Azərbaycan Təhsil İnstitutu “Milli Prioritetlər 2030” ilə bağlı hansı hədəfləri müəyyənləşdirib?
Məlum olduğu kimi, bu ilin fevral ayında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Sərəncamda 5 əsas istiqaməti özündə ehtiva edən prioritetlər növbəti 10 ildə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, əhalinin maddi rifah halının daha da yüksəldilməsini, milli iqtisadiyyatın inkişafının genişləndirilməsi və dayanıqlı iqtisadi inkişafın qorunub saxlanılmasını təmin edəcək.
Bəs, görəsən, Təhsil İnstitutu “Milli Prioritetlər 2030” ilə bağlı hansı hədəfləri müəyyənləşdirib?
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib ki, ölkə Prezidenti tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrin tələblərinə uyğun təhsil sisteminin məqsədlərinə çatmağı da əhatə edir:
“Sözügedən sənəddə təhsilə dair qeyd olunan strateji vəzifələri ayrı-ayrı başlıqlarla incələdikdə Təhsil İnstitutunun həmin vəzifələrə uyğun planlı iş apardığını görmək mümkündür. Təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun direktoru olarkən artıq bu istiqamətdə İnstitut tərəfindən bir çox fundamental işlərə start verilib.“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qeyd olunur ki, cəmiyyətin inkişafının təminatçısı olan ümumi təhsilin gücləndirilməsi üçün təhsil sistemində gedən modernləşmə davam etdirilməli, məzmun islahatları dərinləşməli, inteqrativ tədris təcrübəsi genişləndirilməlidir. Hal-hazırda bacarıq əsaslı və ya biliyin tətbiqinə əsaslanan təhsilə keçmək əsas prioritetdir. Məzmun islahatı ümumi təhsildə bir çox problemlərin həllini inteqrativ və sistemli şəkildə tələb edir. Məzmunun yenilənməsi ilə bağlı Təhsil İnstitutu Sinqapurun Alston nəşriyyat evi və Marşel Kavendiş İnstitutu ilə birgə fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində bu şirkətlər yuxarı siniflər üçün təbiət fənləri (V sinif təbiət fənni, VI-XI sinif fizika, kimya və biologiya), ibtidai siniflər üçün “Həyat bilgisi” fənninin və bütün siniflər üzrə riyaziyyat fənninin həm təhsil proqramlarının (kurikulumlarının), həm də dərslik komplektlərinin təkmilləşdirilməsi prosesinə cəlb olunmuşdur. Qeyd edək ki, V sinif üçün təbiət fənninin dərslik komplektinin yay aylarında hazır olması planlaşdırılır. 2021-ci ilin sonuna qədər isə I-V siniflər üzrə “Həyat bilgisi”, VI-XI siniflər üzrə fizika, kimya və biologiya və I-XI siniflər üzrə riyaziyyat fənlərinin təhsil proqramlarının hazırlanması nəzərdə tutulur. Eyni zamanda, yeni məzmuna uyğun olaraq müəllimlərin işə qəbul imtahanlarında cavablandırdığı suallar və müəllimə olan tələblər də nəzərdən keçirilməlidir”.
