Təhsildə daha çox hansı istiqamətlərə vəsait yönəldilməlidir?

12:07 04.11.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Müasir dövrdə hər bir ölkənin yeri əsasən təhsilin keyfiyyəti ilə xarakterizə olunur. Əlbəttə ki, təhsilin keyfiyyəti bilavasitə maliyyələşdirmənin həcmindən birbaşa  asılıdır. Hazırda dünyanın hər bir dövləti öz büdcəsində təhsilə xərclər ayırır. Bu xərclərin həcmi və ümumiyyətlə dövlətin təhsil siyasəti əslində sosial siyasətin tərkib hissəsidir. Bütün digər sahələrdə olduğu kimi, təhsilə qayğı və təhsilin maliyyələşdirilməsinin səviyyəsi bu sahədə tətbiq edilən mexanizmlər fərqlidir.

Ölkəmizdə də müstəqilliyin ilk günlərindən başlayaraq, keçmiş sovet təhsil sisteminin dəyişdirilməsi, yeni və daha keyfiyyətli müasir maliyyə mexanizmləri ilə zənginləşdirilmiş sistemin formalaşdırılması istiqamətində addımlar atılmaqdadır. Elə bu səbəbdəndir ki, təhsilə ayrılan vəsaitlər hər il əhəmiyyətli dərəcədə artırılır. Bu istiqamətdə artım gələn il də davam edəcək. 2022-ci ilin dövlət büdcəsi layihəsində yer alan məlumata görə, növbəti ildə təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılacaq. Layihədə qeyd olunub ki, həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3 milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 015 min 701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Yeri gəlmişkən, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (294,1 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 2 milyard 489,8 milyon manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 272,9 milyon manat və ya 12,3 faiz çoxdur.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 229,6 milyon manat vəsait  nəzərə alınmaqla isə 2020-ci ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 11,4 faiz həcmində (2019-cu illə müqayisədə 1,2 faiz-bənd çox) və ya 3003,9 milyon manat vəsait yönəldilib. Bu da 2019-cu illə müqayisədə 517,6 milyon manat və ya 20,8 faiz çoxdur. Son 5 ildə (2016-2020-ci illər) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,6 faiz-bənd, natural ifadədə isə 1019,9 milyon manat və ya 1,6 dəfə artıb. Funksional təsnifata uyğun olaraq (dövlət əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait istisna olmaqla), təhsil xərcləri (cari) üzrə istifadə olunmuş vəsaitin 1632,1 milyon manatı və ya 58,8 faizi ümumi təhsil xərclərinin (2019-cu illə müqayisədə 367,8 milyon manat və ya 29,1 faiz çox), 500,5 milyon manatı və ya 18,0 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (məktəbdənkənar təhsil müəssisələrinin, ərazi maliyyə hesablaşma mərkəzlərinin və mərkəzləşdirilmiş mühasibatlıqların saxlanılması saxlanılması xərcləri, publik hüquqi şəxslərə maliyyə yardımının (subsidiya) ayrılması, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri və təhsil sahəsində digər tədbirlər) (2019-cu illə müqayisədə 95,3 milyon manat və ya 25,3 faiz çox), 318,3 milyon manatı və ya 11,5 faizi ali təhsil xərclərinin (dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi, “ADA” Universitetinin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, Bakı Xoreoqrafiya Akademiyasının, Ədliyyə Akademiyasının və digər təhsil müəssisələrinin fəaliyyətinin təminatı ilə bağlı xərclər) (2019-cu illə müqayisədə 86,7 milyon manat və ya 37,4 faiz çox), 207,5 milyon manatı və ya 7,5 faizi məktəbəqədər təhsilin, 68,6 milyon manatı və ya 2,5 faizi orta ixtisas təhsilinin (2019-cu illə müqayisədə 8,2 milyon manat və ya 25,5 faiz çox) 4,0 milyon manatı və ya 0,1 faizi təhsil sahəsində tətbiqi tədqiqatların, 2,7 milyon manatı və ya 0,1 faizi əlavə təhsilin (2019-cu illə müqayisədə 1,0 milyon manat və ya 60,2 faiz çox) maliyyələşdirilməsinə yönəldilib. İqtisadi təsnifata uyğun olaraq təhsil xərcləri üzrə (cari) əməyin ödənişinə 2099,8 milyon manat (2019-cu illə müqayisədə 571,5 milyon manat və ya 37,4 faiz çox ), malların (işlərin və xidmətlərin) satın alınmasına 435,1 milyon manat, subsidiyalara, qrantlara və digər ödənişlərə 45,6 milyon (2019-cu illə müqayisədə 10,9 milyon manat və ya 31,4 faiz çox), sosial ödənişlərə 125,3 milyon manat (2019-cu illə müqayisədə 42,1 milyon manat və ya 50,6% çox), qeyri-maliyyə aktivlərinin (sosial, mədəni və məişət təyinatlı obyektlərinin əsaslı təmiri və yenidənqurmasına, maşın və avadanlıqlar, istehsalatda istifadə olunmayan qeyri-maddi aktivlər və s.) alınmasına 68,4 milyon manat (2019-cu illə müqayisədə 27,5 milyon manat və ya 67,2 faiz çox) vəsait sərf edilib. Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının 2019/2020-ci tədris ilində 30,0 faizədək artırılması təmin edilib. 2020-ci ilin dövlət büdcəsinin təhsil xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri isə 12,8 milyon manat təşkil edib.

