Tokayev Azərbaycan-Qazaxıstan-Türkiyə görüşünün keçirilməsini təklif edib

20:16 12.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı ənənəni davam etdirməyə və Aktauda Azərbaycanla üçtərəfli görüş keçirməyə dəvət edib. Hafta.az bildirir ki, bu barədə çərşənbə günü Astanada Qazaxıstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasından sonra Qazaxıstan prezidentinin mətbuat xidmətində məlumat verilib.

"Bu ilin iyununda Bakıda üçtərəfli formatda görüş keçirilib. Biz bu ənənəni davam etdirmək niyyətindəyik. Növbəti görüşün Aktauda keçirilməsini təklif edirik", - Tokayev bildirib.
İki ölkə liderləri Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Çindən Avropaya uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı ilə bağlı da qarşılıqlı anlaşma əldə ediblər.

Tokayev tərəflərin bu marşrut üzrə nəqliyyatın həcminin artırılmasında maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, bu strateji layihə regionda sabitliyin qorunması üçün böyük əhəmiyyət kəsb edir. "Bu il yeddi ayda bu marşrut üzrə daşımaların həcmi 2,5 dəfə artaraq 1 milyon tona çatıb. Bu kontekstdə dövlətlərimizi birləşdirən "Orta Dəhliz"in (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı nəzərdə tutulur”, - deyə o əlavə edib.
Ərdoğan öz növbəsində Aktauda keçirilən görüşün ölkələr arasında iqtisadi əməkdaşlığa müsbət təsir edəcəyinə ümid etdiyini bildirib: "Bakıda keçirilən üçtərəfli görüş uğurlu keçdi. Ümid edirik ki, Aktau görüşü bu işin irəliləməsinə kömək edəcək".

Siyasət rubrikasından digər xəbərlər