Tələbənin kirayə dərdi

15:34 22.08.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalıb. Tələbələr paytaxtda kirayə mənzil axtarışına başlayıblar. Qiymətlərin baha olması həm tələbələri, həm də onların valideynlərini çətin vəziyyətə qoyub. Yataqxanalarda isə vəziyyət ürəkaçan deyil.

Belə ki, bir çox universitetin yataqxanalarında hələ də keçmiş məcburi köçkünlər yaşayır, bəzi ali təhsil ocaqlarının yataqxanaları isə tələbələrin istifadəsinə verilsə də, tutumu kiçik olduğundan mövcud tələbatı tam ödəmir. Ekspertlər sentyabrın əvvəllərində bazarda tələbatın daha da artacağını və bunun qiymətlərə təsirsiz ötüşməyəcəyini proqnozlaşdırırlar.

Qiymətlər artacaq

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, sentyabr ayında tələbə axını nəticəsində kirayə evlərdə qiymət artımı gözlənilir: “Azərbaycan kirayə mənzil bazarında son illərdə daha çox təklif portfelinin məhdudlaşmasını, daralmasını müşahidə edirik. Kirayə mənzil kimi bazara çıxarılan ucuz mənzillərin sayı sürətlə azalır. Şəhərsalma prosesi sürətləndikcə bir və ya iki mərtəbəli yaşayış binaları söküntüyə məruz qalır. Eyni zamanda, köhnə mənzil fonduna aid olan bəzi çox mənzilli binalar da söküntüyə məruz qalır. Bu səbəbdən də biz xüsusi ilə kirayə mənzil bazarında təklif portfeylinin məhdudlaşması və daralmasını müşahidə edirik. Bunun müqabilində yeni tikililər inşa olunur və  bazara daha bahalı mənzillər daxil olur. Bütün indiki iqtisadi şərtlər kirayə mənzil bazarı üçün qiymət artımını şərtləndirir”.

Bazarda tələbat yüksəlib

Məsələyə münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, hər ilin avqust ayının təqribən 15-dən başlayaraq sentyabrın sonuna qədər paytaxt Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərə ciddi tələbat yaranır: “Bu, daha çox tələbələrin bölgələrdən ali təhsil müəssisələri üçün paytaxt və digər böyük şəhərlərə gəlməsi ilə əlaqədardır. Hazırda paytaxt Bakıda bölgələrdən gələn minlərlə tələbələr var. Bu da onu deməyə əsas verir ki, hər il minlərlə mənzil sırf tələbələr tərəfindən kirayələnir. Əmlak bazarında baş verən qiymət artımı kirayə mənzil bazarına da öz təsirini göstərir. Mənzillərin satış qiymətləri artdıqca onların kirayə qiymətlərində də artımlar müşahidə olunur. Artıq 2016-cı ildən başlayaraq, Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların söküntüsünə start verilib. Bu səbəbdən paytaxt ərazisində çox sayda köhnə, çoxmənzilli yaşayış binaları və fərdi evlərdən ibarət olan yaşayış massivləri sökülərək yeni tikili binalarla əvəzlənib. Binalar sökülərkən, həmin binalardakı kirayəlik mənzillər artıq kirayə bazarından çıxmış olur. Həmin mənzil sahibləri sökülən binalardakı daşınmaz əmlakının yerində yeni bina tikilib onlara ev verilən günə qədər, yəni təqribən iki-üç il ərzində özləri məcburən kirayədə qalırlar. Bu da artıq onların kirayələdikləri mənzillərin ən azından iki-üç il müddətinə həmin şəxslər tərəfindən istifadə olunmasına gətirib çıxarır”.

Problemdən çıxış yolu nədir?