2021-ci ilin dövlət büdcəsindən isə təhsil sahəsinə 3 277 655 549,0 manat vəsaitin ayrılması nəzərdə tutulub. Belə ki, məktəbəqədər təhsil üçün 319 352 315,0 manat, ümumi təhsil üçün 1 764 680 611,0 manat, peşə təhsili üçün 51 143 908,0 manat, orta ixtisas təhsili üçün 71 043 059,0 manat, ali təhsil üçün 60 852 036,0 manat, əlavə təhsil üçün 3 415 815,0 manat, təhsil sahəsində tətbiqi tədqiqatlar üçün 5 982 239,0 manat, təhsil sahəsində digər müəssisə və tədbirlər üçün 1 001 185 566,0 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bəs, görəsən, təhsilə ayrılan vəsaitlərin həcmini yetərli hesab etmək olarmı? Təhsil sahəsində daha çox hansı istiqamətlərə vəsait yönəldilməsinə ehtiyac var?

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, son 5 il ərzində dövlət büdcəsindən təhsilə ayrılan vəsait kəskin şəkildə artıb:

“Yəni, əgər bu vəsait 2015-ci ildə 1 milyard 400 milyon manat üzərində idisə, artıq 4 milyarda yaxındır. Büdcənin belə kəskin artması Prezidentin təhsilə olan diqqətini göstərir. Azərbaycan Prezidentinin siyasəti ondan ibarətdir ki, ölkəmizdə təhsil inkişaf etməlidir, dünayada rəqabətə davamlı iqtisadiyyat formalaşmalıdır. Ölkədə təhsil büdcəsinin bu qədər artırılması müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, tələbələrin təqaüdünün artırılmasına, elmi tədqiqat işlərinin artmasına yönləndiriləcək. Ona görə ki, burda əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanması orta ixtisas, peşə ixtisas müəssisələrində həyata keçirilir. Azərbaycanda təhsil müəssisələrinin beynəlxalq rəqabətinin artmasına diqqət ayırmaq lazımdır. Eyi zamanda bəzi rayonlarımızda mövcud olan qəzalı vəziyyətli məktəblərin təmirinə, dərslik siyasətinin yenidən qurulmasına diqqət ayırılmalıdır. Təbii ki, bu il də təhsil sahəsinə ayrılan vəsaitdə artım var. Bir məsələni qeyd edim ki, vəsaitin bölünməsində vacib məsələlər yenə arxa planda qalıb. Təəssüf ki, elmi istehsalata, elmi tədqiqatlara yenə də az vəsait ayrılıb. Əgər gənclərin elmə gəlməsini təşviq etmək istəyiriksə, bu sahəyə ayrılan vəsaitin miqdarı çox olmalıdır. Yəni vəsait elə bir həddə olmalıdır ki, yeni elmi araşdırmalar, elmi tapıntılar üçün əlverişli imkanlar yaransın. Elmlə məşğul olmaq istəyənlərdə həvəs yaransın, görsünlər ki, fəaliyyət üçün imkanlar var. Ümumilikdə təhsilə ayrılan təqribən 4 milyard manat ciddi rəqəmdir, lakin bu məbləğdə elmin payı yenə azdır”.

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi isə öz açıqlamasında növbəti tədris ilinin büdcəsindən müəllimlərin əməkhaqqının artırılmasına diqqət yetirilməsinin zəruriliyini önə çəkib:

“Yaxşı olardı ki, müəllimlərin əməkhaqqına artım edilsin. Bu, müəllimlərin daha həvəslə çalışmasına şərait yaradar və beləliklə, təhsilin keyfiyyəti əvvəlki dövrlərlə müqayisədə yüksək olar. Eyni zamanda ali təhsil müəssisələrinə hazırlaşan və nəticələri yüksək olan abituriyentlərin təkmilləşdirilməsi üçün də büdcədən pul ayırmaq məqsədəuyğun ola bilər. Bütün bunlarla yanaşı, biz ayrılan vəsaiti distant təhsil üçün xərcləməyi nəzərdə tutmalıyıq. Pandemiya dönəmində distant təhsillə bağlı bir sıra çətinliklərlə üzləşdik. İlk növbədə auditoriyalarda informasiya texnologiya alətləri quraşdırılmalı, imkan varsa, təhsil alan və verən şəxslərin də müasir texnoloji avadanlıqlarla təchizinə şərait yaradılmalıdır”.