edən bütün şəxslər Daxili İşlər Nazirliyinin regional orqanlarına çağırılacaq, barələrində müvafiq protokollar tərtib olunacaq, onların məlumatları və fotoşəkilləri idarənin məlumat bazasına daxil ediləcək”, - nazirlikdən bildirilib.
Son zamanlar Tacikistanda falçıların müəyyən edilməsi üçün mütəmadi reydlər keçirilir. Buna baxmayaraq, onların xidmətindən istifadə edənlərin sayı hələ də xeyli yüksəkdir. Düşənbədə ilin əvvəlindən 141 nəfər sehrbazlıqla məşğul olarkən yaxalanıb.
Tacikistanda falçılıq və cadugərliklə məşğul olanlar hesablama məbləğinin 80 mislindən 100 mislinədək cərimə və ya 10 gündən 15 günədək inzibati həbs cəzası alırlar. Onların əməli bir il ərzində təkrar olunarsa, cinayət işi qaldırılır. Falçılar hər yaşayış məntəqəsinə görə 1500-2000 somoni cərimə və ya bir ildən iki ilədək həbslə cəzalandırılır.
Tacikistanda cadugərliyə görə inzibati məsuliyyət 2008-ci ildə tətbiq edilib, 2015-ci ildən isə cadu mərasimlərinin keçirilməsinə görə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.