Tretyakov qardaşlarının evi 3 milyard rubla satılır

11:00 13.08.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qızıl Meydanın yaxınlığında yerləşən, 1892-ci ildə Pavel və Sergey Tretyakov qardaşları tərəfindən tikilən məşhur ticarət evi 3 milyard rubla satışa çıxarılıb. Kuznetskiy Most və Rojdestvenka küçələrinin kəsişməsində yerləşən bu dördmərtəbəli binanın sahəsi 6500 kvadratmetrdir. Qardaşlardan biri olan Pavel həm də Rusiyanın dünyaca məşhur Tretyakov Muzeyinin yaradıcısı olub.

Hafta.az-ın yazdığına görə, tarixi Tretyakov Ticarət Evi Moskvanın mədəni irs obyektlərindən biri hesab olunur və regional mədəni irs statusuna malikdir. Hazırda tamamilə boş olan bina yeni sahibi tərəfindən dərhal istifadəyə verilə bilər. Hazırkı mülk sahibi "Gals Development" binanı ya otel kimi istifadə etməyi, ya da birinci mərtəbəni ticarət sahəsi, yuxarı mərtəbələri isə ofis kimi icarəyə verməyi təklif edir.

Binanın girişində rəngarəng mərmər mozaika ilə örtülmüş böyük zal, nəfis mərmər məhəccərlərlə bəzədilmiş pilləkən, tavanlarda detallı suvaq işləri və qızılı üzlənmiş çilçıraqlar diqqəti cəlb edir. Bundan əlavə, divarlardakı qobelenlər binanın tarixi ab-havasını tamamlayır. Yuxarı mərtəbələrdə müasir ofis otaqları açıq ofis konsepsiyasına uyğun dizayn edilib və işçilər üçün rahat iş şəraiti təklif edir.

Ticarət Evi Moskvanın məşhur memarlarından olan Aleksandr Kaminski tərəfindən layihələndirilib. Kaminski həm də Tretyakov Qalereyası və Rus Akademik Gənclər Teatrı kimi bir çox mühüm binaların memarıdır. Binanın tarixi boyu burada bir çox müxtəlif qurumlar fəaliyyət göstərib. Əvvəlcə “Lyon Kredit Bankı” və “Datsiaro” incəsənət mağazası, daha sonra isə inqilabdan sonra Xalq Komissarlığı və Federal Prokurorluq bu binada olub.

2007-2011-ci illər arasında aparılan bərpa işləri ilə binanın tarixi detalları böyük səliqə ilə yenilənib. Mozaika döşəmələri, pilləkənlər, eyvanlar və 19-cu əsrin sonlarına aid orijinal çilçıraq bərpa edilib. Bundan əlavə, binanın divarlarını bəzəyən qobelenlərin nüsxələri çoxaldılıb, binanın fasadı və mis dam örtüyü orijinal formasına qaytarılıb.