Paytaxt Bakıda, eləcə də rayonlarda taksi xidməti ilə məşğul olan insanların sayı kifayət qədər çoxdur. Son illər isə taksi xidməti daha rəqabətli fəaliyyət göstərir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı artdıqca həm keyfiyyət, həm də qiymətlər əlçatanlaşır. Lakin bu sistemin dəyişilməsini düşünənlər də var. Hazırda vahid qiymətlərin tətbiq olunması müzakirə olunur.
Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilib.
Görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.
Diqqətə çatdırılıb ki, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.
Bəs vahid qiymətlərin tətbiqi rəqabət mühitinə təsir edəcəkmi?
İqtisadçı ekspert Natiq Cəfərli hafta.az-a mövzu ilə bağlı danışarkən bildirdi ki, bu sahəyə dövlətin müdaxiləsi əsassızdır:
“Bu sahə ölkədə azsaylı rəqabətli mühitdir. 2014-cü ildən bu ilə qədər rəqabətli mühit olduğu üçün, benzinin qiymətinin artmasına, həmçinin iki dəfə devalvasiyanın baş verməsinə baxmayaraq qiymətlər enib. Çünki kifayət qədər fəaliyyət göstərən taksi şirkətləri var. Son illər beynəlxalq və yerli taksi şirkətləri artır. Bu şirkətlərin artımı birbaşa rəqabət mühitini artır. Bazarın bu sahədə kifayət qədər tənzimlənmə mexanizmləri var. Bu mexanizmlərin tətbiqi nəticəsində müştəri də məmnundur. Və insanlar da taksi xidməti ilə məşğul olurlar. Dövlətin hər hansı müdaxiləsinə ehtiyac yoxdur. Dövlət tərəfindən tənzimlənən qiymət siyasəti bizi geriyə aparır. Prezidentin çıxışında da liberal iqtisadiyyata keçidlə bağlı tezislər var idi. Liberal iqtisadiyyata keçidlə indi dövlətin bu müdaxiləsi üst-üstə düşmür. Düşünürəm ki, bu sahəni rahat buraxmaq lazımdır”.