Erkən və məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilməlidir
Onun sözlərinə görə, Milli Prioritetlərə dair sənəddə ölkənin beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olmaq əsas vəzifələrdən biridir: “Adıçəkilən beynəlxalq qiymətləndirmələr tədqiqat xarakteri daşıyır və ölkələrə təhsil siyasətini formalaşdırmağa kömək edir. Təhsil İnstitutu ölkəmizdə beynəlxalq qiymətləndirmə tədqiqatlarının həyata keçirilməsində və nəticələrin tədqiq olunmasında əsas rol oynayır. İnstitutun bu fəaliyyət sahəsi ilə məşğul olan ayrıca şöbəsi də mövcuddur. Qeyd etmək lazımdır ki, ölkəmizdə tətbiq olunan bütün beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PISA, PIRLS, TIMSS) son illərdə irəliləyiş müşahidə olunmaqdadır. Ən yüksək yaxşılaşma isə TIMSS (riyaziyyat üzrə 463 (2011) - 515 (2019)) beynəlxalq qiymətləndirməsində müşahidə olunmuşdur. Məhz bu cür tədqiqatlar nəticəsində hansı istiqamətdə inkişafetdirici addımların atılması ilə bağlı fikir formalaşır. Amma əldə olunmuş müvəffəqiyyətlərlə yanaşı görüləcək işlər də hələ çoxdur. Belə ki, beynəlxalq qiymətləndirmələrdə şagirdlərimiz riyaziyyatdan nisbətən yaxşı nəticə göstərsələr də, təbiət fənləri üzrə nəticələrin qənaətbəxş olmadığını görürük. Təhsil İnstitutu tərəfindən hazırda təbiət fənlərinin məzmununun təkmilləşdirilməsi istiqamətində görülən işlər yaxın gələcəkdə nəticələrin yaxşılaşmasına zəmin yaradacaq”.
Direktor vurğulayıb ki, Milli Prioritetlərə dair sənəddə erkən və məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və mərhələlərlə müvafiq yaşda olan bütün uşaqları əhatə etməsi vəzifəsi xüsusilə qeyd edilib: “Son illərdə məktəbəqədər təhsillə bağlı böyük müvəffəqiyyətlər əldə olunub və burada Təhsil İnstitutunun rolu mühümdür. Belə ki, Təhsil İnstitutu nəzdində keçirilən pilot layihələr tədricən təhsil sistemimizə daxil olmaqdadır. Azərbaycan məktəbəhazırlığa cəlb olunmada artım sürətinə görə artıq UNICEF tərəfindən nümunə ölkə kimi göstərilir. Hazırda Təhsil İnstitutu nəzdində 3 ildir ki, UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi, Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən 3-4 yaşlı uşaqlar üçün “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi davam edir. Yeni model, ənənəvi bağça modelinə nisbətən iqtisadi səmərəlilik və əlçatanlıq baxımından böyük potensiala malikdir. Xüsusilə regionlarda olmaqla hazırda 500 qrupda 10.000-dək uşaq bu layihə çərçivəsində məktəbəqədər təhsilə cəlb edilib. Təhsil İnstitutunun “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi cari ildə də davam etdiriləcək və paralel olaraq, pilot layihənin optimal variant kimi təhsil sisteminə inteqrasiya olunması üçün maliyyələşmə modelləri üzərində təkliflər hazırlanacaq”.
Rəqəmsal texnologiyalar və yeni bacarıqlar təmin olunmalıdır
Onun sözlərinə görə, Milli Prioritetlər, eləcə də gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməsini, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqların, ixtisasların və peşələrin verilməsini vəzifə kimi müəyyən edir: “2019-2020-ci tədris ilindən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan “STEAM Azərbaycan” layihəsinin əsas məqsədi şagirdlərimizdə XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıq etmə, effektiv ünsiyyət, proqramlaşdırma və texnologiya savadlılığı, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsidir. Hazırda “STEAM Azərbaycan” layihəsi ölkə üzrə mərkəzlə yanaşı, Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 45 regionda 147 ümumtəhsil məktəbindən 25000-dən çox şagird və 800 müəllimi əhatə edir. COVID-19 pandemiyasının davam etməsinə baxmayaraq, layihə uğurla həyata keçirilir. Digər tərəfdən, düşünürük ki, yaxın gələcəkdə pandemiya bitsə də dünyada rəqəmsal təhsilə keçid sürətlə davam edəcək. Bu baxımdan, Təhsil İnstitutu rəqəmsal təhsilə dair strateji prioritetlərin müəyyən olunmasında da yaxından iştirak edir. Mövzu üzrə kiçik araşdırma aparılmış və müxtəlif ölkələrin təcrübəsinə baxılmışdır. Rəqəmsal təhsilin inkişafı üçün müvafiq hüquqi-normativ baza genişləndirilməlidir. Belə ki, təhsil müəssisələrinin rəqəmsal idarəolunmasının təmin edilməsi və mərkəzləşdirilmiş sistemlərin istifadəyə verilməsi vacibdir”.
