Təhsil infrastrukturunun yenilənməsi bəhrəsini verir

12:32 18.05.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bugünədək bir milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb

Son illər Azərbaycanda təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi istiqamətində çox böyük işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın bütün bölgələrində müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir edilir və yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. İndiyədək həyata keçirilən məqsədyönlü, davamlı tədbirlər nəticəsində ölkəmizdə  3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Eyni zamanda, ali məktəblər üçün yeni binalar, tədris kampusları inşa olunub.

Məktəblərin yeniləşməsi və zənginləşməsi prosesi bu gün də davamlı olaraq inkişaf edir. Son bir ildə bu sahədə aparılan işlər isə bir daha sübut edir ki, məktəblərin yeniləşməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Dünyanı bürümüş pandemiya və onun ağır fəsadlarına baxmayaraq,  ölkə Prezidenti son aylarda da təhsil sisteminə diqqət və qayğının bariz nümunəsi kimi paytaxt Bakı ilə yanaşı, regionlarda məktəb infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb.Yeri gəlmişkən, bu yaxınlarda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfər zamanı rayonun Nic qəsəbəsində 1 saylı orta məktəbə də baş çəkiblər. Dövlət başçısı əsası 1857-ci ildə qoyulmuş və hazırda 130-a yaxın şagirdin təhsil aldığı məktəblə tanışlıqdan sonra həmin ərazidə yeni məktəbin tikintisi ilə bağlı qərar qəbul edib. Təbii ki, Nic qəsəbəsində yeni məktəbin tikintisi ilə bağlı dövlət başçısının yerindəcə qərar qəbul etməsi bir daha dövlətin təhsilin inkişafına diqqət və qayğısının bariz nümunəsidir.

Məktəb infrastrukturunun yenilənməsi sahəsində Heydər Əliyev Fondunun xidmətləri də əvəzsizdir. Fondun təşəbbüsü ilə Bakıda və regionlarda yeni məktəblər, uşaq bağçaları, uşaq evləri, internat məktəbi binaları tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi milli təhsil tariximizin müstəsna səhifəsidir. Bu layihə milyonlarla vətəndaşımızı, övladlarımızı yaşadıqları məkanda hər növ şəraitə malik, yeni, işıqlı, müasir məktəblərdə təhsil almaq arzusuna qovuşdurdu. Həm də təhsili cəmiyyətimiz üçün yeni bir dəyərə çevirdi.

Gənc nəslin keyfiyyətli təhsil almaq, uğurlu karyera qurmaq, cəmiyyətə fayda vermək arzusunun gerşəkləşməsinə imkan yaratdı. Məlumat üçün bildirək ki, pandemiya şəraitinə və onun ağır fəsadlarına baxmayaraq təkcə 2020-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2020-ci ildə Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.  

Yeri gəlmişkən bu gün bölgələrdə, xüsusilə ucqar kəndlərdə illərdir təmir olunmayan qəzalı məktəblər modul tipli məktəblərlə əvəzlənir. Şagird sayına uyğun sinif otaqları, kitabxanası, sanitar qovşağı olan modul tipli məktəblər istənilən vaxt başqa əraziyə köçürülə və ya genişləndirilə bilər. Modul tipli məktəblərin bir üstünlüyü də quraşdırılmasına az maliyyə vəsaiti sərf edilməsidir. Bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraşdırmaq olar. Modul tipli məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət (1 ay) ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən, tədris prosesi dayandırılmır. Bu günədək quraşdırılan modul tipli məktəblər sayəsində azkomplektli və qəzalı vəziyyətdə olan kənd məktəblərinin problemi həll edilib. Modul tipli məktəblər əsasən Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarının ərazilərində quraşdırılıb. Məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi mütləq nəzərə alınır. Kəndin relyefi kifayət qədər nahamardır və burada modul tipli məktəbin tikintisi daha məqsədə uyğun hesab olunub. Məktəblərin tikintisində yerli materiallardan istifadə edilir. Modul tipli məktəblərdə sinif otaqlarının sayını şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırmaq mümkündür. Bu  məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur.  Belə məktəblərin daxilində və xaricində istifadə olunan materiallarda insan sağlamlığı üçün heç bir ziyanlı maddə yoxdur, yanğına, sukeçirməyə, nəmlənməyə, çürüməyə, isti və soyuğa qarşı daha dayanaqlıdır. Bu cür məktəblərin tikintisində məqsəd keyfiyyətli təhsilin, müasir təhsil infrastrukturunun hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olmasıdır. Yaxınlığından, uzaqlığından, coğrafi şəraitindən asılı olmayaraq, hər bir insan üçün yüksək təhsil imkanının yaradılmasıdır.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov bildirib ki, təhsilin maddi-texniki bazasının müasirləşdirilməsi ölkədə prioritet məsələlərdəndir:

“Məktəblərin tikintisi, təmir və təchizatı son 20 ildən artıqdır ki, ölkədə prioritet olaraq qalmaqdadır. Ölkə başçısının dediyi kimi əsas məqsəd ondan ibarətdir ki, Azərbaycanda bir dənə də olsun qəzalı vəziyyətdə məktəb qalmasın. Bax, qarşıya belə məqsəd qoyulub. Əbəs yerə deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi kimi son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmış, təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilmiş, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunmuşdur. Strateji hədəflərdən biri də müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması, təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsi, təhsilin maliyyələşdirilməsi xərclərinin Ümumi Daxili Məhsula nisbətinin mərhələlərlə 5–6 faizə çatdırılması, nəticəyönlü büdcə planlaşdırılması və müxtəlif mənbəli maliyyələşdirmə mexanizmlərinin yaradılması, təhsil şəbəkəsində rasionallaşdırma tədbirləri həyata keçirməklə, regionlar arasında təhsilin keyfiyyətini bərabərləşdirmək üçün ucqar regionlarda yerləşən təhsil müəssisələri üçün əlavə maliyyələşmənin təmin olunmasıdır.Təkzibolunmaz faktdır ki, ölkənin şəhər və kəndlərində təkcə son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Məktəbəqədər təhsil müəssisələrinin tikilməsi və yenilənməsi istiqamətində də işlər görülüb. Yeni təhsil müəssisələrinin tikintisi zamanı daha çox müasir təhsil standartlarına uyğunluq nəzərə alınıb. Yeni təhsil müəssisələrinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, əsaslı təmiri, müasir avadanlıqla, laboratoriyalarla təminatı nəticəsində iki və üçnövbəli məktəblərin sayı xeyli azalıb. Müstəqillikdən sonra aparılan islahatlar nəticəsində Azərbaycanın elə regionu yoxdur ki, orada yeni məktəb binaları tikilməsin, yaxud mövcud məktəblər təmir edilməsin. Qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi istiqamətində də xeyli işlər görülüb. Eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin əsas məqsədi də təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir”.

Oxunma sayı 1038