Ekspert hesab edir ki, tələbə yataqxalarının yenidən tikilərək istifadəyə verilməsi mövcud problemi aradan qaldıra bilər: “Böyük ali təhsil müəssisələrinin hər birinin yataqxanası var. Bu yataqxanalarda Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə məcburi köçkünlər yerləşdiriliblər. Torpaqlarımız işğaldan azad olunub. Dövlət tərəfindən həmin məcburi köçkünlərin, demək olar ki, böyük əksəriyyəti öz rayonlarında evlə təmin olunublar. İşğaldan azad olunmuş ərazilərdə hazırda da tikinti-quruculuq işləri davam etdirilir. Bu proses çərçivəsində çoxsaylı yaşayış binaları inşa edilir. Çoxlu sayda məcburi köçkünlər mərhələli şəkildə öz yurdlarına köçürülür, yeni mənzillərlə təmin olunurlar. Bu şəkildə artıq yaxın gələcəkdə on minlərlə məcburi köçkünlərimiz öz evlərinə, yurd yuvalarına dönəcəklər. Düşünürəm ki, bir zamanlar tələbələr üçün tikilmiş həmin tələbə yataqxanalarının yerində yeni yataqxana binaları tikib istifadəyə vermək olar. Çünki həmin binaların hər biri demək olar ki, qəzalı vəziyyətdədir. Onları sökərək yerində daha müasir, çoxmərtəbəli, geniş tələbə yataqxanaları tikmək olar. Bununla da tələbələrin kirayə mənzil problemini həll etmək olar. Digər tərəfdən bu, kirayə mənzil bazarında da qiymətlərin nisbətən enməsinə gətirib çıxarda bilər”.

Tələbələr daha çox Yasamal və Nərimanovda ev axtarırlar

Onun sözlərinə görə, tələbələr mənzil kirayələmək üçün daha çox paytaxtın Yasamal və Nərimanov rayonlarına üz tuturlar: “Buna səbəb ali təhsil müəssisələrinin böyük əksəriyyətinin Yasamal rayonu ərazisində yerləşməsidir. Xarici ölkələrdən Azərbaycanda təhsil almaq üçün gələn əcnəbi tələbələr, xüsusən də Türkiyədən ölkəmizə gələn tələbələr Bakının Nərimanov rayonunda məskunlaşırlar. Ona görə də bu iki rayonda mənzillərin aylıq kirayə qiymətləri digər ərazilərə nisbətən daha bahadır, tələbat da daha çoxdur. Düşünürəm ki, yaxın gələcəkdə bu tələbələrin ev problemi həll olunarsa, yəni tələbələr üçün yataqxanalar tikilərsə, kirayə mənzil bazarında qiymət enmələri müşahidə oluna bilər. Digər tərəfdən, paytaxt sakinləri arasında kirayə mənzil axtaranlar da əziyyət çəkməzlər”.

Birotaqlı mənzillərin kirayəsi 300 manatdan başlayır

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, hazırda kirayə evlərin qiymətləri stabildir: “Ancaq tələbələrin kirayə ev axtarışının başlaması birlikdə bu ayın axırından etibarən stabillik pozulacaq. Bu dəyişiklik davam edə bilər, çünki ötən illərdə artan qiymətlərin sonradan enmədiyi müşahidə edilib”.

 Onun sözlərinə görə, evlərin qiymətləri artdığı üçün kirayələrin də qiyməti artacaq: “Sentyabrın əvvəllərindən başlayaraq evlərin qiymələrində 50-100 manat civarında artımlar olacaq. Hazırda köhnə tikililərdə birotaqlı evlərin kirayə qiyməti 300, ikiotaqlıların 400, üçotaqlıların isə minimium 500 manatdan başlayır, əşyalı olan evlərin isə qiyməti digərlərindən 50-100 manat daha bahadır”.

Yataqxanalarda qiymətlər

Qeyd edək ki, yataqxanalarda qiymətlər şəraitə görə dəyişir. Məsələn, Bakı Dövlət Universitetinin 5 mərtəbəli, 220 yerlik tələbə evində bir nəfər üçün aylıq ödəniş 75 manatdır. Memarlıq və İnşaat Universitetinin 112 otağı olan və hər il 252 tələbə qəbul edilən təbələ şəhərciyində isə aylıq qiymət 40 manat təşkil edir.  Azərbaycan Tibb Universitetinin 4 yataqxanası mövcuddur. Yataqxanalar oğlan, qız və xarici tələbələr üçün ayrılıqda bölünüb. Tələbənin qalması üçün  968 yer mövcuddur. Qiymətlər 50-80 manat arasında dəyişir. Universitet yataqxanasında otaq tutumu 1 nəfərlik, 2 nəfərlik, 3 nəfərlik və 4 nəfərlik olaraq bölünür. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 320 nəfərlik tələbə şəhərciyi fəaliyyət göstərir. Burada hər otağın qiyməti 100 manatdır. Otaqlar 2, 3 nəfərlikdir.