Peşə və “ömürboyu” təhsildə əməkdaşlıq
Direktor həmçinin qeyd edib ki, Milli Prioritetlər peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislərin hazırlanmasını da vurğulayır: “Bildiyiniz kimi, son illərdə ölkədə peşə təhsilinin yenidən təşkili ilə bağlı geniş fəaliyyət göstərilir. Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bu işləri sürətlə və uğurla icra etməkdədir. Təhsil İnstitutu PTDA ilə səriştə əsaslı, Azərbaycanın milli kvalifikasiyalar çərçivəsinin tələblərinə uyğun məzmun tərtibatı istiqamətində əməkdaşlıq edir. Hazırda Avropa Təlim Fondu ilə yeni layihə üzərində işlər gedir. Layihədə milli kvalifikasiya çərçivəsinə uyğun olaraq, “Ömürboyu təhsil”ə dair hüquqi-normativ bazanın təkmilləşdirilməsi, kvalifikasiya və təlim proqramlarının tərtib olunması, kvalifikasiyaların qeydiyyatı və monitorinq sisteminin qurulması, özü öyrənmə səriştələrinin təsdiqi və “Ömürboyu təhsilə” uyğunluğunun təmin edilməsi, milli kvalifikasiyaların sertifikatlaşdırılması və peşə yönümü xidmətinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər nəzərdə tutulur”.
Ali təhsildə rəqabətliliyin təmin olunması
Təhsil İnstitutu növbəti illər ərzində ali təhsil müəssisələri (ATM) ilə əməkdaşlığın genişləndirilməsini də hədəfləyir. Rüfət Əzizov hesab edir ki, ATM-lər ilə məzmun, pedaqoji kadrların hazırlanması və tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq edə bilərlər: “2021-2022-ci tədris ilindən etibarən 7 universitetdə SABAH magistratura proqramları tədris olunmağa başlayacaq. Bu proqramların hamısı yeni kurikulum, tədris planı və müəllim hazırlığını tələb edən yeni peşələrlə əlaqəlidir. Bundan əlavə, SABAH magistratura tələbələri üçün əlavə təlimlər, tədqiqatlar, multidisiplinar innovativ layihələr həyata keçirmək və iş dünyası ilə əlaqə qurmaq üçün Təhsil İnstitutu nəzdində Tədris-Təlim Mərkəzi (TTM) yaradılır. Tələbələr mərkəzdə sistem düşüncəsi (systempreneurship), dizayn təfəkkürü, süni intellekt, tədqiqatçı menecer və daha fərqli təlimlərə qatılmaq imkanı əldə edəcəklər. Müxtəlif ixtisas və universitetlərdən cəlb olunan tələbələr birgə yeni məhsul və xidmətlərin dizaynı üzərində işləyəcək, prototiplər hazırlayacaq, sınaqdan keçirəcək, təkmilləşdirəcək və təqdim edəcəklər. Eyni zamanda, SABAH magistratura tələbələri digər ölkələrdə olan universitet innovasiya mərkəzləri ilə əlaqə qurmaq, mərkəzlərin “Mentorship” proqramlarında iştirak etmək imkanı qazanacaqlar. Milli Prioritetlərə əsasən ATM-lərin beynəlxalq rəqabətliliyini təmin edə biləcək əsas meyarlardan biri də tədqiqat mühitinin yaradılmasıdır. Konseptual deyil, tətbiqi tədqiqatların aparılması və data əsaslı tədqiqatlara keçidin təmin olunmasında mühüm işlər görülməlidir. Tədqiqat işlərinin aparılması həm də ATM-lər üçün ən böyük problem olan elmi-pedaqoji kadrların hazırlanması məsələsinin həllində də dəstək ola bilər”.