Rusiya prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin MDB çərçivəsində rus dilini təbliğ edən beynəlxalq təşkilat yaratmaq təklifini dəstəkləyib.
Hafta.az bildirir ki, cümə günü MDB-nin qeyri-rəsmi sammitini açan Rusiya dövlətinin başçısı Tokayevin Birliyin himayəsi altında “rus dilini dəstəkləyən və təbliğ edən beynəlxalq təşkilat” yaratmaq ideyasına diqqət çəkib.
“Biz buna görə prezident Tokayevə çox minnətdarıq, mən hesab edirəm ki, bu, hamı üçün vacibdir, nəzərə alsaq ki, rus dili mütləq dövlətlərarası ünsiyyət dilidir”, - Putin bildirib.
Rusiya Federasiyasının Prezidenti hesab edir ki, bu ideyanın həyata keçirilməsi “praktiki əhəmiyyətə malikdir, nəzərə alsaq ki, milyonlarla MDB vətəndaşı Rusiyada işləyir, inkişaf planlarının həyata keçirilməsində Rusiyaya kömək edir və özləri ailələrini dolandırmaq üçün lazımi vəsaiti qazanırlar”.
“Əlbəttə, biz Qazaxıstanın təklifini dəstəkləyirik və öz növbəmizdə onun mümkün qədər tez həyata keçirilməsi üçün hər şeyi edəcəyik”, - deyə Rusiya dövlət başçısı bildirib.