Telman İsmayılovun Moskvadakı sarayı 30 milyon dollara satıldı

10:40 03.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Varlılar dünyasının sürətlə eniş-qalxış etdiyi Rusiyada, simvolik də olsa, milyarderlər mülk dəyişdirməkdə davam edir.
Hafta.az-ın yazdığına görə, özbək əsilli rusiyalı milyarder Əlişir Usmanovun şirkəti Moskvanın ən bahalı rayonu olan "Vorobyovı Qorı"dakı iki qatlı "Safisa" şadlıq sarayını satın alıb. Bu şadlıq sarayı Moskva milyonçularının övladlarına toy şənlikləri etməklə ad çıxarıb.
Məlumata görə, adıçəkilən şadlıq sarayı 2015-ci ilədək "Çerkizov" bazarının sahibi olmuş Azərbaycan əsilli rusiyalı milyarder Telman İsmayılova aiddir. Amma iflas edərək Rusiyanı tərk edən, haqqında cinayət işi açılan və axtarışda olan Telman İsmayılov Monteneqroya qaçaraq siyasi sığınacaq alıb. 
Bu arada, Rusiya media qaynaqları yazırlar ki, İsmayılovun Moskvadakı şadlıq sarayını Usmanovun "Metalloinverst" şirkəti alıb. 
2005-ci ildə tikilmiş iki qatlı saray 4 min kvadratmetr əraziyə malikdir. Eyni anda 600 nəfəri qonaqlayan sarayın içi olduqca lüks tərtib edilib. Hətta binada olan şahidlər deyirlər ki, bura Sankt Peterburqdakı Ermitaj muzeyindən qətiyyən fərqlənmir. VİP toyların, oliqarx ad günü tədbirlərinin və böyük şirkət ziyafətlərinin vazkeçilməz məkanı olan sarayda vaxtilə Cenifer Lopezdən tutmuş Alla Puqaçovayadək bir çox dünyaşöhrətli sənətçilər səhnə alıblar.  
Sarayın bir gecəlik icarəsi ən aşağı 40 milyon rubl civarında olub.
Usmanovun bu sarayı 30 milyon dollara aldığı bildirilir.