“Türk dövlətləri arasında əməkdaşlıq dinamik inkişaf etməkdədir. Türk Dövlətləri Təşkilatının yaradılmasının əsas motivi türk xalqları arasında təmasların qurulmasından, inkişaf etdirilməsindən, yeni əməkdaşlıq istiqamətlərinin müəyənləşdirilməsindən ibarət idi”.
Bunu Hafta.az-a Milli Məclisin deputatı Elşad Mirbəşir bildirib.
Qeyd edib ki, 2009-cu ildə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması bu istiqamətdə fəaliyyətin institutsional çərçivəyə keçilməsi baxımından çox təsirli rol oynayıb. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanmış razılaşmaya əsasən TDƏŞ gələcək təsirli nüfuzlu beynəlxalq təşkilata aparan yolun başlanğıcını qoymuş oldu.
“Ötən zamanlara diqqət yetirsək görərik ki, Türk Dövlətləri Əməkdaşlıq Şurası 2021-ci ilə qədər olduqca əhəmiyyətli bir yol keçmişdi. 2021-ci ilə qədər, yəni TÜrk Dövlətləri Təşkilatının yaradıldığı zamana qədər Əməkdaşlıq Şurası çərçivəsində türk dövlətləri arasında kifayət qədər təmaslar qurulmuşdu. Eyni zamanda türk dövlətlərinin ümumi inkişaf və əməkdaşlıq strategiyasının elementləri də formalaşdırılmışdı. Türk dövlətləri arasında təmasların intensivləşdirilməsi təbii ki, uyğun olaraq türk dövlətləri arasında iqtisadi, ticari əlaqələrin də tam oturuşmasını şərtləndirmişdi”.
E.Mirbəşir bildirib ki, 2021-ci ildə Türk Dövlətləri Əməkdaşlıq Şurasının təsis edilməsi artıq onun göstəricisi idi ki, türk dövlətləri oturuşmuş bir beynəlxalq təşkilat çərçivəsində öz əməkdaşlıqlarını, təmaslarını davam edəcəklər.
“Azərbaycanın dəstəklədiyi xarici siyasət xətti hər zaman ondan ibarət olub ki, türkdilli dövlətlər arasında inteqrasiya maksimum inkişaf etsin. Azərbaycan Prezidenti Astana sammiti çərçivəsində bir daha təşkilatla bağlı dövlətimizin baxışlarını sərgiləmiş oldu və ümumiyyətlə, 2020-ci ilə Vətən Müharibəsindən sonra keçdiyimiz yol haqqında aydın təsəvvürlər formalaşdırdı. Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində rolunun, prioritetlərinin nədən ibarət olduğu Zirvədən bir daha səsləndirildi”.